Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:20

Generalları məscid partlatmaq planında suçlayırlar


Polis İstanbulda istefada olan ordu generalının iqamətgahında axtarış aparır, 22 fevral 2010
Polis İstanbulda istefada olan ordu generalının iqamətgahında axtarış aparır, 22 fevral 2010
Türkiyədə 51 hərbi komandanı tutdular. O cümlədən 21 generalı və 4 admiralı.
Onlar arasında Türkiyənin Hava Qüvvələrinin və Dəniz Donanmasının keçmiş komandanları da var.

Onlar məscidləri partlatmaqla ölkədəki sabitliyi pozmaq, bununla dövlət çevrilişinə zəmin hazırlamaq və sonra da islamçı hökuməti yıxmaq planlarında ittiham olunurlar.

İttihama görə, plan 2003-cü ildə hazırlanıb. Şərti adı «Balyozdur». Balyoz ağır dəmirçi çəkicidir.

Plana Yunanıstanla münasibətləri gərginləşdirmək, məscidlərlə yanaşı muzeyləri də partlatmaq və s. daxildir.

MOLLALAR GENERALLARA QARŞI?

«Assoşieyted Press» yazır ki, bir vaxtlar vardı, Türkiyədə «paşa»lar toxunulmaz idilər.

Türkiyə hərbçiləri heç vaxt bu miqyasda dağıntıya məruz qalmayıblar.

Mustafa Kamal Atatürkün qoyduğu qaydalarla Türkiyə ordusuna respublika quruluşunun qoruyucusu vəzifəsi həvalə olunub.

İndi nə baş verir? İslamçılar Atatürkün qaydalarına qarşı? Türkiyədəki son həbslərdən sonra bu sualı daha çox verirlər.

«Hürriyet Daily News» qəzetinin jurnalisti Özgür Oqrit AzadlıqRadiosuna deyir ki, hadisələrin burdan sonra hara gedəcəyini artıq heç kim bilmir:

«Türkiyədə ayaq dəyilməyən əraziyə girilib. Keçən aydan başlayaraq qəzet başlıqlarına fikir versəniz, bir ifadəni işlədirlər: «Cümhuriyyət tarixində ilk dəfədir ki…», «Türkiyə tarixində ilk dəfədir ki…». Yazırlar ki, ilk dəfədir ki, general ifadə verməyə gətirilir və ya general həbs olunur yaxud ordunun gizli otağında axtarış olur. Mən inanmıram ki, Türkiyədə kimsə bundan sonra nə olacağını deyə bilsin».

AÇIQ DAVA BAŞLAYIR?

Rəsmi izaha görə, hərbçilərə qarşı bu son əməliyyata səbəb - sızan hərbi sənədlərin öyrənilməsi olub. Bu sənədlərin həqiqiliyini ekspertlər təsdiq edəndən sonra həbslər başlanıb.

Ordu generallarının məhkəməsi, 20 iyul 2009
Müxalifət isə deyir ki, həbslər siyasi motivlidir və tənqidçiləri susdurmaqdır.

Tutulanlardan biri, Dəniz Donanmasının keçmiş komandanı admiral Özdən Örnək bundan əvvəl də bir neçə dəfə hərbi çevrilişə cəhddə ittiham olunur.

Tutulan başqa bir general Ergin Sayğın 2007-ci ildə o vaxtki Amerika prezidenti Corc Buşla görüşdə baş nazir Ərdoğanı müşayiət edirdi.

Başqa tanınmış tutulanlar - Hava Qüvvələrinin keçmiş komandanı İbrahim Fırtına, Xüsusi Qüvvələrin keçmiş komandanı Engin Alan, 1-ci Ordunun keçmiş komandanı Çətin Doğan və başqalarıdır.

Tutulanların təxminən yarısı keçmiş yüksək rütbəli hərbçilərdirsə, yarısı da indi vəzifə başında olan hərbçilərdir.

Türkiyədəki «Avrasiya Siyasi Risk» adlı təhlil qrupundan olan Volfqanqo Pikkoli «Reuters» Agentliyinə deyir ki, hökumət indi hərbçilərlə, eləcə də hakim və prokurorlarla açıq davaya gedir, belə qarşıdurma siyasi sabitliyə çox böyük ziyan vura bilər.

NİYƏ PROKURORLAR?

Baş nazir Ərdoğan prokurorların və hakimlərin səlahiyyətlərini azaldan dəyişiklik eləmək istəyir. O deyib ki, ədliyyə sistemini dəyişməyi parlament yolu ilə eləmək mümkün olmasa, onda bunu referenduma çıxaracaq.

Hakim AK partiyanın prokurorlarla münaqişəsi ondan başlandı ki, islamçı qrupların fəaliyyətini araşdıran prokuror həbs olundu.

Onun özünü sağçı hərbçilərlə əlaqələrdə ittiham etdilər. Həmin ifrat sağçı hərbçilərin daxil olduğu «Ergenekon» şəbəkəsi adı ilə indiyə kimi 200 hərbçi, universitet professoru, jurnalist, yazıçı tutulub.

Hökumətin tənqidçiləri yenə deyirlər ki, həmin həbslər siyasi motivlidir.

«ERGENEKON» ƏHVALATINDA SORUŞURDULAR - BƏS ƏSGƏR HANI?

Hakim partiya bu sayda generalın həbsinə niyə getdi? Türkiyəli jurnalist Özgür Oqrit deyir:

«Ergenekon»la bağlı jurnalistləri, yazıçıları, ziyalıları tutanda çox haqlı bir sual yaranırdı ki, əgər bunlar çevriliş etməyi planlaşdırırdılarsa, onda əsgərlər hanı? Axı yazışı çevriliş edə bilməz. İndi generalları tutmaqla bu suala cavab verirlər».
XS
SM
MD
LG