Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:04

Pasport qalmaqalı


Qətldə şübhəli sayılan 11 nəfərin hamısı xaricdə anadan olmuş israillilərdir.
Qətldə şübhəli sayılan 11 nəfərin hamısı xaricdə anadan olmuş israillilərdir.
Britaniya və İrlandiya İsrail səfirlərini çağırıb, soruşublar ki, Dubayda «Həmas» komandirini öldürməkdə şübhəli sayılanların üstündən saxta Britaniya və İrlandiya pasportları necə çıxıb?

Necə olub ki, İsraildə yaşayan britaniyalılar, irlandiyalılar öz adlarını, pasportlarının seriya və nömrələrini Dubaydan gələn polis materialında görüblər?

Bu suallar İsrailə niyə verilir? Çünki yanvarın 20-də Dubayda Mahmud Əl Mabhuhun öldürülməsində bütün şübhələr İsrailin «Mossad» kəşfiyyat agentliyi ətrafında cəmlənib.

Dubay polisi qətli törətməkdə şübhəli sayılan 11 nəfərin adlarını, şəkillərini və pasportlarını bu həftə elan etdi.

Həmin 11 nəfərin 6-da Britaniya pasportu, 3-də İrlandiya, 1-də Almaniya və 1-də Fransa pasportu olub.

Britaniya və İrlandiya bildirirlər ki, pasportlar saxtadır.

Öz adlarını, pasport göstəricilərini polis materialında görən 7 israilli də elan edib ki, onların pasport göstəriciləri oğurlanıb, ad eyni olsa da, şəkillər başqa adamlarındır.

İsraildə yaşayan və həm Britaniya, həm də İsrail vətəndaşlığı olan Stefen Hods İsrail televiziyasına deyib ki, o şokdadır və indi öz həyatına görə qorxur:

«Mən başa düşmürəm nə baş verir? Mən şokdayam. Mən bilmirəm onlar mənə necə çıxa biliblər? Mənim göstəricilərimi necə əldə ediblər? Mən iki ildir ki, ölkəni tərk etmirəm. Heç vaxt Dubayda olmamışam. Bütün bunların arxasında dayanan çox böyük qüvvələrdir».

Qətldə şübhəli sayılan 11 nəfərin hamısı xaricdə anadan olmuş israillilərdir.

İSRAİLİN CAVABI

İsrailin Xarici İşlər naziri Aviqdor Liberman
İsrailin Xarici İşlər naziri Liberman deyib: «Mən başa düşə bilmirəm, niyə nəticə çıxarılır ki, bunu guya İsrail və ya «Mossad» törədib».

O deyib ki, şübhəlilərin hamısının israilli olması hələ sübut deyil ki, qətl «Mossad»ın işidir.

Ancaq Liberman Dubaydakı qətldə «Mossad»ın əli olmasını birbaşa təkzib etməyib.

O deyib ki, İsraildə belə bir siyasət var: «İsrail casus əməliyyatlarını nə təsdiq edir, nə təkzib. Nə də bu əməliyyatlar barədə deyilənlərə reaksiya verir».

Britaniyanın baş naziri Qordon Braun göstəriş verib ki, pasport məsələsi ən ciddi şəkildə araşdırılsın. Çünki Britaniyanın Ağır Mütəşəkkil Cinayətlər üzrə Agentliyi bildirir ki, Dubaydakı cinayətdə istifadə olunmuş pasportlarda imzalar, fotolar eyni adlı adamlara Britaniyada verilmiş pasportlardakı ilə düz gəlmir.

Dubayın polis rəisi Dahi Xalfan isə Birləşmiş Ərəb Əmirliklərinin «Əl Bayan» qəzetinə bu gün deyib ki, «pasportlar saxta deyildi».

QALMAQAL BÖYÜYƏNDƏ İSRAİL «HƏMAS» LİDERİNİ BİR DƏFƏ ÖLÜMDƏN QURTARIB

«Mossad»ın pasport göstəricilərini oğurlamaqda ittiham olunması birinci dəfə deyil.

2004-cü ildə Yeni Zelandiya iki israillini pasport saxtakarlığında ittiham edib, məhkum edəndən sonra İsraillə yüksək səviyyədə kontaktları dondurdu, hətta İsrailə qarşı sanksiyalar qoydu.

«Mossad»ın pasport göstəricilərini İsrailin öz vətəndaşlarından oğurlaması isə ilk dəfədir.

Bu isə artıq İsrailin özündə böyük siyasi qalmaqal yarada bilər.

...1997-ci ildə İordaniyada iki «Mossad» agenti «Həmas»ın indiki lideri Xalid Məşəli zəhərləmişdi. Ancaq agentlər tutuldular və üstlərindən Kanada pasportları çıxdı.

Onda siyasi qalmaqalın böyüməsinə imkan verməmək üçün İsrail İordaniyaya zəhər əleyhinə dərman göndərdi və özü zəhərlədiyi Xalid Məşəli ölümdən qurtardı...
XS
SM
MD
LG