Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 18:06

Ana dili dərdi


«Bir istəyimiz var – o da türk dilidir ki, bu dildə yazaq, oxuyaq. Əsgər özü də bir tələbədir. Qazıya da dedim ki, Azərbaycan deməklə, ana dili istəməklə sizə zülm edirik? Ana dilinə görə Əsgərin zülmü çoxalıb. Əsgərin bir dərdi var – ana dili dərdi».

Həmayil Əzizinin oğlu Əsgər Əkbərzadə İranda siyasi fəaliyyətinə görə həbs olunan onlarla azərbaycanlıdan biridir. Azərbaycan türkcəsində təhsil hüququ uğrunda hərəkatın fəalı kimi tanınan Əkbərzadəyə 2008-ci ildə İslam İnqılabı Məhkəməsi 5 il həbs cəzası verib. O, Azərbaycan Milli Hərəkatı adlı qrupun təşkilində iştirakda, «Pantürkist» bəyanatlar, elanlar yaymaqda, «qanunsuz» yığıncaqlara qatılmaqda günahlandırılır. Azərbaycanlı fəal həm də dövlətçiliyə qarşı anti-təbliğat aparmaqda və İranda etnik qarşıdurma yaratmağa cəhddə ittiham olunur. Məhbusun anası isə deyir ki, oğlunun həbsinin yalnız bir səbəbi var - ana dilində təhsil istəyi.

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir ki, indi İranda əsas tələbi ana dili olan azərbaycanlılardan ibarət hərəkatın həbsdə olan üzvü təkcə Əsgər Əkbərzadə deyil:

- Hazırda İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir. Elə məhz bu tələblərinə görə insanlar həbs olunur, işğəncələrə məruz qalırlar. Bu cür fəalların dəqiq sayını belə demək mümkün deyil. Amma aralarında hətta mollalar da var, başqa sözlə, ana dilini tələb edən dindarlar da var.

FƏALLAR BU İL DƏ HÖKUMƏTDƏN ANA DİLİNİ TƏLƏB ETDİLƏR


İranda ən böyük etnik qrup olan Azərbaycan türklərinə ana dilində təhsil almaq ölkə konstitusiyasına görə icazə verilsə də, bunu edən fəallar təqib olunur, həbs edilirlər. Buna baxmayaraq, sayca 20-35 milyon olduğu ehtimal olunan Azərbaycan türkləri zaman-zaman hüquqlarının bərpası tələbi ilə aksiyalar, mitinqlər və digər tədbirlər keçirirlər. Elə əksər həbslər də bu tədbirlər zamanı həyata keçirilir. Amma fəallar öz tutduqları yoldan geri çəkilmir.

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının başqa bir əməkdaşı Yaşar Həkkəkpur deyir ki, fəallar bu il də Beynəlxalq Ana Dili Gününü qeyd etməkdən çəkinmədilər.

Cümə günü – fevralın 19-da Təbrizin «Traktorsazi» futbol komandasının Kərəc şəhərində keçirdiyi oyunda hər dəfə olduğu kimi, azarkeşlər ana dilində təhsil tələbi ilə bağlı şüarlar səsləndiriblər. Fevralın 21-də isə fəallar müxtəlif şəhərlərdə milli şüarlar yazılmış bəyanatlar, qələmlər paylayıblar. Amma Yaşar Həkkəkpurun dediyinə görə, bu da asan başa gəlməyib:

– Polis və əsgərlər şəhəri nəzarətə alıblar. Yüzlərlə əsgərin əlində silahlar da olub ki, lazım gəlsə istifadə etsinlər. Bizə gələn məlumata görə, Təbrizdə bəzi fəalları tutublar, amma hələ onların kimliyini dəqiqləşdirə bilməmişik.

«ANA DİLİNİ TƏLƏB EDƏN ETNİK QRUPLARIN FƏALLIĞI İLDƏN-İLƏ ARTIR»

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı isə deyir ki, təzyiq və işgəncələrə baxmayaraq, İranda ana dilindən istifadə edən etnik qrupların fəallığı ildən-ilə artır. Gizli yolla da olsa Azərbaycan dili tədris olunur, insanlar gizli yolla kitablar paylayırlar.

Vahid Qaradağlı və eləcə də həbsdə olan azərbaycanlı fəal Əsgər Əkbərzadənin anası Həmayil Əzizi inanır ki, artıq on illərdir davam edən mübarizənin nəticəsi olaraq bir gün fevralın 21-i Beynəlxalq Ana Dili gününü İranda yaşayan etnik qruplar da azad şəkildə bayram edə biləcəklər.
XS
SM
MD
LG