Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:33

Yerevanda sakinləri mənzillərindən zorla çıxarırlar


«Pulu verən sahibkarlardır, onlar da nə tikəcəklərinə özləri qərar verirlər».
«Pulu verən sahibkarlardır, onlar da nə tikəcəklərinə özləri qərar verirlər».
Ermənistan paytaxtında tikinti işləri 2000-ci ildən sürətlənib. Yerevanda tikinti Şimal prospektindən başlayıb. Əvvəllər prospektdə 1-2 mərtəbəli xüsusi evlər vardısa, indi onların yerini hündürmərtəbəli elit binalar və bahalı dükanlar tutub. Mərkəzdəki ərazilər sonradan bir-birinin ardınca hökumətin qərarı ilə tikinti şirkətlərinin ixtiyarına keçib.

Şimal prospektinin tikintisi rayon sakinlərinin aksiyaları ilə müşayiət olunub. Sakinlər mənzillərindən zorla çıxarılıblar. Çoxları yeni mənzil almaq üçün verilən kompensasiyanın məbləğindən narazı idi. Sakinlərin əksəriyyəti indiyə kimi məhkəmələrdə hüquqları uğrunda mübarizə aparır.

Bu gün də mərkəzi küçələrdən mülkiyyətini buldozerlərdən qorumağa çalışanların ümidsiz səsləri eşidilir.

Sonuncu dəfə Yerevanın mərkəzindən bu səslər dekabrın sonunda gəlib. Həmin vaxt heç bir qərar olmadan Nune Ambarçumyanın ərazidə qalan yeganə mülkünü sökmək istəyiblər. Evin sakini indiyə kimi kompensasiya almağa çalışır. Ancaq məhkəmə ilə də buna nail olmayıb:

«Bu, anarxiyadır. İstənilən vaxt gəlib səni evindən bayıra ata bilərlər. Bu ev həyat yoldaşımın babasının evidir».

Yerevanda təxminən 30 ərazidə bənzər vəziyyət yaşanır. Onlardan biri də Noraqyux məhəlləsidir. Burada 184 hektarlıq ərazidə biznes-mərkəzin tikintisi planlaşdırılır. Baş arxitektorun fikrincə, tikintiyə təxminən 6 milyard dollar sərf olunacaq. Moskva meri Yuri Lujkov da əraziylə maraqlanır. Ərazidə həmçinin, bir neçə səfirlik də yerləşməlidir.

Yerevan meri Noraqyux sakinlərini xəbərdarlıq edib ki, artıq mülkiyyətin rəsmiləşdirilməsi işini başa çatdırmaq lazımdır.
Yerevan meri Qaqik Beklaryan
Yuri Lujkov isə öz növbəsində, söz verib ki, ərazidə yaşayan vətəndaşlar narazı qalmayacaqlar. Bu barədə Yerevan meri Qaqik Beklaryan danışır:

«Biz əlimizdən gələni edəcəyik ki, sakinlər məmnun qalsınlar».

Noraqyux sakinlərini isə bu vədlər ruhlandırmır. Onlar Şimal prospektində yaşayanların hansı şəraitdə köçürüldüyündən danışırlar:

- «Mən evimdən çıxan deyiləm, qoy, başıma uçursunlar».

- «Yerimdə olsaydınız nə edərdiniz? Şimal prospektində insanları döyərək evlərindən çıxardılar, pullarını vermədilər, camaat da evsiz-eşiksiz qaldı. Əminəm ki, evimdəki şəraiti hökumət mənə verməyəcək».

Bir vaxtlar Şimal prospektində yaşayan Sedrak Baqdasaryanın evi 2004-cü ildə sökülüb. O, nəinki evsiz, hətta qeydiyyatsız da qalıb. 2007-ci ildən Baqdasaryan «Dövlət ehtiyacının qurbanları» adlı ictimai təşkilata rəhbərlik edir. Bu yolla özü kimi problemlə üzləşənlərə yardım etməyə çalışır. O, hesab edir ki, «dövlət ehtiyacı» adı altında insanları sadəcə çapıb-talayırlar:

«Dövlət ehtiyacı üçün nəzərdə tutulan ərazilərdə su anbarları, aeroport tikilməlidir. Bəs bizim hökumət nə edib? Bir mülkiyyətçidən alıb digərinə veriblər ki, gəlir götürsün».

Yerevan meriyasının nümayəndəsi Levon Akobyan isə deyir ki, hökuməti maraqlandıran tikintidir, mülkiyyət sahibləri isə əvəzində kompensasiya alırlar:

Moskva meri Yuri Lujkov və Ermənistan rəsmiləri Yerevanda biznes-mərkəzin layihəsini müzakirə edirlər, 29 yanvar 2010
«Hökumət şərt qoyur, biz isə sakinlərə kompensasiyaların ödənilməsinə nəzarət edirik. Biz həmin ərazinin tikilməsi üçün ideyalarımızı diktə edə bilmərik. Məsələn, hökumət «burada məktəb və ya başqa obyekt tikin» deyə bilməz. Pulu verən sahibkarlardır, onlar da nə tikəcəklərinə özləri qərar verirlər».

Bu prosesin nəticəsidir ki, Ermənistanda elit tikililər və bahalı ticarət mərkəzləri peyda olub. Ermənistan vətəndaşlarının çoxu bu tikililərə yaxın düşə bilmir, çünki ciblərindəki pula uyğun deyil.

Mülkiyyətindən məhrum edilmiş 4 ailənin hüquqlarını Avropa Məhkəməsində müdafiə etməyə hazırlaşan vəkil Vae Qriqoryan deyir ki, hökumət üçün yeni tikililər vətəndaşların mülkiyyət hüququndan daha vacibdir. Ödənilən kompensasiyalar da az olur. Buna səbəb mülkiyyəti qiymətləndirən şirkətlərin hökumət, yaxud sahibkar tərəfindən seçilməsidir.

Qriqoryanın fikrincə, əsas problem məhkəmələrin də bu proseslərə cəlb edilməsidir:

«Tikinti şirkətləri və icra hakimiyyəti nümayəndələri məhkəmələrin vasitəsilə insanları soyublar, minimal kompensasiya ödəyiblər. Əminəm ki, bu hal indi də davam edir. Paytaxt sakinlərinin hüquqlarının kütləvi şəkildə pozulmasına səbəb Ermənistanda məhkəmə sisteminin işləməməsidir».
XS
SM
MD
LG