Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:50

«Azad qadın» heykəlinin simvolu kim olub?


Sevil (1929) filmindən kadr. İzzət Oruczadə Sevil rolunda.
AzadlıqRadiosunun «İz» proqramının ötən buraxılışı 8 mart Qadınlar Bayramına düşdüyündən, qəhrəmanı təbii ki, qadın olmalıydı və oldu da. Azərbaycanın ilk qadın kino aktrisası akademik İzzət xanım Orucovaya həsr etdiyimiz radio dastanı əvvəlcə «Kamera önündəki qadın» adlandırmaq istədik. Həyatını daha dərindən izlədikdən sonra «Ekranda öz həyatını yaşayan qadın» adının doğruluğuna inandıq. Beləliklə, ilk kino aktrisa İzzət xanımın həyat tarixçəsi sizin qarşınızdadır. Dastanı kinoşünas Aydın Kazımzadə və onun haqqında sənədli film çəkən kinorejissor Cəmil Quliyev söyləyirlər. Veriliş boyu İzzət xanımın öz səsini də eşidəcəksiniz, dostlarının onun haqqında dediklərini də. Odur ki, verilişi elə bu səhifədən dinləyə də bilərsiniz.

Cəmil Quliyev: Azərbaycan kino tarixində İzzət xanım əfsanəvi bir obrazdır. Çünki o təkcə ilk kino aktrisa deyil, həm də fədakar bir qadındır. O dövrdə -1929-cu ildə gənc bir qızın filmə çəkilməsi müşkül iş idi. Mövhumat hökm sürürdü. Qadınların kinoda çəkilməsinə çox pis baxırdılar. Belə bir zamanda bu xanım kinoya çəkilməyə razı olur və özü də filmdə çox təbii oynayır. Bu gün də, o filmə baxmaq tamaşaçıya çox təsir edir.

Aydın Kazımzadə: Doğrudur, o dövrdə qızlarımız, qadınlarımız kinoya gəlmirdilər. Bunun da səbəbləri hamıya məlumdur. Ona görə də, «Sevil» filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin bir günündə o «Təyyarə» kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Düşür bu tanımadığı qızın arxasınca, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni (görkəmli rejissor və aktyor) götürüb gedir onlara. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi, axı. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi...Cavan olsa da, onun ilanı yuvasından çıxaran (bu söz Qəmər Salamzadənindir - ilk qadın kino rejissorumuz) şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır.

Cəmil Quliyev: Filmdə bir səhnə vardı, orda İzzət xanım ağlamalıydı. Səhnə təbii alınmaqdan ötrü Cəfər Cabbarlı İzzət xanımı bir yanda əyləşdirirdi. Tarçalan çalırdı və İzzət xanıma bu çalğı elə təsir edirdi ki, o təbii ağlayırdı...Ümumiyyətlə, o filmdə süni heç bir şey yoxdur.

Aydın Kazımzadə: Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı. Xoşbəxtlikdən, bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Elə epizodlar var idi ki, İzzət xanım bu barədə həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış...Cabbarlı dediyi sözə əməl edir. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verir. Film çəkilir və ekranlara çıxanda, böyük uğur qazanır. Bundan ruhlanan Cabbarlı «Almas»ın da ssenarisini yazır. Baş rola da yenə İzzət xanımı təsdiq etdirir. Amma amansız ölüm böyük sənətkarımızı aramızdan apardı. Filmi onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdirdilər. Ölümünün bir illiyində film ekranlara çıxdı.

Cəmil Quliyev: Sevilin obrazı, həyatı hamıya bəllidir. Təsadüfə bax ki, bu qadının şəxsi həyatında da bu obraz elə bil təkrar olundu. İzzət xanım da ərindən ayrılmalı olur, çünki əri repressiya olunur. Onun əri həkim imiş. Hüseyn Cavidin yaxın dostuymuş. Sürgündə təsadüfən güllələnmədən canını qurtarır. O, biləndə ki, tutulacaq, İzzət xanımdan boşanır. Yoxsa İzzət xanımı da, biryaşlı oğlunu da sürgün edəcəkdilər. İzzət xanım cəmi bir il ailə səadətini daddı. Bütün həyatını tək yaşadı. Oğlunu böyütdü. Çətinliklərlə qarşılaşdı. Ekranda olan obraz onun həyatına keçdi...

P.S.: Həyatı sınaqlardan, eksperimentlərdən keçdi İzzət xanımın. Ekranda azad və çağdaş qadın rollarını oynadı, həyatda mühəndislik oxudu. İlk qadın neft mühəndisi oldu. Akademikliyə yüksəldi.

Ekranda feminist hərəkatına qoşulan Sevili oynadı, əri Balaşı ona yenidən vurulmağa məcbur etdi. Həyatda Stalin repressiyalarından qurtulmaq üçün ərindən boşandı.

Ekranda oxuyub ixtiraçı oldu. Həyatda qışın şaxta-sazağında donmayan tank yağı icad etdi. İkinci Dünya savaşının tez bitməsinə yardımını əsirgəmədi.

İzzət Orucova Sevili oynamadı, öz həyatında yaşadı...Və sonda Azad qadının simvoluna çevrildi...
XS
SM
MD
LG