Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:21

Şərif Ağayar "KƏRPİCKƏSƏN KİŞİNİN DASTANI" (Povest)


Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli nəsə bir iş var: «İlyaz kişi dedi, evi gələn ayın başınacan boşaldın».

Hamımız biri-birimizə baxdıq, nə deyəcəyimizi bilmədik. «Gələn ayın başınacan?!» – anam həyəcanla soruşdu.

Dədəm uzun fasilədən sonra «hə» dedi.

İlyaz qonşumuz idi. Daha doğrusu, biz onun qonşuluğundakı iki otaqlı, kürsülü evin müvəqqəti sakinləri idik.

Hələ köçümüz təzə gələn vaxtı qonşu arvadlar tökülüşüb bu kimsəsiz evin tarixçəsini bizə danışmışdılar.

Ev Teylur adında bir kişinin olub. Teylur İlyazın ögey qardaşı imiş. Traktor sürürmüş.

Bir gün qohumlarından biri ova gedəndə kənddən bir az aralı əkin sahəsində Teylurla rastlaşır. Görüşürlər, adama bir siqaret çəkirlər, sonra Teylur dinc durmayıb tüfəngi ondan almaq istəyir.

Ovçu patronun az olduğunu bəhanə gətirib tüfəngi vermir. Süpürləşməli olurlar. Çəkhaçək, vurhavur… birdən tüfəng açılır. Tüfəng açılan kimi Teylurun boğazında ağ deşik görünür…

Teylur yerə yıxılıb xırıldaya-xırıldaya çabalayır, qohumu isə qorxusundan tüfəngi atıb qaçır.

İlyaz kişi vaxtı ilə Teyluru güllələyən oğlanın anasını boşayıbmış. Kənddə danışırdılar ki, arvadını çox incidirmiş İlyaz. Guya, arvad özü durmayıb onda. İndi də oğlunu öyrədib ki, hayıfını alsın bu törəmədən.

İlyaz qoca kişidi; bir ayağı burda, o birisi gorda, onu öldürməyəcəkdilər ha! Ən yaxşısı Teylurdu… Cavan, yaraşıqlı, təzə ailə qurub, körpə uşağı var. Teylurun ölümündən sonra həyat yoldaşı dözməyib bu kənddə.

Övladını da götürüb gedib rayondakı qohumlarının yanına.

Qonşuluğumuzda Sənəm adlı bir qadın vardı. Köçümüz maşından daşınıb rəhmətlik Teylurun xaraba evinə yığışan vaxtı bizə üzü yumurtalı təndir çörəyi, camış qatığı gətirmişdi: «Yeyin siz Allah. Allah erməninin bəlasını versin. Hamımız müsəlmanıq…»

Sənəm arvad dil-ağızdan qalmırdı: «Vallah savabdı, bu komadan da işartı gələr, insan hənirtisi eşidilər. Evlər boş qalanda, işığı gəlməyəndə Allaha ağır gedir».

Arada anamı yanlayıb başqa vacib xəbərləri də çatdırmışdı: «Bu ev əslində Teylurun arvadınındı. İlyaz kişiynən qannı-bıçaqdılar.

Bilsə, qiyamət qopacaq. Yaman hayasızdı haaa!» - Əlini əvvəl yavaşca dizinə vurub sonra çənəsini bürmələmişdi.

Laçında, öz doğmaca evimizdə başımız üstündən müharibə xofu asılmışdısa, burda Teylurun arvadının zəhmi basmışdı bizi. Hər an gələ, bizə dişinin dibindən çıxanı deyə, mitilimizi bayıra vızıldada bilərdi.

Evə söz ola bilməzdi. Döşəməsi, tavanı, ağ boyanmış suvağı… İkicə gecə yatmamışdıq ki, dədəm həyətin yaxınlığından keçən qaz borusunu deşib evə ayrıca xət çəkdi.

Axşamlar hyətdəki tut ağacının altında oturanda Laçını unudurduq. Bircə ağcaqanadlar əsəblərə mizrab çəkən dızıltısı ilə taleyimizi təkrar yada salır, bizə sözün bütün mənalarında dinclik vermirdi.

«Bay sənin saqqalına tula bağlayım. Sən də kişisən, a gözüynən görmüş?!» - Düz tapdınız…

Teylurun arvadı gəlmişdi. Həyətdə çaxnaşma düşdü. İlyaz, kənddə ona Dəli İlyaz deyirdilər, əlinə lapatkə alıb Teylurun arvadının üstünə dartındı:

«Qancığın qarnından çıxan, qardaşımın başını yedin, indi də mənim üstümə şeşələnirsən?!».

İri bədənli, qıvraq, qarayanız, olduqca hikkəli, buna baxmayaraq kifayət qədər yaraşıqlı bir qadın barmaqlarının ucunda həyəti beş dolanır, sözü mərmi kimi İlyazın üstünə yağdırırdı:

«Ə, cındır, qardaşının qisasını ala bilmədin, qaçıb tuman altda gizdəndin, hələ utanmıyıf danışırsan!!! Hələ bir dərənin qəhbələrini gətirib evimə yığırsan!» Teylurun arvadının son cümləsi mədəmin üstündə isti bir partlayış doğurdu.

Bu isti tədricən başıma doğru, sinəmə, boğazıma, boynumun arxasına, qafamın içinə, ən axırda isə gözlərimə və ağzıma yayıldı. Dönüb anama baxdım. Başını aşağı salmışdı. Bu arada balaca bacım anamın ətəyindən tutub ağlamağa başladı.

Teylurun arvadı saman topasının üstünə sancılmış yabanı götürüb İlyaza tərəf cumdu. Arvadlar özlərini çatdırıb onu tutdular. Ağzı köpüklənə-köpüklənə İlyaza tərəf qışqırdı: «Ay oğraşşş!!!». Bu, onun son sözü oldu.

Huşunu itirib yerə yıxıldı. İlyaz Teylurun arvadının üzünə həyəcanla su çiləyən arvadlara baxıb acı-acı güldü: «Lotuşka özünü bicliyə vurub. Ona heç nə olan döy!»

Teylurun arvadını sürüyə-sürüyə evimizə, üzr istəyirəm, öz evinə apardılar. Döşək, mütəkkə…

Alnına soyuq suda islanmış əski qoydular.

Arvad ayılan kimi hamımızı heyrətləndirdi: «Siz Allah incimiyin, bir az hövsələsizəm.

Teylurun ölümü bir yana, bu biqeyrətlər bir yana… Başım xarab oluf tamam, nə danışdığımı bilmirəm. Evim sizə qurbandı, nə qədər istəyirsiz qalın».

Bəs indi İlyaz kişidən aldığımız «nota» nə idi. Axı evin əsil yiyəsi Teylurun arvadıdı. O da bizə «nə qədər istəyirsiniz qalın» demişdi.
Hamı sual dolu nəzərlərlə dədəmə baxırdı.

Dədəm yenə qaşlarını ata-ata fikrə getdi. Onun bu adətini sonralar kompüterin axtarış əməliyyatına bənzədəcəkdim.

O, eynən kompüter kimi, beynində virtual kargüzarlıq işi aparır, «kağız-kuğuzu» yerbəyer eləyib qafasının ayrı-ayrı «disklərinə» atır, lazım olanı öz bəlağətli danışığında bəyanə gətirir, məhz bu danışıqdan əvvəl kişinin qaşları qalxıb alnının ortasında çardaq dirəkləri kimi çatılırdı.

Yenə belə oldu. Qaşlar oynaya-oynaya vəziyyəti təfərrüatı ilə vərəvürd eləyib kşinin balaca alnının ortasına milləndi: «Çayırlıqda yer götürmüşəm. Özümüzə daxal tikəcəyik».

***

İlyaz kişinin xəbərdarlığının səbəbini də Sənəm arvad söylədi bizə: «İlyaz Teylurun baldızını oğluna alıb. Bir-iki həftəyə toylarıdı. Toydan sonra bu evə yığışacaqlar».

Bu ərəfədə gün-güzəranımıza ciddi təsir edən bir hadisə baş verdi; ali məktəblərin test siyahısında mənim də adım çıxdı. Nəsrəddin Tusi adına Pedoqoji Universitetin filologiya fakültəsinə qəbul olunmuşdum.

Topladğım bal da yadımdadı: 310. Soruşan olanda bir az çox deyirdim.

Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş. Məndən artıq evdəkilər sevinir, kasıb süfrəmizin üstündə Allaha şükür yerinə mərhum Elçibəyə dualar oxunurdu. Ən çox ali təhsil diplomum üçün Gəncədə üzünə 40 min manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin…»

Tələbə adını almağım münasibəti ilə dədəm bazardan gündəlik azuqəmizlə yanaşı bir paçka İran xınası alıb gətirdi. Anam saçlarını xınaladı. Balaca bacım da fürsəti itirməyib əllərini qırmızı boyadı.

Məni mal-heyvana göndərmirdilər artıq. Zarafat deyildi ha, öz gücümə ali məktəbə qəbul olunmuşdum. Di gəl ki, dərslərin gec başlması bir az əleyhimə işləyir, tələbə üstünlüyümə tədricən kölgə salmağa başlayırdı.

***

«Ay oğul qalx, qalx bir çay iç, Səməd Vurğuna gedirik» - dədəm idi. Axşamdan bilirdim ki, tikəcəyimiz daxalın orta tiri üçün qonşuluqdakı Səməd Vurğun kalxozuna gedəcəyik. Biz olan kənddə ərər ağcları yaxşı böyümürdü.

Deyirdilər torpağın bir-iki metirliyində şor su var, ona görə…

Gün hələ çıxmamışdı, bu kişi ertədən gedib kimin qapısını kəsdirəcək deyə düşündüm.

Sonra bəlli oldu ki, Səməd Vurğuna piyada gedəcəyik. Dədəm axşamdan itiləyib hazırladığı baltanı qoltuğuna vurdu, «girzovoy» sapoklarını ayağına çəkib yola düzəldi. Mən də onunla dabanbasdı…

Kəndin bizim təzə götürdüyümüz məhəllə yerinə tərəf çıxacağında ağ-mavi rənglərlə boyanmış dəmir darvazanın altından balaca bir çubuş sıyrılıb çıxdı, dədəmin üstünə atılıb beyini mişarlayan nazik və qarışıq səslə hürdü.

Dədəm arxaya necə sıçradısa balta qoltuğundan yerə düşdü. Çubuş dala-dala çəkilən kişinin qorxduğunu görüb daha da qızışdı, ondan əl çəkmədi. Dədəm kepqasını çıxarıb «ay it! ay it!» deyə-deyə özünü qorumağa başladı.

Mən də çaşmışdım. Ancaq özümü tez ələ aldım, yerdən bir kəsək götürüb itə tərəf tolazladım. İt zingildədi, quyruğunu qısaraq çəpərin dibinə tərəf qaçdı. Dədəm dərindən ah çəkdi: «Köpəyoğlunun iti necə sərt imiş.

Bunun boyuna bax, həşirinə bax!» Papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verdi, əyilib baltanı götürdü, şırhaşır axan balaca kanalın tini ilə addımladı.

Darvaza Sonayagilin idi. Aramızda qalsın, Sonyaya vurulmuşdum.

Gözəl qız idi. Uzun saçları, göy gözləri, yaşının az olmasına baxmayaraq gəlişmiş boy-buxunu, üstəlik, belindəki səhəngə belə naz satan ədalı yerişi, şaqraq qəhqəhələri vardı.

Bütün tövrü ilə başını nümayişkaranə qaldıran məmələrini ətrafdakılara göstərir, hamını bu gözəl tənasüblüyün fərqinə varmağa məcbur edirdi.

Təzə götürdüyümüz məhəllə yeri Sonyagilin qonşuluğundaydı. Sizdən heç nə gizlətməyəcəm, qız məni saymırdı. Nəinki saymırdı, üstəlik gülürdü mənə, imkan düşən kimi ələ salırdı.

Qulağıma bir ismarıcını da çatdırmışdılar: «Camaata it hürər, bizə çaqqal!». Hər dəfə qarşılaşanda yanındakıların qulağına nəsə pıçıldayır, şaqqanaq çəkib gülürdü.

Çox vaxt Sonya ilə üz-üzə gələndə yolumu dəyişirdim. Bel üstə düşmürdüm amma!

Özümü təsdiq etmək, eşqimi sübuta yetirmək, əslində ciddi adam olduğumu anlatmaq üçün çaba göstərirdim. Ali məktəbə qəbul olunmağım məntiqlə sevgimə öz töhfəsini verməli idi.

Bu töhfəni səbirsizliklə gözləyirdim. Özümüzə ev tikməyimiz də işin xeyrinə olacaqdı. Dədəmin Səməd Vurğun kalxozuna ağac dalınca getmək təklifi lap ürəyimcə oldu.

***

Dədəmin pəsdən gözəl oxumağı vardı. Yola pilləkən salmaq üçün adamın ruhuna sakitlik gətirən, eyni zamanda kövrəldən, az qala ağladan yanıqlı bir avazla oxumağa bşladı:

Mən Kərəməm Gəncə mənim bağlarım

Duman gəldi çiskin aldı dağlarım…

«Ay dədə, bizdən başqa qaşqın yoxdu bu kənddə?» - mən soruşdum.

«Biz qaşqın deyilik, məcburi köşkünük. Qaşqın Ermənistandan gələnlərə deyillər».

«Bunun fərqi var ki?»

«Var, var. Yardımda-zadda fərq qoyullar. Onlara güzəştlər lap çoxdu».

***

Kişini belə savadlı bilməzdim. Səməd Vurğun kalxozunun sovet sədri ilə bir söhbət elədi ki….

«Siz elə bilirsiz, xalqın azadlığa görə bu qədər qan tökməsinin qiymatını bilmirəm! Azadlıq qurbansız olmur ha! Əsas odu ki, ölkəmiz azaddı, torpaqlarımızı gec-tez geri alacağıq».

Sovet sədrinin tüksüz başı daha da parıldadı.

«Biz hörmətli prezidentimizin ətrafında yumruq kimi birləşməliyik. Bütün çətin işlərin həlli yolu budu. Allah prezidentimizə köməy olsun. Onun sayəsində bax bu oğlum test üsuluynan instuta girdi».

Sovet sədrinin gülümsər gözləri məni başayaq süzdü:

«Haaaa… Təbrik edirəm, təbrik edirəm. Hara düşmüsən, a bala?»

«Nəsrəddin Tusiyə» - şeşələndim.

«Lap yaxşı, mən də Tusini bitirmişəm».

Dədəm ayaq üstə, qoltuğunda balta, əlində toza batmış kepka nazik boynunu irəli uzada-uzada nitqinə davam etdi:

«Qarabağ məsələsini düyünə salanlar salır. Bu, rus işpiyonlarının işidi. Yoxsa ermənidə cürət nə gəzir ki, torpaq ala, camahatı qovalaya… Bax elə götürək bizim rayonu…

On iki imam haqqı, yoldaş sədr, «Eşşək meydanı»ndan o üzə damazlıq bir heyvan da qoymamışdıq. Dədələrinin üçündə-yeddisində kəsməyə heyvan tapmırdılar» - güldü - «Camahat zarafatla danışırdı ki, ermənilər bizə xəbər göndərif - siz Allah heç olmasa damazlıq bir-iki inək saxlayın, gələn il də oğurlamağa bir şey olsun. Ha-ha-ha.

Bizim qonşu kənddə bir İrəsul vardı. Anan ölər oğul! Çartaz fermasından erməni heyvanı aparırmış, postda saxlayıllar ki, sənədlərini göstər, cibindən erməni qulağı çıxardır.

Deyir mənim arayışım budu. Çox qoçaq oğlanlar vardı, çoox! Bax, sənnən soruşuram, yoldaş sədr, öz qapısının heyvanını qoruya bilmiyən adam özgə torpağını ala bilərmi?»

Sədr dinmədi.

Dədəm:

«Hə, ala bilərmi?»

Sədr yenə dinmədi.

Dədəm bir də təkrarladı:

«Torpağı deyirəm e… ala bilərmi?»

Sədr dədəmin əl çəkməyəcəyini görüb könülsüz «yox» dedi. Dədəm tutuldu bir az, tez söhbətinin əvvəlinə qayıtdı:

«Camahat da gərəy öz taleyinə biganə qalmasın, vətənin gələcəyi üçün əlindən gələni eləsin» – boğazını arıtladı – «Ölkəmizin gələcəyi, xalqın ağ günə çıxması sizin kimi gözəl irəhbər işçilərdən də asılıdı. Allah sizə də köməy olsun».

«Sağ olun, sağ olun. Niyə oturmursuz, əyləşin…»

Dədəm «T» şəkilli stolun sol tərəfinə düzülmüş döşəkli stulların birində oturdu. Arıq boynunu irəli uzadıb nəsə demək istədi, ancaq boğazını arıtlamaqla kifayətləndi. Kişinin bir tərəddüd içində var-gəl etdiyini açıqca hiss edən sovet sədri dodağının altında balaca qımışıb tez də ciddiləşdi.

Dədəmin nə deyəcəyini və bəlkə daha çox bu «nəyi» necə deyəcəyini səbirlə, həm də böyük maraqla gözləməyə başladı.

«Allah ölənlərinizə irəhmət eləsin, rəhmətlik dədəm həmişə deyərdi ki, dağ kişinin atasıdırsa, aran anasıdır.

Çətin gündə dağ adamları arana üz tutublar, burda dolanışıq tapıblar.

Yoxsa, iraq olsun, arandakılar biz tərəfə qaçqın gəlsəydilər qarda-boranda çətin ki salamat qalardılar» – duruxdu, sözünün bir balaca yersiz olduğunun fərqinə vardı deyəsən. Belə məqamlarda dədəm həmişə misallar gətirir, şeir deyir. Şeir deyəndə də həmişə karıxır. Üryəimdə Allaha yalvardım ki, şeirə keçməsin dədəm. Çifayda…

«Aran doğrudan gözəl torpaqdı. Böyük şairmiz Vaqif də yaxşı deyib:

Kür qırağının əcəb seyrəngahı var

Ya… Yaş… Yaşılbaş… Yaşıldbaş» - qaşları düyünləndi - «Yaşılbaş…»

«Yaşılbaş sonası var bu yerlərin» - sədr düzəliş verdi.

«Hə… Hə… Yaşılbaş sonaları da var bu torpağın…» - duruxdu, şeirin düz getmədiyini hiss etdi deyəsən, ancaq üzə vurmadı – «Doğrudan qızıldı bu topaq. Hərdən uşaqlara deyirəm aclıqdan qorxmuyun, Qarabağ bərəkətli yerdi, bərk ayaqda kövşən yerlərində başaq eləyib çörəyimizi ovcumuzla toplayarıq».
Soved sədrinin səsi gərləşdi:

«Elə niyə deyirsən, ağsaqqal, ölməmişik ha! Şükür olsun Allahın birliyinə, indi hər hektardan üç-dörd ton taxıl çıxır».

Dədəm müticəsinə gülümsündü:

«Bizim torpağımız yoxdu də, o mənada deyirəm, yoxsa sizdən bir narazılığım yoxdu ha».

Sovet sədrinin sifətində güclə seziləcək bir təəssüf ifadəsi dolaşdı.

Dolaşdı və tez də sovuşub getdi. Söhbət yenidən öz köhnə məcrasına qayıtdı. Sovet sədrinin tüksüz başı, kostyumu, qalstuku, qarşısındakı telefonlar, başının üstündəki bayraq, gerb, bunlar azmış kimi bayaqkı vətənpərvər nitq dədəmin gözünün odunu almış, onu tərksilah eləyib sovet sədrinin hüzurunda əsir gününə salmışdı.

Sovet sədri heç nə demir, təbəssümlə qıyılan biləndər gözlərini dədəmə dikib susur və bəlkə də onun bu vəziyyətindən ləzzət alırdı.
Nəhayət dədəm utana-utana sözə başladı:

«Bilirsiniz də, qabaqdan qış gəlir… Biz də əvvəllər İlyazın evində olurduq… Ev əslində İlyazın deyil, onun qardaşınındı… Qardaşının arvadı isə evi bizə vermişdi… Bilirsiz, onları da qınamıram, camahatın evini əlindən alası döyülük ha…»

Sovet sədrinin heyrətdən böyümüş gözləri bu dəfə mənə zilləndi. Sual dolu nəzərlərlə… Onun üz cizgiləri açıqca deyirdi: «Bu kişi nə danışır?»

Dədəm bir də boğazını arıtladı. Az keçməmiş bir də daha dərindən arıtladı, boynu ilə yanaşı sinəsini də irəli verib səsinin tonunu dəyişdi:

«Özümüzə daxal tikmək istəyirik».

Sovet sədri gözlərini məndən çəkib dədəmə zillədi:

«Tikin də!»

«Bir az ağac-uğac lazımdı, biz olan kənddə ərər ağacları böyümür, torpağın bir-iki metrliyində…»

«Tikin də, qoymuruq bəyəm» - dədəmin sözünü kəsdi və əslində onun yenidən mövzudan sapmağına imkan vermədi.

«Ağacımız yoxdu də… Dedim bəlkə idarənizin həyətindəki bu ağaclardan birini…» - dədəm həmsöhbətinin tündləşən sifətinə baxıb sözünü yarımçıq kəsdi. Sovet sədri elə bil dədəmin qoltuğundakı baltanı indi gördü. Üz-gözünü turşutdu, səsi dəyişdi:

«Bilirsiniz, bu ağaclar kalxozundu… Əslində heç kalxozun da deyil, təbiəti mühafizənindi».

«Bəlkə sədrlə görüşdürəsiniz bizi».

«Kalxoz sədri indi burda yoxdu. Abeddən sonra gələcək. İdarəsini tanıyırsınız?» - cavab gözləmədən sağ tərəfinə qoyulmuş kiçik stolun tinindəki düyməni basdı. İçəri cavan bir oğlan girdi.

«Apar bu kişiyə kalxozun idarəsini göstər».

***

Nahar vaxtı kalxozun həyətində xeyli hərləndik.

Dədəm ərər ağclarına diqqətlə baxır, orta barmağı ilə ağacların gövdəsini ehmalca çırtmalayır, elə bil tikili üçün nə dərəcə dözümlü olduğunu yoxlayırdı. Arada gözünün birini yumub başını ağaca yaxınlaşdırır, altdan yuxarı tüfəng lüləsi kimi dümdüz uzanıb gedən ağaclara baxıb heyrətlə deyirdi: «Pahatonnan! Bizdə belə ağac hardan idi?

Mən deyəndə ki, Laçın yaşayış yeri deyil, mənə gülürdülər. İmkanın ola, elə buralarda ölüb qalasan».

Kalxoz idarəsinin həyətində bir xan çinarı da vardı. Dədəm bu ağaca da xeyli tamaşa elədi. Uzun müşahidədən sonra bağı özü salıbmış kimi fəxrlə dedi: «On-on beş evin materialı var bu çinarda. Qol-qanadını da bir qış uzunu yandırmaq olar».

Sonra cibindən qatlanmış dəmir metrəni çıxarıb ağacın gövdəsinin çevrəsini ölçdü. Metrəni gözünə lap yaxınlaşdırıb dırnağının altında sıxdığı rəqəmə diqqətlə baxdı və heyrətlə başını qaldırdı: «Poohooo!!! Altı metir qırx iki santı… Desən heç kim inanmaz».

***

Kalxoz sədrinin yanına tək girdi dədəm. Amma bu dəfə baltanı da, kepqasını da mənə verdi. İçəridən çıxanda qaşları yerindəcə biri-birinə çatılmışdı. Heç nə demədi. Dinməz-söyləməz kepqasını da, baltanı da məndən alıb kalxoz idarəsinin həyətindən çıxdı.

Darvazadan təxminən on addım aralanandan sonra dərindən köks ötürüb dedi: «Gəl gedək, Allah bunnarın evini yıxsın».

***

Sənəm arvad bizə gəlmişdi. Dədəmə məsləhət gördü ki, kənddəki yükləyici traktorla danışıb saman-palçıq yoğurtdursun.

Nə qədər ki, havalar istidi palçıq qıcqırsın, kərpic kəsilsin, sonra puluynan da olsa ağac-uğac tapmaq olar. Günortadan sonra dədəm yükləyici dalınca getdi, mən isə balaca qardaşımı qarşılamağa çıxdım.

O, pambıq sahələrinin yanından axan kanalların böyründəki balaca təpəciklərdə qoyunumuzu otarırdı.

Örüşə tərəf çıxar-çıxmaz tanımadığım bir oğlan mənə yaxınlaşıb dedi ki, qoyunlarınızı tutdular.

Harda? Pambıqda. Addımlarımı yeyinlətdim. Həqiqətən də kalxozun «Mal yeri» deyilən pambıq tarlasının yanında xeyli adam toplaşmışdı. İki jiquli maşın vardı. Qaçdım.

Kəndin kalxoz sədri, sahə müvəkkili, pambığın qoruqçusu, yaxında-uzaqda pambıq yığan, su-suvaran insanlar… hamısı burda idi. Qoruqçu qardaşımı tutmuşdu.

Qardaşım ağlaya-ağlaya, qışqıra-qışqıra nə qədər dartınırdısa da qoruqçunun əlindən çıxa bilmirdi. Məni görüb daha bərkdən hönkürdü. Mən nə baş verdiyini anlamadan qoruqçunun üstünə cumdum: «Uşağı burax!!!»

Qoruqçu: «Pambığı basdırmağınız bəs deyil, hələ bir üstümə gəlirsən. Sən öl səni dədənnən bel-belə sarıtdıracam. Budu e, bütün hökumət burdadı. Qoyunlarınızın hamısını aktlaşdırıb ətə göndrəcəm».

«Uşağı burax, əclaf!» - qoruqçu ilə yaxalaşdım. Məni tutdular. Bu heynidə qoruqçunun oğlu üstümə qaçdı, sifətimə möhkəm bir yumruq ilişdirdi. Əvvəlcə sol gözümdə yaşıl işıq parıldadı, sonra bütün aləm qaraldı.

Yəqin ki, qollarımdan yapışmasaydılar, yıxılacaqdım. Başıma, gözümə qapaz-yumruqlar yenə dəyirdi, ancaq o qədər təsir eləmirdi. Ara-sıra tanımadığım səslər eşidirdim: «Kərim, vurma!», «Kərim! Kərim!», «Ə, biriniz onu tutun!», «Buraxın məni, onun anasını ….!»

Gözümün altına soyuq suda islanmış əski qoydular.

Qardaşım vurulduğumu görəndən sonra səsini kəsdi. Amma gözümü açanda onun xısın-xısın, səssiz ağladığını gördüm. Sahə müəvəkkili yaxınlaşıb məni vurana – yəqin ki, Kərim bu idi – bir sillə ilişdirdi: «Əclaf, sən kimsən ki, vətndaşa əl qaldırırsan!».

Kərimin atası polisin qarşısına çıxdı: «Pox yeyib mən dədəsiynən!»

Sahə müvəkkili: «Pox yemiyəndə, kanfet tükanı açmışam! Sən öl səni soxacam qoduqluğa».

«Düz elədim. Qudurublar bunnar. Babalarının qəbrinə erməni işiyir, gəlib bizim yerimizi-yurdumuzu basdırırlar» - bunu Kərim dedi.

«Kəs, küçük!» - Kərimin atası oğlunun ağzının üstünə bir qapaz vurdu. Sonra mənə yanaşdı: «Bala, qələt eləyib. Cavansız, birini sən ona vurdun, birini də o sənə. Sən də gərək mənə əl qaldırmayaydın, yaşlı kişiyəm».

Mən ona əl qaldırmamışdım.

Sahə müvəkkili maşına minməzdən əvvəl əlini açıq qapıya söykəyib üzünü camaata tutdu: «Qoyunları aparın kalxozun tövləsinə, aktlaşdırın, nə qədər ziyan dəyibsə ödəsinlər, mən icazə verməyincə heyvanları buraxmayın».

***

Bir azdan dədəm gəlib çıxdı. Əvvəlcə bizi danladı, kalxozun yerini basdırdığına görə balaca qardaşıma bir sillə vurdu.

Qardaşım ağlaya-ağlaya: «Ay dədə, vallah, qoyunları saxlaya bilmədim, qaçıb doluşdular pambığa…» - dedi.

Heyvanlarımızı burxmadılar. Dedilər «uçaskov» gəlməsə olmayacaq.

Dədəm piyada düşdü yolun ağına – Səməd Vurğuna tərəf. Biz olan kəndlə Səməd Vurğun kalxozu eyni sovetlik idi.

Sonralar bildik ki, dədəm gecə gedib sovet sədrini tapıb, vəziyyəti danışıb, xahiş edib ki, heyvanlarımızı buraxsınlar, bir də belə qələt eləmərik.

O da zəng eləyib sahə müvəkkilinə, sahə müvəkkili gecə maşına minib gəlib biz olan kəndə, heyvanları açıb buraxıb. Amma kişinin boyununa bir toğlu qoyub.

***

Mən evə girən kimi anam «uyyyy!!!» eləyib əlini üzünə atdı: «Səni kim vurdu?!». Dinmədim.

«A bala, niyə cavab vermirsən?! Kim səni bu günə salıb? Bə instuta necə gedəssən? Vay, evi yıxılan canım!».

«Nə olub e…» - mən dedim.

«A bala, birisüyün dərslər başdıyır, dayın xəbər göndərib ki, hazırlaşıb rayona gəlsin… Səni kim vurdu belə?!»

«Kərim!» - qardaşım dedi - «Hamı üstümüzə tökülmüşdü, dədəm də gəlib məni vurdu».

Sonra təfsilatı ilə əhvalatı danışdı. Axırda yenə kövrəldi: «Heç kim sözümüzü demədi, bizi döydülər» - ağladı. Anam onu sakitləşdirmək istədi: «Ağlama bala, burda heç kimimiz yoxdu, kim üstümüzdən gələcək ki? Dədənin başı batsın, bizi eldən-obadan perik salıb bu qərib-qürbət yerə gətirdi».

Bacım da qoşuldu qardaşıma. Bu heynidə qoyunların hənirtisi eşidildi. Çölə qaçdıq. Dədəm heyvanları gətirmişdi.

***

«Səhər gedəcəm yatağa (qohumlarımız yataqda olurdular) qohum-əqrəbanı tökəcəm bura» - anam dil boğaza qoymurdu – «Mənim uşağım kimin anasına-bacısına sataşıb ki, onu bu günə salıblar».

Dədəm:

«Ay arvad, bir sakit ol, dalaşıblar da, cavandılar. İki dalaşanın biri döyər, biri döyülər».

«Bizim heç kimimiz yoxdu bu kənddə. Sabah qızın böyüyəcək. Yoxdu sənin qeyrətin! Uşaqlarımı da götürüb çıxıb gedəcəm burdan. Sən qalarsan Dəli İlyazın yanında».

Dədəm səsinə müdriklik verdi:

«A rəhmətliyin qızı, iyirmi qoyunun var, un kisəsinin biri bir qoyun eləyir. Həftəyə də bir kisə un yeyirik. Acınnan ölmək istiyirsən?! Pambığa-alağa getməsək çörək tapmarıq…»

Bacım mənə yaxınlaşdı. Boynumu qucaqlayıb ağladı. Gözlərini ovuşduranda əllərinə baxdım, xınası getməmişdi hələ.

***

«Kənddə bir şofir Zülfüqar var, deyillər yaxşı adamdı, gedək bəlkə ucuz qiymətə bağındakı ağacların birini aldıq» - dədəm yenə də baltanı qoltuğuna vurub hazır dayanmışdı.

Kəndin aralığından – mərkəzdəki böyük dükanın qarşısından keçəndə Sonyanın bir dəstə qıznan sudan gəldiyini gördüm.

Dədəmin arxasında gizləndim ki, üzümü görməsin. Mümkün olmadı, yaşıl gözləri bir anlığa şəklimi çəkib yaddaşına köçürdü. Dodaqları büzmələnib içindən vulkan kimi püskürən gülüşü boğmağa müvəffəq oldu. Ardınca dədəmin iri qaloşlarına, köhnə pencəyinə, dizi süzülmüş şalvarına baxanda bu müvəffəqiyyət pıqqıltıya təslim oldu.

Yanındakı qızlar da ona qoşuldu…

***

«Vallah, ağsaqqal, həyətim sənə qurbandı, amma bu ağacları oğlum üçün əkmişəm ki, evinə material eləsin. Yenə çatmır. Bilmirəm neyləyəcəm. Bilirsən ki, indi taxta çox bahadı, pul çatdırmaq olmur.

Yoxsa bir ağac nəmənədi…» - bunu Şofir Zülfüqar söylədi.

Dədəm: «Əşi hörmətindən çıxarıq, borclu qalmarıq».

«Bıy… Ayıb söhbət eliyirsən, vallah. Sənin pulun mənim nəyimə gərəkdi. Prosdu ağacım yoxdu, yoxsa heç nəsiz verərdim» - Zülfüqar fısıldadı.

ARDINI BURDA OXU
XS
SM
MD
LG