Bakı. Petrov meydanı
100 il əvvəlki Bakı susatanlarının geyim-kecimini, mindiyi uzunqulağı, şəhərdə dolaşan dəvə karvanlarını, Parapet bağının əski halını, Qız Qalasının dənizdən görüntüsünü, Bakı Aleksandrovsk çimərliyini, Qızıllı kilsəni görmək istəyirsinizsə, Azərbaycan Tarixi Muzeyində açılan sərgiyə mütləq baş çəkin.
Sərgi məşhur rus fotoqrafı Dmitri İvanoviç Yermakovun 1912-ci ildə Azərbaycanda çəkdiyi şəkillərdən təşkil olunub.
KİMDİR YERMAKOV?
Bakıya, Azərbaycana niyə gəlib?
Yermakov 1845-ci ildə doğulub. Demək, əsr foto əsri idi. Odur ki, ixtisasca hərbi topoqraf olan, bir sıra etnoqrafik, arxeoloji ekspedisiyaların iştirakçısına çevrilən Dmitri İvanoviç fotonun sehrindən çıxa bilməyib.
Bütün həyatı və fəaliyyəti Tiflislə bağlı olub. Sonralar bu şəhərin fəxri vətəndaşı seçilib. Yermakov uzun illər XIX əsrin 60-cı illərində Tiflisdə böyük təntənə ilə açılan Qafqaz muzeyində çalışıb.
TİFLİSDƏ 150 İL ÖNCƏ FOTOATELYE AÇIB!
O, şəkil çəkməkdən əlavə, rəssam Kolçinlə bu atelyedə portretlər, vizit kartları da hazırlayırmış! Deyilənə görə, bütün Tiflis əhli onun xidmətindən yararlanırmış.
İşinin yağ kimi getdiyini görən Yermakov yaşadığı şəhərdə daha bir atelye qurur. Bununla da kifayətlənmir. Kurort mövsümündə Kislovodskda da səyyar fotoatelye açır. Onun hətta səyyar fotolaboratoriyası varmış! D.İvanoviç fotokameranı da təkmilləşdirib daha mobil hala salıbmış...
YERMAKOV POLİQLOT İMİŞ!
Fotoqraf nə az, nə çox, 10 dil bilirmiş. Yəqin ki, bu dillərin içində Azərbaycan türkcəsi də olub. Çünki XIX əsr Tiflisində bu dili hamı bilirdi. O ki ola azərbaycanlıların şəklini çəkən fotoqraf.
Yermakov o dövrdə təkcə Tiflisdə yox, hər yanda tanınırmış. Yoxsa, 1874-cü ildə Fransa Fotoqraflar Cəmiyyətinin mükafatını ala bilərdimi? Ya Rusiyanın, İranın, Türkiyənin, İtaliyanın foto mükafatlarını ona verərdilərmi?
Foto sənətinin inkişafı, yeni aparatların, texnologiyaların yaranması Yermakovu daha da ruhlandırıb. Özü də obyektivlər quraşdırmağa girişib. O, dünyanı dolaşaraq şəkillər çəkməyə başlayıb. İstanbulda, Afinada, Yerusəlimdə çəkilişlər aparıb...
Bakı. Yanan neft fontanı
İRAN ŞAHININ SARAY FOTOQRAFI OLUB!
İranda illərlə yaşayıb.
Krımın bütün cənub sahillərini dolaşıb. Oranın - Yaltanın, Qurzufun və s. görüntülərindən hazırladığı açıqcalar satışa çıxarıb.
Gəzdiyi, gördüyü, çəkdiyi ölkələrin kataloqunu belə buraxıb. Təsəvvür edirsinizmi, kataloqa 25.556 fotodan ibarət 127 albom daxil imiş! Mütəxəssislər onun bu işini müxtəlif xalqların və millətlərin adət-ənənəsinin, həyatının, məişətinin antologiyası adlandırırlar...
NƏDƏNSƏ, BAKIYA GEC GƏLİB ÇIXIB...
Xoşbəxtlikdən, ömrünün sonlarına yaxın - 67 yaşında olanda, Yermakov Bakıya da gəlib çıxıb. Çoxlu şəkillər çəkib.
Ramana qalası, Şıx burnu, Balaxanı kəndi, Parapet küçəsi, mədəndə yaşayan qadın personalı, Balaxanıda Nobel qardaşları müəssisəsi, yanan neft fontanı, neft buruqları və hündür təkərli arabalar, Ramanada neft mədənləri, Tağıyevin neft mədəni, Bibiheybət mədənində yanğın, Bayıl burnunun müxtəlif rakurslardan görünüşü, Bakıda su satanlar, dəvə karvanı, Bakı limanının ümumi görünüşü, Aleksandrovsk çimərliyi, Qala Qapıları, Qız Qalasının dənizdən əksi, Petrov meydanı, minarələr, yaşayış evləri, Xan Sarayı, Qubernatorun evi və s...
SONRA AZƏRBAYCANIN ƏSAS ŞƏHƏRLƏRİNİ DOLAŞIB...
Şəkidə, Şamaxida, Gəncədə olub. Yelizavetpolda (Gəncədə) köhnə körpü qalıqlarını, yun əyirənləri, gil qab satıcısını, qoşa minarəni, çayxananı və s., Nuxada (Şəki) şəhərin ümumi görünüşünü, şair Mirzə İlyasın şəklini, Xan Sarayını, su dəyirmanını, Nuxa nalbəndlərini, Şamaxı dükançılarını, ipəksatanları, Cümə məscidini, samanla yüklənmiş qatırı, Bazar küçəsini, Qoşabulağı, Yuxarı Qala məscidini və s. tarixin yaddaşına köçürüb...
SƏRGİNİ NİDERLAND SƏFİRLİYİ DÜZƏNLƏYİB
Azərbaycandakı missiyasının başlanğıcı kimi. Bu nadir şəkilləri bir neçə il öncə Tiflis arxivlərindən tapıblar. Surəti çıxarılan şəkilləri sərgiləmək üçün seçilən yer də tarixidir - Hacı Zeynalabdinin evinin kiçik zalı. Sərgi martın 13-dək davam edəcək. Sonra fotolar Tarix Muzeyinə bağışlanacaq.
Dmitri İvanoviç Yermakov 1916-cı ildə vəfat edib.