Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:34

Elmar Hüseynovun qətlini açmağın yolları


AZADLIQRADİOSUNUN ARXİVİNDƏN GÖTÜRÜLƏN BU YAZI HƏLƏ DƏ AKTUALLIĞINI İTİRMƏDİYİNDƏN ONU YENİDƏN DƏRC ETMƏK QƏRARINA GƏLDİK

Adil İsmayılov
Müstəqil hüquqşünaslar deyirlər ki, Azərbaycan hökumətinin Elmar Hüseynovun qətlində şübhəli bilinənləri Gürcüstandan almaq barədə cəhdləri faydasızdır, çünki Gürcüstan öz vətəndaşlarını Azərbaycana onsuz da təhvil verməyəcək, məsələnin həlli başqadır.

Beynəlxalq hüquqi mübahisələrdə təcrübəsi olan vəkil Adil İsmayılov:

«Hər bir ölkənin Konstitusiyasında yazılıb ki, cinayət törətmiş vətəndaşı başqa ölkəyə təhvil vermək olmaz. Onların məhkum olunması üçün Azərbaycan tərəfi kifayət qədər sübut təqdim etməlidir və onlar haqqında ancaq Gürcüstanda cinayət işi başlanıla bilər».

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, Gürcüstan tərəfi jurnalist Elmar Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovu Azərbaycana verməkdən imtina edir, amma bu sahədə danışıqlar davam edir.

Bəs Azərbaycan tərəfi Xubanov və Əliyev barəsində Gürcüstan tərəfinə sonuncu dəfə nə zaman müraciət edib? Bu suala cavabında Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyir:

«Bu, istintaq sirridir, biz bu haqda məlumat verə bilmərik. Amma istintaq əlindən gələni edir ki, qatillər tapılsın».

Hüquqşünas İntiqam Əliyev isə deyir ki, Gürcüstan tərəfinə müraciətlə bağlı məlumat istintaq sirri sayıla bilməz.

«GÜRCÜSTANDAN BİZƏ DEDİLƏR Kİ, AZƏRBAYCANDAN HEÇ VAXT MÜRACİƏT ALMAMIŞIQ»

Elmar Hüseynovun hazırda Norveçdə yaşayan xanımı Ruşaniyyə Hüseynova isə deyir ki, Azərbaycan hökuməti Gürcüstana ümumiyyətlə bu məsələ ilə bağlı heç vaxt sorğu
Ruşaniyyə Hüseynova
göndərməyib:

«Biz Norveçdən Gürcüstanın Ədliyyə Nazirliyinə sorğu göndərdik. Nazirliyin nümayəndələri bildirdilər ki, Azərbaycan tərəfdən onlara heç vaxt, təkrar edirəm, heç vaxt rəsmi müraciət daxil olmayıb. Biz yazılı cavab üçün müraciət etdik, amma hələ ki, cavab almamışıq».

MTN-nin rəsmisi Arif Babayev isə bildirir ki, bu ittihamın əsası yoxdur və Azərbaycan tərəfi Gürcüstana müraciət göndərib.

Gürcüstan prokurorluğu hələ ki, məsələ ilə bağlı AzadlıqRadiosunun sorğusuna cavab verməyib.

EYNULLA FƏTULLAYEV HƏBSDƏN MƏKTUB YAZIB, İTTİHAM EDİR

Elmar Hüseynovun qətlindən sonra Teymuraz Əliyev və Tahir Xubanovla Tbilisidə görüşdüyünü iddia edən jurnalistlərdən biri Eynulla Fətullayev indi terrorla hədələmə ittihamı ilə həbsdədir. Martın 1-də Eynulla Fətullayev həbsdən yazdığı apelyasiya şikayətində bildirir ki, Əliyev və Xubanovla görüşündən sonra araşdırmaları davam etdirib və Elmar Hüseynovun qətlinin elə MTN-in zabitinə dayandığını aşkar edib:

SİTAT: «Qətlin təşkilatçılarının izlərini aşkar edib, bütün şübhələrin bir şəxsin – MTN zabiti Akif Çovdarovun ətrafında dolaşdığı qənaətinə gəldim».

Eynulla Fətullayev həmin apelyasiya şikayətində bildirir ki, onu Elmar Hüseynovun qətli ilə bağlı araşdırmalara görə həbs ediblər.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev isə deyir ki, Eynulla Fətullayevin iddiaları tamamilə əsassızdır və o, bütün bunları şərh etmək istəmir.

«İNTERPOL»DA XUBANOV VƏ ƏLİYEVİN ADI ÇIXMIR

Azərbaycan tərəfi bildirir ki, Teymuraz Əliyev və Tahir Xubanov «İnterpol»da qırmızı xətlə axtarışdadır. Bu da o deməkdir ki, əgər onlar Gürcüstandan çıxsalar, «İnterpol» onları saxlayacaq.
İntiqam Əliyev
«İnterpol»un rəsmi saytında bu iki şəxsin adı çıxmır. «İnterpol» AzadlıqRadiosunun bu haqda sorğusunu hələ cavablandırmayıb.

Elmar Hüseynovun hazırda Norveçdə yaşayan xanımı Ruşaniyyə Hüseynova isə deyir ki, ona Xubanovun MTN–də göstərilən fotosu ilə jurnalist Eynulla Fətullayevin göstərdiyi foto fərqlənir. MTN hələ ki, Xubanovun və Əliyevin fotolarını yaymayıb.

«HÖKUMƏT ÖZÜ QƏTLİ AÇMAQ İSTƏMİR»


Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyev bildirir ki, Azərbaycan hökuməti özü qətlin üstünün açılmasında maraqlı deyil:

«Qətlin üstü açılsa, hökumət üçün xoşagəlməz faktlar ortaya çıxa bilər».

Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu isə deyir ki, o, hökumətin jurnalistin qətlinin üstünü açmaq üçün gördüyü işlərdən narazıdır:

«Azərbaycanın geopolitik mənada təsir gücü böyükdür. Niyə Gürcüstana təsir edib jurnalistin qətlində şübhəli bilinənlərin cinayət məsuliyyətinə cəlb olunmasına nail olmur?!».

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib, o, hakimiyyəti kəskin tənqid edən «Monitor» jurnalının baş redaktoru idi.
XS
SM
MD
LG