Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:29

Nuridə Atəşinin seksual məzmunlu çiy eskizləri


Mais Əlizadə
Mais Əlizadə
Azadlıq Radiosunun İstanbul müxbiri

Yox, heç kimin şeir yazmasına, musiqi bəstələməsinə, kitab və albom çıxarmasına qarşı deyiləm.

Qətiyyən. Özüm bir tərəfə - buna qarşı çıxmağa heç kimin haqqı olmadığına da adım kimi inanıram.

“Düşüncələrinin heç birini qəbul etmirəm - ancaq düşündüklərini nöqtə - vergülünə qədər ifadə edə bilməyin üçün əlimdən gələn hər şeyi etməyə hazıram”.

Volterin həyat fəlsəfəmin onurğasını təşkil edən bu sözlərinin ən uğurlu tətbiqat sahəsi - şübhəsiz ki, yaradıcılıq aləmidir.

Yaradıcı insanın professionallığı və ya qeyri-professionallığı onun çıxardığı kitab və ya albomun sayına indekslənə bilməz.

Yaxın vaxtlara qədər Azərbaycan Dövlət TV-sindən “Əvvəllər poeziya ilə məşğul olurdum; sonra gördüm ki, nəsr yazmağa da ehtiyac var - ona görə hekayə və roman da yazmağa başladım”- səpkili monoloqları tez-tez eşidirdik.

“Məşğul olmaq” və “Özünü həsr etmək”.

Ancaq özünü sənətə həsr etmək iddiası - yaradıcı aləmin “üzü iztirablı, alnı tərli” bir nəfəri olmağa kifayət etməyə bilir.

Yox, heç kimə yaradıcılıq resepti təklif etmək iddiasına düşmək mənim işim deyildir - ancaq yaradıcılıq iddiasına düşmüş hər hansı bir adamın laboratoriyasından “bazara sunulan” “əmtəə” barədə fikir bildirmə haqqını da kimsə əlimdən ala bilməz.

Bəli, təxminən 2 ay oldu ki, “Azadlıq” radiosunun saytında gözümə “Şeir tanrının insanın qulağına pıçıltısıdır” - başlıqlı bir müsahibə dəydi.

“Tanrı” kəlməsinin bu qədər bayağılaşdırıldığı bir vaxtda (“Filan müğənni elə oxudu ki, sanki Allahın səsini eşitdim”) - Nuridə Atəşinin də qulağına

TANRININ ŞEİR PIÇILDAMASINI, TƏBİİ Kİ, SƏMİMİ QƏBUL EDƏ BİLMƏDİM

Çünki uzun müddətdən bəri yaradıcı adamların dilindən “Tanrı” kəlməsini eşidər-eşitməz “Hophopnamə”nin sabun bişirib satan müəllifinin

Tanrı hər yerdə pulu bir ürəyi səxtə verir
Mərifət müftədi çün kasibi-bədbəxtə verir -


misralarından başqa heç bir ifadakı Tanrı kəlməsi dini duyğularımı tərpətmir.

Nuridə Atəşi
Atəşi ilə müsahibəni oxumadım - ancaq, etiraf edim ki, “Tanrının məhz onun qulağına pıçıldadığı” əsərləri oxuma istəyimi də boğa bilmədim.

Atəşinin “Gəl günaha bataq”- kitabını sürətlə oxuyandan sonra “Tanrının onun qulağına pıçıldadığı” şeirlərin ümumi məzmununu özüm üçün bu 3 kəlmə ilə ifadə edə bildim :”Məni bərkdən qucaqla”.

Nədən təsirlənib yazması, əlbəttə ki, istisnasız dərəcədə yaradıcı insanın özünə aid olan bir işdir.

Bu baxımdan heç kimin yaradıcı insana “Onu yaz, bunu yazma”- deməyə haqqı yoxdur.

Nuridə Atəşi də nələrdən təsirlənirsə - onları hiss və duyğu yüklü ifadələrlə kağızın üzərinə tökür.

Ancaq hiss və duyğuların oxucular üzərində təsir yarada bilməsi üçün o duyğuların məzmunu qədər ifadə tərzi-yəni, forması da eyni dərəcədə önəmlidir.

Yox, heç kimin şairə “Qoşma yazma, sərbəst şeir daha yaxşıdır” - deməyə də haqqı yoxdur.

Hiss və duyğularının ifadə formasını tapan da şairin özündən başqa heç kim deyildir.

Hiss və duyğuların ifadə tərzindəki sərrastlığı ölçmək mənim işim deyildir.

Ancaq bunu deməkdən özümü saxlaya bilmirəm ki, əsərin məzmununun sərrast bir formaya pərçimləsnməsi bədii cəhətdən bitmiş bir əsərin meydana çıxmasına səbəb olur.

Hegelin “Məzmun formanın məzmuna keçməsidir - forma isə məzmunun formaya keçməsindən başqa şey deyildir”- sözləri bu vəhdəti dəqiq şəkildə ifadə edən bir düsturdur.

”Gəl günaha bataq” kitabındakı şeirlərin əksəriyyəti bitmiş əsərlərdən çox,

TƏLƏM-TƏLƏSİK ESKİZLƏR TƏSİRİ BAĞIŞLAYIR

Kitabdakı şeirləri rəssamların tabloları ilə müqayisə edəndə, sanki kağızın üzərinə qara qələmlə çəkilmiş bir-iki çizgini və ya kətanın üzərinə fırça ilə atılmış bir-iki rəngi görürsən.

Kitabdakı şeirləri natamam musiqi notlara da bənzədə bilərsiniz.

Bu cür yazmaq, əlbəttə, Atəşinin öz tərcihidir. Mən onun şeirlərinin daha uzun və ya qısa olmasının lüzumundan bəhs etmə haqqına sahib deyiləm.

Əgər hörmətli Atəşi mənim “çiy eskizlər” kimi hiss etdiyim şeirlərini bitmiş, kamil əsərlər olaraq görürsə, mən də Əli Kərimin Məhəmməd Hadiyə həsr etdiyi

Həqiqət it şəklindəsə, yalan ceyran şəklində
Olma iti Madonnatək sevəcəyim şəkkində -


bu ikicə misralıq şeirini məzmun və forma vəhdətinin önəmli bir örnəyi kimi ortaya qoyub iddia edərəm ki, Əli Kərim bu ikicə sətirdəki vəhdəti yarada bilmək üçün bəlkə də illərlə “alnında tər, üzündə iztirab” axtarış aparıb.

Bu baxımdan mən Atəşinin şeirlərində müdhiş bir tələsiklik hiss etdim - çox vaxt mənə elə gəldi ki, “Gəl günaha bataq” - kitabının müəllifi əsərlərini yazdıqdan sonra onları təkrar bircə dəfə də oxumur - eləcə evindən mətbəəyə göndərir.

Əlbəttə ki, bu da onun öz haqqıdır - çünki ədəbiyyatın tədavülünə daxil etdiyinə inandığı əsərlərin altındakı imza onun özünündür.

Onun şeirləri mənə uzun illər Avropada yaşamış Türk rəssamı Fikrət Muallanın bir aksiyasını xatırlatdı: yumşaq yerinə boya sürtüb kağızın üzərində oturan Mualla da kağızın üzərinə yayılan boyanın sənət əsəri olduğunu iddia edirdi.

Muallanın “əsər” dediyi o tablolardan bəziləri indi Avropanın rəsm bazarında dolaşır və bu gün Türk rəssamı kimi Avropa hamıdan çox Muallanı tanıyır.

Yaradıcı dünyanın sərhədlərini kim müəyyənıəşdirə bilib ki?

Bu kiçik qeydləri etməkdə məqsəd qətiyyən Atəşinin şeirləri barədə ədəbi mülahizə yürütmək deyildir.

Sadəcə Atəşinin “Gəl günaha bataq” kitabındakı şeirlərin mənim üzərimdə buraxdığı təsiri “Oxu zalı”nda ifadə etmək istədim.

Bu baxımdan Atəşini yaradıcı aləmə saysız-hesabsız “diametralnı protivopoljnı” metaforalarla “kaçatlayan”ların hamısını təqdir edirəm - müzakirə həmişə və hər yerdə faydalıdır.

“Kaçatlamağa” davam.....

Vahid, bu şeri Təbrizə göndərmək istərəm,
Qismət olaydı ki, görüşək Şəhriyar ilə


XS
SM
MD
LG