Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 16:18

«Sizlər bu millətin dünyəvi idarə olunması üçün təhlükəlisiniz»


«Sizi müdafiə edirəm, sizlər bu millətin dünyəvi idarə olunması üçün təhlükəlisiniz».

«İşdən sonra»nın qonaqları olan ekspertlər Elşad Miri və İbrahim Bayandurlu 13 fevralda dindarlarla polis arasında baş verən qarşıdurma ilə bağlı münasibətlərini bildiriblər.

Elşad Miri:

- Əgər bu gün dindarlar hər hansı bir fəaliyyətlə məşğul olurlarsa, bu gün onları qorumaq adıyla hansısa bir partiya hansısa dini ad qoyaraq ortaya çıxırsa, burada artıq dindən istifadə etmək hadisəsi var.
Elşad Miri
Həmin o saf namaz qılan gənclərdən istifadə olunur. Bu gün indiki şəraitdə hansısa yürüş keçirilməsi və ya hansısa şüar səsləndirilməsi doğru deyil. Bunun nəticəsini bilə-bilə belə şeylərə qol qoymaq nə qədər doğrudur. Biz bilirik ki, Naxçıvanda müəyyən hadisələr oldu, məhərrəmlikdə keçirilən aksiyalarda fikirlər səsləndirildi, sonralar qanvermə aksiyası keçirildisə niyə bunu nümayişkaranə şəkildə, bu cür keçirmək lazım idi. Bəzi məscidlərdə müəyyən problemlər oldu, bəzi məscidlər bağlanıldı, təmir adı altında insanların ibadət etməsi məhdudlaşdırıldısa, ola bilsin bu provokasiyadır və bu təhlükəli nəticələr doğura bilərdi.

Proqrama telefonla qoşulan Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov və İslam Partiyasının nümayəndəsi Hacı Vaqif də öz münasibətlərini bildiriblər:

Ehsan Zahidov:

- Polis ictimai asayişi mühafizə edib, onun pozulmasına yönəlik qanunazidd hərəkətlərin qarşısını alıb. Polis həddini aşmayıb, əksinə xidməti vəzifəsini yerinə yetirən polisə xəsarətlər yetirilib, onların qanuna çağırışlarına məhəl qoyulmayıb. İctimai asayişin pozulmasına yönəlik hərəkət olan yerə polis cəmləşib bunun qarşısını almalıdır. Polisin də vəzifəsi budur. Buna baxmayaraq qanuni vəzifəsini yerinə yetirən polisə küt alətlərlə cavab verir və öz dövlətinin asayişinin keşiyində olan polisə xətər yetirirlər.

Hacı Vaqif isə deyib ki, bu yürüş gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə yönəlib:

- 13 fevral sevimli peyğəmbərimizin vəfat günü və imam Əlinin şəhadət günüdür. Bununla bağlı Azərbaycanın hər yerində əzadarlıq məclisi keçirilirdi, ehsanlar verildi. Füzuli meydanının yanında Hacı Sultanəli məscidi var. Gənc dindarlar günorta namazını qılıb Füzuli meydanına yığılıb, Şəhidlər Xiyabanına getmək istəyiblər.
İbrahim Bayandurlu
Məqsədləri o olub ki, Xocalı faciəsinə az qalıb və Azərbaycan torpaqları işğal altındadır, bu minvalla onlar əzadarlıq keçirməklə Azərbaycanda vətənpərvərlik ruhunu yüksəldir.

İbrahim Bayandurlu isə Hacı Vaqifin fikirlərinə cavab verib:

- İslam Partiyasının sədr müavinini dinlədikcə içimə qorxu gəlir ki, əcəba bunlar hakimiyyətə gəlsələr konstitusiya, demokratiya kimi dəyərlərə hörmət edəcəklərmi? İslam Partiyası həmin partiyadır ki, onun sədri casusluqla məsuliyyətə cəlb edilmişdi. Onların məqsədi dini dövlət yaratmaqdır. Dini hisslərin mobilizasiyası vasitəsilə vətənpərvərliyin aşılanması gəncliyimizə zərərli bir vasitədir. Vətənpərvərliyin dünyəvi düsturu lazımdır bizim millətə. Baxmayaraq ki, haqqınız tapdanıb sizi müdafiə edirəm, sizlər bu millətin dünyəvi idarə olunması üçün təhlükəlisiniz.

DAHA ARTIQ BİLMƏK İSTƏYİRSİNİZSƏ PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG