Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:53

Qalmaqallı kitabı əl-əl gəzirlər


Rişard Kapuşinski. 2006
Rişard Kapuşinski. 2006
Polşada onu milli qəhrəman və 20-ci əsrin ən böyük polyak jurnalisti sayırlar. Xüsusən də 1960-70-ci illərdə xarici ölkələrdən – Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrindəki müharibələr, inqilablar haqqında yazdığı oçerklərə görə.

Rişard Kapuşinki Amerika, Kanada, Fransa və Almaniyada nüfuzlu mükafatlara layiq görülüb.

Amma ölümdən 3 il keçəndən sonra – indi Polşada jurnalistin adı ilə bağlı böyük bir qalmaqal yaranıb.

Keçmiş həmkarı Artur Domoslavski onun tərcümeyi-halını yazıb və kitabda Kapuşinskinin yazılarının yalanla, şişirtmələrlə dolu olduğunu iddia edib.

Domoslavski deyir ki, faktlara əsaslanan publisistika kimi təqdim olunan kitablar əslində bədii əsərlərdir.

“SƏNƏDLİ KAPUŞİNSKİ” ADLANAN KİTAB 600 SƏHİFƏDİR

Kapuşinskinin həmin əsərləri arasında Efiopiya lideri haqqında “İmperator”, sonuncu İran şahı haqqında “Şahənşah” kitabları daha çox məşhurdur. Bu əsərlər dünyanın bir çox dillərinə tərcümə edilib.

Kapuşinski həmişə etiraf edirdi ki, onun yazdıqları heç də tam olaraq faktlara əsaslanan reportajlar deyil, o öz yazılarını “bədii xəbərçilik” adlandırırdı.

Domoslavski isə deyir ki, Kapişinskinin əsərlərində tərəzinin “bədiilik” gözü “xəbərçilik” gözündən xeyli ağırdı.

Bioqrafiya müəllifi deyir ki, kitaba qarşı kəskin etirazların əsas səbəbi polyakların öz qəhrəmanlarına nağıl qəhrəmanları kimi yanaşmasıdır. Onlar mifləri müzakirə etməyə hazır deyillər.

Məsələn, Domoslavski iddia edir ki, Kapuşinski 1968-ci ildə Meksikada baş verən qətliamın şahidi olmayıb, yazını özündən uydurub. Bundan başqa onun Çe Gevara ilə görüşü də uydurmalarla doludur.

Domoslavski deyir ki, kommunist Polşasında hər adam jurnalist olub tez-tez xarici ölkələrə gedə bilməzdi, onun fikrincə, güman ki Kapuşinskinin kommunist rejimi ilə yaxın əlaqələri olub.

DOMOSLAVSKİ "ATƏŞ ALTINDA"

Kapuşinskinin həyat yoldaşı Alisya Domoslavskinin kitabına mənfi reaksiya verib, deyib ki, onun əri dövlət orqanları ilə əməkdaşlıq etməsəydi, müqaviləsi olmasaydı, xaricdə jurnalist işləyə bilməzdi.

Kitab hələ çap olunmamışdan qabaq mətbuatda Domoslavskiyə qarşı ittihamlar səslənib.

Bir çoxları Kapuşunskini müdafiə edib.

Məsələn, 2-ci Dünya müharibəsində vuruşmuş və "Osvensim" düşərgəsində olmuş Vıadislav Bartoşevski (o hazırda Polşada nüfuzlu ictimai xadimdir) Domoslavskinin Kapuşunski haqqında yazdıqlarından elə hiddətlənib ki, kitabı çap etmək istəyən nəşriyyatı hədələyib – deyib ki, etiraz əlaməti olaraq eyni nəşriyyatın onun öz kitabını çap etməsi haqda müqavilədən imtina edəcək.

Domoslavskini öz həmkarının ruhuna hörmətsizlik etməkdə də ittiham ediblər.

Həm nasist, həm də kommunist cinayətlərini araşdıran Milli Anım İnstitutunun rəhbəri Yanuş Kurtika isə Kapuşunskinin Polşanın təhlükəsizlik orqanları ilə əlaqələri haqda ittihamlara münasibət bildirərkən belə deyib:

“Bəli o əməkdaşlıq edib, amma o həm də böyük yazardır”.

Martın 4-də Polşanın "Z" radiostansiyası xəbər verib ki, Domoslavskinin kitabının ilk partiyası - 45 min nüsxə elə satışa çıxarıldığı ilk gündəcə satılıb. Gələn həftə kitabın ikinci partiyası çap edilib dükanlara paylanacaq.

Həmçinin oxu!

Rişard Kapuçunski "Şahənşah" ROMANDAN BİR PARÇA
XS
SM
MD
LG