Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:23

Türkiyədə 70 min qanunsuz erməni miqrant var


Türkiyədə ermənilərə aid Axtamar kilsəsi
Türkiyədə ermənilərə aid Axtamar kilsəsi
Ermənilərin Türkiyəyə miqrasiyası Ermənistan 1991-ci ildə müstəqillik qazandığı vaxtdan sonra başlayıb. Ermənilərin Türkiyəyə gəlişi isə 2002-2007-ci illərdə xüsusilə artıb.

RƏQƏMLƏR ŞİŞİRDİLİRMİ?


Türkiyədə qanunsuz erməni miqrantların olmasını ilk dəfə 2000-ci ildə Tansu Çillər çıxışında vurğulamışdı. Həmin vaxt Çillər demişdi ki, əgər Amerika erməni genosidi iddiasını tanısa, Türkiyədəki qanunsuz yaşayan 30 min erməni ölkədən çıxarılacaq. 2005-ci ildə isə o vaxtkı xarici işlər naziri Abdulla Gül bu rəqəmin 40 min olduğunu bildirmişdi. Bundan bir il sonra Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Yaşar Yakış Türkiyədə 70 minə qədər qanunsuz erməninin olduğunu bildirmişdi.

Yaxınlarda isə baş nazir Rəcəb Teyyub Ərdoğan Türkiyədə 170 min erməninin olduğunu, onlardan 70 mininin qanunsuz miqrant olduğunu deyib.

Bütün bunlar haqqında Türkiyədə qanunsuz yaşayan ermənilər haqqında araşdırma aparmış Alin Ozinyan İstanbulda keçirdiyi mətbuat konfransında məlumat verib. Ozinyan deyib ki, dövlət rəsmiləri Türkiyədəki ermənilərin dəqiq sayını müəyyən edə bilmirlər. Bəzən isə onların sayı siyasi məqsədlər üçün qəsdən şişirdilir. Ozinyan deyib ki, bunu Türkiyəyə gələn və gedən vətəndaşların siyahısından görmək olar. Bu rəqəmlər göstərir ki, Ermənistandan gələn, ancaq qayıtmayanların sayı təxminən 6000-dir. Bu rəqəm maksimum 10 min ola bilər.

MƏQSƏD ERMƏNİ MİQRANTLARIN PROBLEMLƏRİNİ AŞKARLAMAQDIR

Türkiyədə nəşr olunan həftəlik «Aqos» qəzeti isə Türkiyədəki qanunsuz yaşayan ermənilərin sayının 12 -14 min olduğunu yazır. Ozinyan araşdırmasının əsas məqsədi isə erməni miqrantların sosial-hüquqi problemlərini müəyyənləşdirmək olub. Erməni icmasını ən çox narahat edən miqrantların uşaqlarının təhsil ala bilməməsidir. Məktəbə gedə bilməyən uşaqlar isə vaxtlarını küçələrdə avaralanmaqla keçirirlər ki, onların cinayətə qurşanma riskləri daha çoxdur.

Araşdırmadan o da məlum olub ki, Türkiyəyə axışan ermənilərin çoxunda gəlməzdən öncə qorxu hissi olub. Ancaq sonradan bu hiss yoxa çıxıb. Hesabatda deyilir ki, miqrant qadınların 90 faizdən çoxu ev qulluqçuluğu ilə məşğul olur. Türkiyəyə Rusiya və Moldovadan gələnlər çox olsa da, türk ailələr ermənilərə üstünlük verirlər.

Lakin bəzən siyasi problemlər onlarla ev sahibləri arasında problem yaradır. Məsələn, 38 yaşlı erməni qadın bildirir ki, ev sahibi ona «biz sizə çörək veririk, siz isə naşükürlük edirsiz, həmişə genosiddən danışırsız» deyir.

YERLİ ERMƏNİLƏR GƏLMƏLƏRİ BƏYƏNMİR

O ki qaldı Türkiyədə yaşayan yerli ermənilərlə Ermənistanda gələnlərin münasibətlərinə, bu münasibətlər də o qədər də yaxşı deyil. Düzdür, yerli ermənilər onlara iş verirlər, ancaq onlar arasında sosial təbəqə fərqi münasibətlərin gərginliyinə səbəb olur. 46 yaşlı gəlmə erməni deyir ki, yerli ermənilər onlara yuxarıdan aşağı baxır.

«Məsələn, mən işlədiyim ailədə əslində bananı necə yemək lazım gəldiyini göstərirdilər».

Ermənilər İstanbula Tbilisi-Batumi-Trabzon yoluyla avtobusla gəlirlər. Avtobus bileti 100 dollar сivarındadır. Viza üçün Gürcüstan sərhədində 15 dollar ödəyirlər. Viza müddəti isə 1 aydır.
XS
SM
MD
LG