Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:41

Jurnalistin türmə gündəliyi-7 (Həkimin qəribə alətləri)


“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1 Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası) Jurnalistin türmə gündəliyi-3 (Qusik), Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet), Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət ), Jurnalistin türmə gündəliyi-6 (MTN-dən qaçış qalmaqalı)

Tezis: DİŞ AĞRISI

Diş ağrısının dəhşətindən, insana verdiyi əzabdan danışmaq artıqdır. Nə vaxtsa bu bəlaya düçar olanlar fikrimi yarım kəlmədən də başa düşər, qeyrilərinə isə bu cəhənnəm təzahürünü sözlə təsvir etməklə nəsə çatdırmaq, qorxuram ki, mümkünsüzdür. Bəlkə belə desəm anlayarlar?

Mənə elə gəlir ki, bütün dişlərini itirəcəyinə görə, ancaq və ancaq buna görə qocalmağına dəyər!

Yox, amma, deyəsən zəif səslənir...

Əlqərəz, ey diş ağrısı çəkənlər, təsəvvür edin kosmik miqyaslı işgəncə növü – diş ağrısı adi vətəndaşı divara dırmaşdırmağa qadirdirsə, görün dörd divar arasındakı dustağa nə divan tutur!!!

Mayın 21-i, 22-i, 23-ü və 24-ü. Bu 4 gün, 3 gecə MTN-nin mübarək divarları arasında keçirdiyim 251 günü demirəm, bəlkə də bütün həyatımın ən iztirablı parçası idi.

Dəhşətli diş ağrısı bir an belə səngimədi. Bircə saniyə belə başımı yastığa qoyub yuxulaya bilmədim.

Çər dəymiş mərəz elə bil ki, gecə-gündüz qapının üstündə işıqlanan İliç lampasından enerji alırdı (kameradakı işığı heç vaxt söndürmürdülər, lampa sıradan çıxandasa dəhliz tərəfdəki xüsusi yarıqdan onu yenisi ilə əvəzləyirdilər).

Mayın 24-də şiddətli ağrı və yuxusuzluğun kokteylindən ibarət dözülməz vəziyyətimlə apardığım mübarizənin faydasızlığı məni intihar həddinə çatdırmışdı.

Səhər növbətçi hücrəmə baş çəkəndə az qala ağlaya-ağlaya tövbə etdim:

- Ağa rəis, and olsun o Dzerjinskinin mauzerinə, əgər mən olsaydım partizan, siz olsaydınız faşist, açıb bütün sirləri tökərdim, təki məni bu diş ağrısından qurtar!

Növbətçi ikibaşlı ifadə ilə məni sakitləşdirməyə çalışdı:

- Ne suetis, zubı – ne serdtse, vırvem k çyortovoy babuşke i delu konets...

Ona ağız açanda ümid edirdim ki, təsirli ağrıkəsici dərman verər, halım yüngülləşər.

Heç bilmirəm yalvarışlarımın məcazındanmı, ya ürəyi yumşaqlığındanmı, rəhmətliyin nəvəsi məni MTN-nin poliklinikasına – diş həkiminə göndərdi.

İstəyirsiniz inanın, istəyirsiniz – yox, amma xahişimin stomatoloji kabinə ilə nəticələnəcəyini bilsəydim, ömrümdə nöbətçiyə müraciət etməzdim.

Çünki hələ uşaqlıqdan diş həkiminin xofu məndə elə böyük olub ki, (üslubun zənginləşdirilməsi üçün yox, həqiqəti əks etdirmək üçün deyirəm) əgər yolumun biri diş həkiminin otağından, digəri isə Ağdərənin girəcəyindəki minalanmış sahədən keçəsi olsaydı, düşünmədən ikincisini seçərdim.

Tərs kimi kameradan çıxanda heç maraqlanmadım ki, hara aparırlar. Elə bildim istintaqa gedirəm. Hər şey poliklinikaya çatanda, diş həkiminin otağını görəndə agah oldu.

Pəhləvan cüssəli stomatoloq həkimdən daha çox qəssaba bənzəyirdi.

Dirsəyə kimi çırmadığı ağ xalatla vahiməli təzad təşkil edən tüklü qollarını havada yelləyərək and-aman edirdi ki, keyidici iynə vuracaq, heç ruhum da inciməyəcək.

Mənsə divara qısılıb yalvarırdım ki, bircə dənə ağrıkəsici həb versin, çıxım gedim:

- Əşi mənim vaxtım hanı? Kamerada iş-güc tökülüb qalıb. Həkim, sən Allah, məni ləngitmə! – deyirdim.

Məni bura gətirən nəzarətçi də ona qoşuldu. Uzun çənə döyüşündən sonra dilə tutub otuzdurdular bəndənizə elektrik stulu qədər dəhşətli görünən kresloya. Birdən!

Birdən, gözüm sataşdı stola: onun üstünə əcaib-əcaib kəlbətinlər, qarmaqlar və müəmmalı təyinatlı digər polad alətlər düzülmüşdü. Allah-allah!

Bəlkə gecə vaxtı qəbiristanlıqda yüzlərlə cin-əcinnə üstümə şığısaydı belə vahimə keçirməzdim!

Ayağa qalxıb qapıya sarı götürüləndə nəzarətçi qabağımı kəsdi:

- Bir “statya” da qaçış üstündə qazanmaq istəyirsən?

İkinci dəfə müdhiş kresloya az qala zorla otuzdurulanda qorxudan halım özümdə deyildi. Halal olsun həkimə, başa düşən oğlan idi, kəlbətinlər düzülən stolun üstünü ehmalca ağ dəsmalla örtməyə macal tapmışdı...

Tezis: QURAQLIQ

Bakı əhlinin yadında olar: 95-in isti iyul günlərində qəfildən bütün şəhərdə su adlı şey qeybə çıxdı.

Ona görə belə əminəm ki, bu quraqlıq camaatın yadında qalar – həmin vaxt hətta hökumət başçılarının qaldığı mərkəzi məhəllələrdə də su kəsilmişdi, MTN binasında da həmçinin.

Təcridxanadakı məhbuslar bu quraqlıqdan yaman əziyyət çəkdilər. Susuz qalan SİZOniyanın dəhlizlərindəki havaya heyvanxana və sirklərdə rast gəldiyim spesifik qoxunun analoqu hakim kəsilmişdi.

Nəfəs almaq, yuyunmaq dursun bir qırağa, günlərlə ac qalmaq lazım gəlirdi.

Yox, yemək vardı, gündə 3 dəfə xörək və çay paylayırdılar. Sadəcə olaraq, qida qəbulunun başqa tərəfi də vardı...

Əcinnələr vəziyyəti nisbətən yüngülləşdirmək üçün 1-ci mərtəbədən su daşıyır, məhbuslara verilən vedraları doldururdular.

Məmin hücrəmdə əzəldən vedra yox idi, ona görə susuz qalırdım.

Hər səhər növbətçidən vedra istəsəm də, nəticəsi olmurdu. Deyəsən vedra çatışmırdı.

Həmin günlər evdən göndərilən “Komsomolskaya pravda” (şənbə buraxılışı) qəzetindəki bir məqalə diqqətimi cəlb etdi. Adı belə idi: “V beloye zdaniye – na zasedaniye”.

Məqalə, pardon, tualet mövzusuna həsr olunmuşdu.

Müəllif çox uğurlu bir formada sovet və postsovet tarixini bu TƏBİİ, (AXC üzvləri də siyasi kalambura görə məni bağışlasınlar...) lakin ədəb və ədəbiyyata yad bir məfhum prizmasından təhlil edirdi.

Maqələdə o qədər ironiya vardı ki, yoluxucu xəstəlik kimi mənə də sirayət edirdi. Əlim qaşınırdı.

Bir yandan da dərk edirdim ki, məndən ancaq hərəkət tələb olunur, yoxsa susuz burada canım çıxar. Rəisin adına aşağıdakı məzmunda ərizə yazdım:

MTN İstintaq təcridxanasının rəisi, polkovnik-leytenant Ərzurum İbadov cənablarına

Dilim Dilim-dilimov
SİZOniya, Generallar döngəsi, 18

ƏRİZƏ

Son günlər ortaya çıxan su problemi ictimaiyyətin cəfakeş nümayəndəsi kimi məni də narahat edir. Bətnim təcrid hücrəsində olsa da, bir jurnalist kimi ruhum daim hadisələr mərkəzində dolaşır və buna görə Bakı meqapolisinin su təchizatı sistemindəki kataklizmlərdən xəbərdaram. Su defisitinin millətimizin təhlükəsizlik tavasında gecə-gündüz qovrulan fədailərə də aman verməməsi bəndənizi təəssüfləndirməyə bilməz.

“El ilə gələn bəla bayram olar” zərb-məsəlindən bəhrələnərək hücrəmdə yaranan sanitar-aromatik gərginliyə əvvəl kifayət qədər səbr və dözümlə yanaşdım.

Lakin təcridxana işçilərinin zahiri görünüşü tezliklə məndə belə bir qənaət yaratdı ki, şəhərdə əl-üz yumaq, təraş olunmaq və yaxalanmaq üçün müəyyən miqdarda H2O (haş iki-o) ehtiyatı mövcuddur.

Sosial ədalət prinsipinin çılğın tərəfdarı kimi məndə bu ehtiyatdan payıma düşən hissəni tələb etmək arzusu yarandı. Odur ki, rica edirəm:

- Hücrəmdə müəyyən su ehtiyatı yaratmağa imkan verən 1 ədəd təmiz vedranın mənim sərəncamıma verilməsi imkanlarını nəzərdən keçirəsiniz;

- Yox, əgər bu xahişim MTN-nin təsərrüfat potensialı xaricindədirsə, onda ailə üzvlərimdən 1 ədəd vedra və 1 ədəd termos alınması məsələsinə baxasınız.

Cənab rəis, Sizi əmin edirəm ki, su qıtlığından doğan problemlər məni elə çıxılmaz vəziyyətə salır ki, bu halımın pikant məzmununu söz ilə ifadə etmək ədəb qaydalarına daban-dabana zidd olardı. Buna görə Rusiyalı həmkarım Afanasi Brınoçkanın məqaləsini ərizəyə əlavə edirəm. Düşünürəm ki, məqalə ilə bu sənəd arasındakı əlaqəni düzgün qiymətləndirəcəksiniz.


Tarix: İmza:

P.S. Mümkünsə, məqaləni oxuyandan sonra geri qaytarın.

Məni rəisin otağına gətirdilər. Əliylə oturmağa yer göstərdi. Əyləşdim. Təmkinlə (zahirən çox sakit və mədəni adam idi) söhbətə başladı:

- Dilim-dilimov, bu nə ərizədir? Başdan-ayağa sarkazmdır. Vedra lazımdır, denən vedra verək.
- Mən başa düşmədim, olmaya ərizələrə də senzura qoyulub, istədiyini yaza bilməzsən?

- Bunun axı nəyi ərizədir, başdan-başa sarkazmdır.
- Xeyr, ərizədir, ciddi yazmışam.

- Xeyir, sarkazmdır!
- Xeyr, ərizədir!

- Sar-ka-zım-dır!
- Cid-di-dir!..

Rəisin kabinetindən qayıtdığım heç 15 dəqiqə deyildi, hücrəmə vedra gətirib içini su ilə doldurdular. Çox keçmədi ki, nəzarətçi nəfəsliyi açıb rəisə göndərdiyim qəzeti də qaytardı.

Təsvir etdiyim türmə epizodu “KP”dəki məqaləsiz öz mənasını itirərdi.

Ərizəyə əlavə etdiyim qəzet məqaləsində aşağıdakı sözlərin altından xətt çəkmişdim:

“...Normal tualet tikə bilmirsənsə, yeni həyatı necə quracaqsan?” “Yeni” sözünü isə iki xətlə qeyd etmişdim (bax şəkilə).

(ardı gələn bazar ertəsi)
XS
SM
MD
LG