Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:21

200-dən artıq zəhərlənmə, 60-dan çox ölüm…


Son bir neçə ayda Azərbaycanda 200-dən artıq dəm qazından zəhərlənmə faktı qeydə alınıb
Son bir neçə ayda Azərbaycanda 200-dən artıq dəm qazından zəhərlənmə faktı qeydə alınıb
- Qardaşımgilə 2 gün zəng eləsəm də telefona cavab verən olmadı. Oğlumla onların evinə getdik. Qapını açanda döşəmə-tavan, yorğan-döşək qapqara tüstü içindəydi. Qardaşımla anamı isə yataqlarında artıq keçinmiş gördük.

Bu sözləri dekabrın 21-də vəfat etmiş Məmmədov Vaqifin qardaşı Bakı sakini Vidadi Məmmədov deyir. Onun sözlərinə görə, faktla bağlı araşdırma aparan Səbail rayon Prokurorluğundan onlara bildiriblər ki, ölümlərə səbəb dəm qazıdır.

V.Məmmədovun bildirdiyinə görə, qardaşının evi çörəkbişirmə sexinin yaxınlığındadır. Məhəlləyə gələn mərkəzi qaz xəttinin açarı da elə həmən çörək sexinin həyətindədir:

- Qaz şam kimi yanırdı. Çörək sexinin sahibləri qazı istədikləri zaman açıb, istədikləri zaman bağlayırdılar.

Hələlik faktla bağlı heç kim məsuliyyətə cəlb olunmayıb. Ancaq mərhumların qohumları ümid edir ki, günahkar tapılacaq.

200-DƏN ARTIQ ZƏHƏRLƏNMƏ, 60-DAN ÇOX ÖLÜM…


Ancaq bu, son payız-qış mövsümünün qaz zəhərlənməsilə bağlı tək fakt deyil. Statistikaya görə, son bir neçə ayda Azərbaycanda 200-dən artıq dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Bunlardan 60-dan çoxu ölümlə nəticələnib. Ölənlər arasında xarici ölkə vətəndaşları da var.

Respublika Prokurorluğunun mətbuat xidmətinin başçısı Eldar Sultanov isə bildirir ki, faktların miqyası geniş olduğu üçün baş prokuror bir neçə gün öncə keçirilən toplantıda qaldırılan cinayət işlərinin dəqiq araşdırılması ilə bağlı xüsusi göstəriş verib:

FAKTLARIN HƏR BİRİ CİDDİ ARAŞDIRILIR

- Havaların soyuması qaza tələbatı da artırıb. Vətəndaşların qazdan istifadə qaydalarına əməl etməmələri, normativlərə uyğun olmayan qızdırıcılardan istifadə edilməsi, səlahiyyətli orqanların nəzarəti həyata keçirməməsi səbəbindən qaz partlayışından, dəm qazından zərər çəkənlərin sayı artıb. Bu faktların hər biri ciddi araşdırılır. Bununla bağlı həm «Azəriqaz» İstehsalat Birliyinə (İB), həm Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

«Dəm qazı insanı 7 dəqiqəyə boğur. Dəm qazının yaranma səbəbi isə həm təbii qazın standartlara uyğun olmaması, ən əsası isə bu sahəyə nəzarətsizlikdir».

Normativlərə uyğun olmayan qızdırıcılardan istifadə edilməsi səbəbindən qaz partlayışından, dəm qazından zərər çəkənlərin sayı artıb
Bu sözləri isə artıq ləğv olunan «Bakqaz» İstehsalat Birliyinin keçmiş rəis müavini Nüsrət Qasımov deyir. Onun fikrincə, rəsmilərin bir qayda olaraq vətəndaşları səhlənkarlığa görə qınaması doğru yanaşma deyil:

DƏM QAZI İNSANI CƏMİ 7 DƏQİQƏYƏ BOĞUR


- Vətəndaşlar informasiyasızdır. Onlar təmir zamanı mətbəxdə, vanna otağında ventilyasiya sistemini qapadır, bu isə təbii qaz yanarkən ayrılan zəhərli maddələrin qapalı məkanlara dolmasına səbəb olur. Dəm qazı insanı cəmi 7 dəqiqəyə boğur. Sovetlər dönəmində tüstü bacalarını yoxlayan xüsusi qurum var idi. Xüsusən mənzillərin az havalandırıldığı qış mövsümündə onlar davamlı olaraq bacaların keçiriciliyinin normada olub-olmadığını yoxlayırdılar. İndi isə bu məsələ başlı-başına qalıb.

Nüsrət Qasımov deyir ki, hər bir faktın səbəbi müxtəlif olsa da, faciələr daha çox əhaliyə verilən təbii qazın təzyiqinin stabil olmamasından, yetərincə təmizlənməməsindən baş verir.

«Azəriqaz» İB-nin mətbuat xidmətinin başçısı Kamandar Eyvazlı isə son zamanlar əhalidən təbii qazın keyfiyyətilə bağlı şikayətlərin də azaldığını bildirir:

BACALARI YOXLAYACAQ QURUM YARADILIB

- Nəzarətsizlik məsələsinə gəlincə, artıq bacalara, ümumilikdə qaz avadanlıqlarının standartlara uyğunluğunu yoxlayacaq yeni qurum yaradılıb. Çox yaxın zamanda bu sahəyə nəzarət gücləndiriləcək.

Nüsrət Qasımov isə düşünür ki, nəzarətlə bağlı istənilən sayda qurum yaradıla bilər. Ancaq ən əsası vətəndaşların bu sahə ilə bağlı informasiyalarının artırılmasıdır. Onun sözlərinə görə, indiki durumda hökumətin belə faciələrin qarşısını almaq üçün görməli olduğu işlər sırasında ən birinci bu məsələ dayanmalıdır.
XS
SM
MD
LG