Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:40

Nuridə Atəşi: “Jurnalistlərin həbsi başımızı hər yerdə aşağı edir”


“Bütün demokratik, tərəfsiz, Azərbaycanın adının uca tutulmasını sevən idraklı insanlar kimi əlbəttə, mən də buna çox heyfsilənirəm. Bu, Azərbaycanın beynəlxalq imicinə çox zərər vurur və başımızı hər yerdə aşağı, dilimizi isə çox zaman qısa edir”.

Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi bunu “Azadlıq” qəzetinə verdiyi müsahibədə “Qənimət Zahid, Eynulla Fətullayev və bloggerlərin həbsinə münasibət bildirərkən deyib.

- Mən Jurnalistlər Birliyinin Almaniyada və Avropada nümayəndəsiyəm. Alman jurnalistlər Birliyi ilə əməkdaşlıq edirəm, alman mətbuatı, mediasında öz çəkim var. Müxtəlif beynəlxalq təşkilatların nümayəndəsiyəm.

Inanıram və arzu edirəm ki, Azərbaycan dövləti böyüklük edərək bu jurnalistlərin azadlığa buraxılmasına çalışacaq.

Amma bir şeyi də gəlin öz aramızda etiraf edək ki, insanların şəxsi həyatını məsxərəyə salmaq, başqalarının şəxsiyyətini təhqir etmək, insanları ləkələmək əsl jurnalistliyə, heç insanlığa da yaraşmayan sifətlərdir.

Təbii ki, söhbət həbsdə olan jurnalistlərdən getmir. Mən bunu jurnalistikamızın problemi kimi qeyd edirəm.

- Hazırda Almaniyada Azərbaycanı təmsil edənlər kimlərdir? Siyasi, iqdisadiyyat və mədəniyyət sahəsində.

- Bütün hakimiyyət demək olar ki, hazırda bir-iki qrupun əlindədir.

Mən bunu sadəcə olaraq düzgün saymıram və əvvəlcədən də qəbul etməmişəm.

Almaniyada diaspor sahəsində on illərlə çalışan fədakar diaspor üzvlərimiz var.

Onları kənara itələyərək yeni “azərbaycanşünaslar” yetişdirməyə çalışmaq cəhdləri qəbuledilməzdir. Əlbəttə, burada maraqlar çox müxtəlifdir, gəlin bu dərinliklərə baş vurmayaq, yoxsa qəzetin səhifələri tutmaz bunları.

Bundan başqa, əlbəttə, Almaniyanın və Avropanın digər böyük şəhərlərində çoxlu vəsaitlər ayrılaraq dəbdəbəli ofislər də açılır.

Lakin alman və Avropa siyasətindən uzaqlaşdırılmış adamlar üçün belə böyük vəsaitlər ayırmaq əhəmiyyətsiz investisiyadır və göyə sovrulan paralardır

(Əlbəttə, bu paraların hesabını sormaq mənim ixtiyarımda deyil).

Belə insanların Almaniya və Avropa dövləti qarşısında artıq heç bir məsuliyyəti yoxdur, onlar qatığa bu gün ağ deyə bilirlər, sabah qara.

Öz dövlətləri onların Azərbaycan neftinin qoxusundan bihuş olduqlarını, çoxusunun şəxsi mənafeləri naminə bunları etdiklərini gözəlcə dərk edir və ehtiyatla onlara sərhəd qoyurlar.

Bu halda yalnız kimlərisə tərifləmək, günlük siyasəti dəstəkləmək, yaxud da prezidentin və nazirlərin qarşısında onları tərifləyib göyə qaldırmaq üçün (belə tərifləri biz etmədiyimiz üçün kənarlaşdırılırıq) bunları saxlamağa doğrudanmı Azərbaycan dövlətinin ehtiyacı var?

Bu sual məni həmişə düşündürür, lakin fikirləşəndə ki, gur çaylar tez axıb keçir və bütün, çör-çöpü, çürük kötükləri aparıb gedir, o zaman indilik susmağa üstünlük verirəm.

Inanın ki, belə “ekspertlər”, daha doğrusu yeni aşiqlər, əlbəttə, Azərbaycan aşiqləri yox, neftin aşiqləri Azərbaycanın nə tarixində, nə mədəniyyətində, nə də siyasətində yaşayacaqlar.

5-10 ildən sonra onların isimləri heç bir yerdə çəkilməyəcək. 10-15 il bundan əvvəl olan, ortada meydan sulayanlardan bir iz qalmadığı kimi. Bu barədə arxivim çox zəngindir.

Bunlar hamısı bizim gözümüzün qarşısında baş verir.

Mən düz 15 ildir bu səhnələri ən ön cərgədə sakitcə oturaraq, amma çox diqqətlə izləyirəm və 21-ci əsr mühacir tariximizin yaddaşına olduğu kimi köçürməyə çalışıram. Yazar olaraq bu mənim borcumdur.

Bu barədə hətta ayrıca kitab yazıram. Isimlərlə, faktlarla və açıq-aşkar müsahibələrlə.

Əminəm ki, həm Azərbaycan, həm də Almaniya oxucuları üçün çox maraqlı və orijinal kitab olacaq.
XS
SM
MD
LG