Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:25

«Qanuni əmrləri yerinə yetirməyənlər cinayətkardırlar»


Dmitri Medvedev və Daxili İşlər naziri Rəşid Nurqaliyev, 19 fevral 2010
Dmitri Medvedev və Daxili İşlər naziri Rəşid Nurqaliyev, 19 fevral 2010
Fevralın 19-u keçmiş milis mayoru Denis Yevsyukov ömürlük həbs cəzası aldı. O, 2009-cu ilin aprelində Moskva supermarketlərindən birində 2 nəfəri öldürməkdə və 20-yə yaxın adamı yaralamaqda günahkar bilinirdi.

Zərərçəkənlər və vəkilləri hətta polis mayorunun güllələnməsini də tələb edirdilər, ancaq Moskva şəhər Məhkəməsi ömürlük həbs cəzası qərarını élan edəndə onlar razı göründülər. Vəkillərdən biri – İqor Trunovun sözlərinə görə, onlar günahkarın həbsindən əlavə, zərərçəkənlərə dövlətin də kompensasiya ödəməsini istəyirlər:

DÖVLƏT ÖZ MƏMURUNUN HƏRƏKƏTİNƏ GÖRƏ MADDİ MƏSULİYYƏT DAŞIMALIDIR

- Biz qərardan məmnunuq və apellyasiya şikayəti verməyəcəyik. Amma bir sual qalır, kompensasiya məsələsi. Biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik, çünki inanırıq ki, dövlət öz məmurunun hərəkətinə görə maddi məsuliyyət daşımalıdır, xüsusən də zərərçəkənlərin hələ müalicəyə ehtiyacı olduğu vaxtda.

Yevsyukovun əməllərindən zərər çəkən bəziləri isə, polis mayorunun sonradan azadlığa buraxılmasından narahat idilər. Amma Rusiya prezidenti Dmitri Medvedevin son bir həftədə polisdə ciddi islahatlarla bağlı qərarlarından sonra bu, bir qədər mümkünsüz görünür.

MEDVEDEVİN SƏRƏNCAMI

Rusiya prezidenti Medvedev dünən verdiyi sərəncamla Daxili İşlər nazirinin iki müavinini və 16 regionun polis rəsini işdən çıxarıb.

Fevralın 18-də Dmitri Medvedev keçirilən müşavirədə Daxili İşlər Nazirliyindəki ciddi ixtisarları da elan edib. Rusiya prezidenti sistemdə nizam-intizamın artırılması və korrupsiyayla sərt mübarizə aparılmasını da tapşırıb.

Rusiya prezidentinin islahatlar paketinə görə, Daxili İşlər Nazirliyinin mərkəzi aparatına tabe olan işçilərin sayını iki dəfə azaltmaq və 10 minə salmaq, polisin səlahiyyətlərini azaltmaq, 2012-ci ilə qədər bütün polislərin 20 faizini ixtisar etmək və polisdə xidmətə götürmə qaydalarını dəyişdirmək nəzərdə tutulur.

Polis rəsiləri hər bir «OMON»çuya azı üç nəfəri tutmaq tapşırığı verir
Medvedev müşavirədə polisin özünün qarışdığı cinayətlərə xüsusilə toxunub və bildirib ki, cinayət əməllərinə qarışan polislər xüsusilə amansız şəkildə cəzalandırılmalıdır:

AMANSIZ MÜBARİZƏ


- Nizam-intizamı pozanlarla mübarizə aparmaq lazımdır. Özü də amansız şəkildə. Qanuni əmrləri yerinə yetirməyənlər cinayətkardırlar.

Son vaxtlar Rusiya polisində özbaşınalıq faktları cəmiyyətdə ciddi əks-səda yaratmışdı.

Bu həftə Moskva polisi içkili halda səkidə dayanan qadını vurmuşdu, aprel ayında həmin bu Yevsyukov olayı baş vermişdi. Ötən il Dımovski familiyalı bir polis zabiti isə korrupsiya iddialarını internetə yerləşdirəndən sonra işdən çıxarılmışdı. Bu yaxınlarda isə bir dəstə Moskva «OMON»çusu prezidentə yazdığı məktubda rəhbərliyi ağır cinayətlərdə ittiham etmişdi.

«Novaya vremya» həftəliyinin dərc etdiyi məktubda iddia olunurdu ki, polis rəsiləri hər bir «OMON»çuya azı üç nəfəri tutmaq tapşırığı verir və xüsusi təyinatlılardan insanları soyan qazanc maşını kimi istifadə edilir. Üstəlik, məktubda «OMON»un həmçinin fahişəlik və başqa qanunsuz fəaliyyət sahələrinə himayədarliq edərək pul qazandığı və normal polislərin gözümçıxdıya salındığı iddia olunurdu.
XS
SM
MD
LG