Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

«Azərbaycanda narkomanların 30-35 faizi tələbələrdir»


Azərbaycanda tranzit əsas problem olsa da narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı da durmadan artır
Azərbaycanda tranzit əsas problem olsa da narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı da durmadan artır
NARKOTİKLƏR ƏFQANISTANDAN AVROPAYA AZƏRBAYCANDAN GEDİR

ABŞ Dövlət Departamenti «Narkotiklərə Nəzarət Strategiyası 2010» adlı illik hesabatını yayıb. Martın 2-də yayılan sənədin Azərbaycana aid hissəsində qeyd edilir ki, bu ölkə Əfqanıstandan və Orta Asiyadan, həmçinin də İrandan Rusiya və Avropaya narkotik daşınan yolun üzərində yerləşir.

Hesabata görə, Əfqanıstanda istehsal edilmiş narkotik maddələr Azərbaycana əsasən üç yolla keçirilir: Orta Asiyadan Xəzər dənizi ilə, İrandan birbaşa və münaqişə zonasında nəzrət edilməyən ərazilərdən.

İran yolu ilə narkotiklərin 95 faizi daşınır. Buradan Azərbaycana, oradan da Rusiyaya keçirilən narkotiklər sonra da Avropaya ötürülür. Türkiyənin İranla sərhədə nəzarəti gücləndirməsi də narkotacirləri Azərbaycan istiqamətinə yönəldib.

AZƏRBAYCANDA NARKOMANLARIN 30-35 FAİZİ TƏLƏBƏLƏRDİR?

Sənəddə qeyd edilir ki, Azərbaycanda tranzit əsas problem olsa da narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı da durmadan artır.

Rəsmi məlumata görə, Azərbaycanda 23.254 nəfər narkoman qeydiyyatdadır. Amma qeyri-rəsmi məlumatlara görə, narkomanların sayı əslində 300.000 nəfərə yaxındır. Narkotik maddə istifadəçilərinin 30-35 faizi də tələbələrdir.

Azərbaycanda narkotik maddələrdən istifadə edənlərin sayının kəskin artmasını bizimlə söhbətdə Zərərin Azaldılması Şəbəkəsinin icraçı direktoru Rüfət Nəsibov da qeyd etdi:

- Ölkə müstəqil olandan bəri keçən 20 ilə yaxın müddətdə narkotiklərlə mübarizə sahəsində xeyli iş görülüb. Amma bu, narkomanların sayını azaltmayıb. Təəssüf ki, indi narkomanların sayı kəskin azalan bir ölkə yoxdur.

İran yolu ilə narkotiklərin 95 faizi daşınır
Amma Rüfət Nəsibov Azərbaycanda narkotik maddələrdən istifadə edənlərin 35 faizə qədərinin tələbə olması barədə hesabatda qeyd edilənlərə razı deyil. Onun dediyinə görə, narkomanların əsas hissəsi 35-40 yaşa qədər adamlardır.

AZƏRBAYCANDA DAHA ABŞERONDA VƏ LƏNKƏRANDA, DAHA ÇOX DA HEROİN İSTİFADƏ EDİRLƏR

Dövlət Departamentinin hesabatında həmçinin qeyd edilir ki, Azərbaycandan keçirilən və yerli istehlakın əsasını heroin təşkil edir. Həmçinin qanunsuz dərmanlar, kannabi, ekstazi, həşiş, kokain də geniş yayılıb. Ölkənin özündə isə daha çox heroin istifadə edilir. «Heroin istifadəçilərinin əksəriyyəti Bakı da daxil olmaqla Abşeron yarımadasına toplaşıb. İkinci yerdə isə İranın yaxınlığındakı Lənkəran rayonu gəlir. Qadınlar arasında narkotik istifadəçilərinin sayı durmadan artır. Kənd yerlərində işsiz gənclərin narkotiklərdən istifadəsi isə xroniki hal alıb» – deyə sənəddə qeyd edilir.

İRANLA SƏRHƏDDƏ KEÇƏN İL 900 KİLO NARKOTİK TUTULUB

Hesabatda hökumətin narkotik dövriyyəsi ilə mübarizəsinə toxunaraq qeyd edilir ki, 2009-cu ildə Azərbaycanın hüquq-mühafizə orqanları 900 kiloqrama qədər narkotik maddə müsadirə ediblər. Bu da əvvəlki ildən 60 faiz çoxdur. Bu maddələr əsasən də İranla sərhəddə tutulub. Keçən il 1956 narkotik satıcısı tutulub. Onların 1843 nəfəri işsiz, savadsız adamlar olublar. 392 nəfər əvvəllər də bu cinayətə görə tutulan insanlar olublar. Tutulanların 65 nəfəri qadın, 4 nəfəri isə uşaqdır.

Narkotik maddələrin əksər hissəsi İrandan Azərbaycana quru yolu ilə keçirilir. Bir hissəsi də gəmilərlə dənizdən gətirilir. Sənədə görə, Azərbaycanın İranla 611 km.lik sərhədin effektiv mühafizəsi üçün təhlükəsizlik qüvvələrinin əlavə material və təlim sarıdan yardıma ehtiyacı var.

2008-ci ildə Azərbaycan sərhəddə 50 yeni nəzarət məntəqəsi, sahil keşikçi bazası, itlərin təlim mərkəzi yaradıb.

2009-cu ildə Azərbaycanın hüquq-mühafizə orqanları 900 kiloqrama qədər narkotik maddə müsadirə ediblər
Qanunpozanlar getdikcə hava yolundan daha çox istifadə edirlər. Hökumət hazırda ölkənin sovet ənənələri üzərində qurulmuş Gömrük Məcəlləsini dəyişmək üzərində işləyir.

Yeni sənəd ölkənin narkotik tranziti ilə mübarizəsini də gücləndirməlidir.

KORRUPSİYA NARKOTİKLƏ MÜBARİZƏNİ ƏNGƏLLƏYİR

Sənəddə yazılır ki, hökumət ölkədə narkotik daşınmalarının və istifadəsinin qarşısının alınması üçün ciddi addımlar atır. Amma müsadirə olunan narkotik maddələrlə bağlı məhdud məlumatlar verilir.

Sənəd ən əsas problemi də korrupsiyada görür. Hesabata görə, narkotiklərlə mübarizədə cəmiyyətin bütün təbəqələrini əhatə edən rüşvətxorluq və korrupsiya ən böyük maneə olaraq qalır.

2008-ci ilin oktyabrında Bakıda narkotiklərlə mübarizə idarəsinin bir neçə zabiti bu cür maddələrin yayılmasına görə həbs edilib. Onların otaqlarından bir kiloqram narkotik maddə götürülüb.

AZƏRBAYCANDA KANABİ VƏ XAŞ-XAŞ BECƏRİLİR

Sənəddə narkotiklərin becərilməsi probleminə də toxunulur. Qeyd edilir ki, ölkə üzrə geniş yayılmasa da Azərbaycanın cənub rayonlarında kanabi və xaş-xaş kimi narkotiklərin qanunsuz becərilməsi hallarına da rast gəlinir. 2009-cu ildə 448 ton qanunsuz becərilmiş bu cür narkotik bitkilər məhv edilib.

Dövlət Deparatamentinin hesabatında yazılır ki, Azərbaycan BMT-nin narkotik maddələrin yayılması və korrupsiya ilə mübarizə üzrə əksər sənədlərinə qoşulub.
XS
SM
MD
LG