Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:17

«Mətbuat Şurası Prezident Administrasiyası yanında əlavə qurumdur»


Azər Əhmədov
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatında bildirilir ki, bəzi jurnalistlər hələ də həbsdə qalır. Hakimiyyət onların jurnalist fəaliyyəti ilə bağlı tutulmadıqlarını bildirsə də, beynəlxalq və yerli şərhçilər hesab edir ki, onlar hakimiyyəti tənqid etdikləri üçün həbsdə olublar.

«Azadlıq» qəzetinin baş redaktoru Azər Əhmədov «İşdən sonra»da deyib ki, Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı heç bir iş görməyib:

- Mətbuat Şurası Azərbaycanda QHT Şurası, Ombudsman Aparatı kimi Prezident Administrasiyası yanında əlavə qurumdur. Bu qurum istəsə belə heç nəyə nail ola bilməz. Yəni bu Şuranın sözü keçmir. Bir daha vurğulayıram, Azərbaycanda hal – hazırda söz azadlığına görə dörd nəfər həbsdədir. Onlar da məhz ifadə azadlığına görə həbsə atılıblar.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə bu ittihamla razı deyil:

Müşfiq Ələsgərli
- Mətbuat Şurası həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı üç dəfə rəsmi şəkildə hökumət qurumlarına müraciət edib. Mətbuat Şurasının vəzifəsi təkcə jurnalistləri həbsdən qurtarmaq deyil. Azərbaycanda ən güclü təşkilat olaraq Mətbuat Şurasından umacaqlar çoxdur. Yönələn iradların bir çoxu da bundan irəli gəlir. Mətbuat Şurasının bəyanatı var və ölkə rəhbərliyindən xahiş olunub ki, Qənimət Zahid əfvə salınsın və onun günahlarından keçilsin.

Deputat Bəxtiyar Sadıqov isə Qənimət Zahidi günahkar hesab edir:

- Əgər söhbət əfvdən gedirsə, birinci həmin insanın özünün ərizəsi vacibdir, əfv etmək səlahiyyəti də prezident İlham Əliyevə aiddir. Əgər o insan özü günahının bağışlanmasını istəmirsə, mən şəxsən onu günahkar sayıram.
İlham Əliyev
Əgər söhbət amnistiyaya düşməkdən gedirsə, hələ ki, amnistiya faktı yoxdur, olsa da o Qənimət Zahidə tətbiq olmayacaq. Biz hüquqi dövlətdə yaşayırıq.

«Səs» qəzetinin siyasət şöbəsinin rəhbəri İlham Əliyev isə Azərbaycanda siyasi məhbusların olduğuna inanmır.

Bəxtiyar Sadıqov Əliyevlərin Dubay mülkləri barədə nə dedi?


AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG