Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:53

QƏMLİ CÜMƏ AXŞAMI...və ya “N” saylı qorxu


Bu nə başlıqdı yazdım? Qəmsiz cümə axşamı olurmu? Yəqin ki, olur.

Zavallı 4-cü günümüz! Üstünə elə ağır yük qoyulub ki...Çətin o yükün altından çıxa bilsin...

Son köşə yazımı - “Bakı göz yaşlarına inanmır”ı yazanda, heç düşünməzdim ki, 3 gün keçməmiş daha bir cavana ağı deməli olaram. “Qəm qəm gətirir” - düzmüş.

Bu gün işə çıxmamışam. Ancaq nə fərqi var. Jurnalist hətta yuxusundan da yazı çıxara bilirsə, demək, işləmək üçün işə getmək heç də əsas deyil.

Bu gün “N” saylı hərbi hissədə baş verən qanlı olayda həyatını itirmiş Vasif Sadıxovun Bakıdakı mənzilində verilən Cümə axşamındayam. Vasif artıq Ağdaşda, ata yurdunda dəfn olunub.

Vasif Sadixovun fotosu

Vasifin ömür yoldaşı mənim dayım nəvəsidir.

Nüşabənin cəmi 35 yaşı var.

Vasifin 36 yaşı fevralın 23-də tamam olacaqdı...

Onların 3 uşağı var. İkisi qız, biri oğlan. Qızlar 10 və 12 yaşlarındadır. Oğlan lap körpədir. Bir yaşı tamam ola, ya olmaya...

Vasif 1992-ci ildən hərbi çağırışa yollanıb, Qarabağ müharibəsində döyüşüb. İki dəfə kontuziya alıb. Hərbi məktəbdə oxuyub. Həmişə sayılıb-seçilib. Ötən il ağır qəza keçirib. Qayınanası - dayım qızı deyir ki, Əzrayıl onu sanki izləyirdi, qəzada ölümdən döndü, 10 tikiş qoymuşdular başına.

Qayınanası onu tərifləməkdən usanmır, nə qədər ağıllı, tərbiyəli, ailəcanlı olduğunu yana-yana söyləyir. Bütün həyatı yoldaşı ilə, uşaqlarla birgə müxtəlif hərbi hissələrdə, kirayə evlərdə keçib. Yaxınlarının “uşaqlar yazıqdır, düz-əməlli məktəb də görmürlər, yığış evinə” qınağına, “Mən torpağı, Vətəni qoruyuram” cavabını verirmiş.

O müdhiş hadisə baş verən gün Vasif oturub nə isə yazırmış. İçəri girənlərin otaqdakıları güllələdiyini görən kapitan özünü atəş açanın üstünə atıb silahı ondan almaq istəyir. Avtomatın ağzı onun boğazına dirənir və...Onu Gəncəyə çatdırırlar, yolda hələ sağ imiş. Ancaq bu son döyüşdə axıracan duruş gətirə bilmir kapitan Sadıxov. Gəncəyə çatmamış canını tapşırır.

Əzizlərinin bildiyi, eşitdiyi təkcə budur. Qalanı müəmmadır. Deyilənə görə, hadisə baş verən an Vasifin olduğu otaqda bir nəfər yuxarıda çarpayıda yatırmış. Səsə oyanıb. Nə görübsə, o görüb. Onu da aparıblar. Gördüm deyən yoxdur...

Bir də, hərbi hissə həkiminin “Sadıxovu qurtara bilmədim!” deyibən nalə çəkdiyini eşidiblər.

Hə, bir də, son məzuniyyətdən sonra hərbi hissəyə həvəssiz dönməsi yaddaşlarda qalıb. “Heç uşaqlardan doymadım” deyirmiş kapitan Sadıxov. Amma yenə iş başına, Xoşbulağa (ada bax!) dönməli olub. Son yolçuluğun məkanı bura olacaqmış...

“N” saylı qorxudan bu qədər.

XS
SM
MD
LG