Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 06:01

İsa Qəmbər: «Diktator olmaq göründüyü qədər çətin deyil...»


Proqramın birinci saatında, efirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər aparıcı Xədicə İsmayılovanın və dinləyicilərinin suallarına cavab verdi. Söhbətə tam olaraq səs yazısında qulaq asmaq, xüsusi əlavədə onun tam mətni ilə tanış olmaq mümkündür

Mövzu: PARLAMENT SEÇKİLƏRİNƏ KİM NECƏ HAZIRLAŞIR?

Studiyada Müsavat Partiyasının başqanı İsa Qəmbər, aparıcı Xədicə İsmayılova

Efirdə olan söhbətdən bir parça:

Xədicə İsmayılova: Amma bu sualları verərkən, bu iddiaları ortaya qoyarkən, həm də əmin olmaq lazımdır ki, siz olsaydınız başqa cür olardı, siz olsaydınız daha yaxşısını edərdiniz, belə əminlik varmı?

İsa Qəmbər: Təbii. Ən yaxşısı o olardı ki 93- cü ildə İlham Əliyevin atası hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməyəydi, Azərbaycanda demokratik hakimiyyət davam edəydi.

Əgər Azərbaycanda demokratik hərəkat davam etsəydi Azərbaycan çoxdan Qarabağ məsələsini də həll etmişdi, infrastruktur məsələləri də həllini tapmışdı və Azərbaycan tamamilə normal ölkəyə çevrilmişdi.

Xədicə İsmayılova: Amma sizə də irad tuta bilərlər ki sizin AXC ilə birlikdə hakimiyyətdə olduğunuz dövr heç də yolların təmizliyi, çörək növbələrinin olmaması ilə yadda qalmayıb. Yəni problemlər o vaxt da var idi.

İsa Qəmbər: Mən bilmirdim ki, AzadlıqRadiosunun əməkdaşları da Əliyev rejiminin uydurduqları əfsanələrə inanmağa başlayıblar. Bizim bir illik hakimiyyət dövrümüzdə yenicə çökmüş iqtisadiyyata sahib olan, müharibə aparan bir rejim olaraq bir ildə görülən bütün müsbət işlərin səviyyəsi də, keyfiyyəti də Əliyev rejiminin 17 illik fəaliyyətindən qat-qat yüksəkdə dayanır. Hesab edirəm ki o dövrü yaşamayan gənclər, yenuyetmələr, qərəzli insanlar AXC hakimiyyəti dövrünə bu cür qərəzli qiymət verə bilərlər.

Xədicə İsmayılova: Siz yenə bir balaca tənqid eşidən kimi bütün bunları uydurma adlandırırsınız. Bəlkə nə vaxtsa səhvləri etiraf etmək lazımdır?

İsa Qəmbər: Səhvlər olur. İş olan yerdə, səhv də olur. Amma bizim bir illik hakimiyyətdən 17 il keçəndən sonra yenə də indiki rejim, indiki hakimiyyət özünün həll edə bilmədiyi problemləri bizim boynumuza atmağa çalışanda və bəzən kimlərsə buna rəvac verəndə, təbii ki, bu bir balaca qəribə görünür.

Xədicə İsmayılova: Mən bilmirəm, kim kimə rəvac verir, amma hər halda mənim kifayət qədər yaşım var ki o vaxt durduğum çörək növbələrini xatırlayam.

İsa Qəmbər: Yaxşı iş görməyiblər sizin kimi xanımı çörək növbəsinə göndərməkdə, amma mənə elə gəlir ki siz şişirdirsiniz.

Xədicə İsmayılova: Sizə elə gəlir ki, biz şişirdirik?

İsa Qəmbər: Amma yenə də seçin, Elçibəy hakimiyyəti və İlham Əliyev, Heydər Əliyev hakimiyyəti. Hansı sizə xoş gəlirsə onu seçə bilərsiniz. Bu sizin ixtiyarınızdadır.

Xədicə İsmayılova: Amma söhbət şəxsən mənim seçimimdən getmir.

İsa Qəmbər: Həm də sizin seçimininizdən gedir. Bizim hakimiyyətə kölgə atmaqla siz indiki hakimiyyətin işinə rəvac vermiş olursunuz.

Xədicə İsmayılova: Niyə siz hökmən müqayisədə yaxşı olduğunuzu sübut etmək istəyirsiniz. Sadəcə yaxşı olmaq olmazmı?

İsa Qəmbər: Müqayisəni siz başladınız. Mən Əliyev dövrünü tənqiddən başladım siz isə müqayisəyə gətirdiniz. Odur ki müqayisəni mən başlamadım.

Xədicə İsmayılova: Sadəcə demək istədim ki, əminsinizmi ki daha fərqli olardınız?

İsa Qəmbər: Əminəm, və əslinə qalsa qərəzsiz insanların hamısı da bilirlər ki, Azərbaycanda demokratik proses davam etsəydi Azərbaycanda vəziyyət indikindən qat-qat yaxşı olardı və köklü problemlər də həll olardı.

Xədicə İsmayılova: Kimlər qərəzlidir, kimlər qərəzli deyil - bunu necə müəyyənləşdirirsiniz? Sizə tənqid tuşlayan insanları qərəzli adlandırırsınız, yoxsa başqa meyarlar da var?

İsa Qəmbər: Müxtəlif meyarlar var, ən önəmli meyar siyasi maraqların olmamasıdır. Siyasi maraqları olmayan insanlar təbii ki, bir qayda olaraq məsələyə daha obyektiv yanaşırlar və obyektiv qiymət verirlər.

(Söhbətin tam mətnini burada oxu və ya aşağıdakı səs fayllarında dinlə)







XS
SM
MD
LG