Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Türk yazarı parlaq kayerasını kənara qoyub niyə məktəb açdı?


Alev Alatlı
Alev Alatlı
Mais Əlizadə: 1700 nəfər əhalisi olan bir qəsəbədə Ali peşə məktəbi yaratmağı siz düşündünüzmü? İşə hardan başlayıb buraya qədər gətirə bildiniz?

Alev Alatlı: Əlbəttə ki, tək başına heç bir şey etmək mümkün deyildi.

Biz Türkiyənin problemləri üzərində baş sındıran bir qrupuq.

Təhsilin toplumun bütün təbəqələri arasında daha geniş yayılmasını qarşıya məqsəd qoyduq.

Sən bunu daha yaxşı bilərsən - Sovet ittifaqı barədə “Psixotip istehsal edən bir kuznitsa” – deyirdilər.

Mən bu sözün üzərində çox düşünmüşəm.

Alev Alatlı
  • İzmirdə doğulub. Atası Türkiyənin Yaponiyadakı səfirliyində çalışdığı üçün Alev Alatlı orta məktəb təhsilini ingislicə orada alıb. Türkiyəyə dönəndən sonra iqtisadiyyat fakültəsində oxuyub. Bir müddət Amerikada da çalışıb, Din tarixi, bundan başqa tarixin fəlsəfəsi sahələri üzrə doktorluq araşdırmaları aparıb. "Yaseminler Tüter Mi Hala?", "İşgenceçi" kimi romanların, "Aydın despotizmi" və digər elmi əsərlərin müəllifidir.
Təhsili toplumun bütün səviyyələrinə yaymadan “Psixotip istehsal edən kuznitsa” - halına gəlməyiniz qaçınılmaz olur. Böhran dönəmlərində, iqtisadi vəziyyətin pisləşdiyi vaxtlarda o “kuznitsa”nın dəmir istehsal edən bölümü nə iş görəcəyini bilmir.

Əgər Sovet ittifaqı işin bu tərəfini düşünə bilsəydi, 90-cı illərdəki çöküntü yaşanmazdı. Şoloxov mükafatı aldığım “Qoqolun izində” kitabımın üzərində işləyərkən bunu əyani şəkildə gördüm. Dünyanın hansı ölkəsində olursa-olsun;

EVİNƏ ÇÖRƏK APARA BİLMƏYƏN KİŞİ QƏDƏR ƏSƏBİ HEÇ BİR VARLIQ OLA BİLMƏZ

Bizim kimi toplumlarda bu faktor daha çox təsir gücünə malikdir.

M.Ə. 4000 il əvvəl də o cür idi. İslandiya saqalarını oxuyanda bunu görürük..

A.A. İstər yeni dünya sistemi olsun, istərsə də sərmayənin sərbəst hərəkəti - bir kişinin evinə çörək apara bilməsinə nail olmaq lazımdır.

Rusiyanın çökmə təcrübəsi Asiya toplumları üçün örnəkdir. Çünki, məncə, Rusiya Asiya toplumlarının xüsusiyyətlərini daşıyır.

Biz böyük şəhərlərdə yox, kiçik qəsəbələrdə iş görməyi qarşıya məqsəd qoyduq.

Çünki böyük şəhərlərin cazibəsi insanları xoşbəxt etmək üçün əksər hallarda kifayət etməyə bilir.

Bunu nəzərə alaraq, biz Ankaranın Şərqinə yönəlməyi qərarlaşdırdıq.

Kapadokiya Türkiyənin ən önəmli turizm mərkəzlərindən biridir-burada Pəri bacaları yerləşdiyinə görə, ağır sənaye yoxdur.

BMT-nin Bölgələrdəki inkişaf planlarını da analiz edərək burada 19 ixtisas üzrə 2 illik Ali peşə məktəbi qurmağı qərarlaşdırdıq.

Bu məqsədlə bir fond yaratdıq.

Sərmayəmiz yox idi - çünki arxamızda bir holdinq və ya icma durmurdu. Biz “intellektual podratçılıq” yapdıq.

Kimin əlində nə var idisə, ortaya qoydu.

Bu baxımdan Türkiyənin özünə məxsusluqları vardır. Bizim

İNSANLARIMIZ İMƏCİLİYİ ÇOX SEVİRLƏR

Məsələn, tədris prosesinə Uzaq Şərqin idman növlərini də daxil etmək istədik-ancaq müəllim yox idi.

Mais Əlizadə və Alev Alatlı
24 saatda yaxın qəsəbədən bir qız könüllü şəkildə bizimlə işləmək istədiyini bildirdi.

İlk dərs ilinə 60 şagirdlə başladıq. İndi 600 şagirdimiz var. 15 şöbəmiz var. Xarici ölkələrlə müqavilələr imzalayıb təhsilə burda başlanaraq 2 il burda oxunmasına, sonra isə 2 il xaricdə oxuyaraq diplom alınmasına nail olmaq istəyirik.

Kazan universiteti və Kazan pedaqoji institutu ilə müqavilələrimiz var. Moskvadakı Turizm institutu ilə əməkdaşlıq edirik. Rusiyanın təhsil qurumları ilə rahat işləyirik.

M.Ə. Hər halda, bunda Şoloxov mükafatı almağınızın da təsiri vardır, elə deyilmi?

Sizin bu addımlarınız təriqət məktəblərinin oradan çıxarılması nəticəsində Rusiyada yaranmış Türk məktəbləri boşluğunu doldura bilirmi?

A.A. Əgər söhbət təriqət məktəblərindən gedirsə, mənim təcrübəm göstərdi ki, bu tipli məktbələri yaratmaq o qədər də böyük sərmayə tələb etmir.

Həm də bu işlər sənin düşündüyün qədər çətin də deyilmiş. Çünki Türk milləti bu cür işlər üçün pul əsirgəmir və dəstəyini verir.

M.Ə. Ancaq bu işdə sizin olmağınız çox mühüm deyilmi? İstəyən hər kəs bu cür məktəblər yarada bilirmi?

A.A. Mənim insanlarla münasibətim - başqa məsələdir.

Ancaq mən təriqətin xaricdəki məktəblərinin o ölkələrə qarşı qurulmuş tələ olduğunu düşünmürəm.

Mən indi

RUSİYADAKI OLİQARXLARIN HƏYATI İLƏ BAĞLI KİTAB YAZIRAM

Onları neçə faizinin fizik olduğunu bilirsənmi? Rusiya Dumasını dünyanın ən zəngin parlamenti halına gətirən bu uşaqların əksəriyyəti fizika sahəsində önəmli mütəxəssislərdir.

Təhsilin əhəmiyyətini burada görmək mümkündür.

O adamların qazandığı pullar təmiz idimi - Karnegin 1.5 ildə 300 milyon dolların sahibi olmuşdu. Bu, əxlaqi baxımdan doğru idimi? - xeyr.

Mən gücün və pulun ac insanların əlinə keçməsindən qorxuram.

Bax, elə buna görə də Rusiya və Sovet ittifaqından ayrılan əksər ölkələrdə nə sərmayə azadlığı, nə də demokratiya vardır.

Mən Türkiyədə insanların mülkiyyət hüququnu itirməməsinə bu baxımdan önəm verirəm.

İnsanlar nə mülkiyyət haqqını, nə təhsil haqqını, nə də media azadlığını itirməməlidirlər.

Bunu itiridiyiniz yerdə böyük sərmayə sizə nəfəs almağa imkan vermir.

Bunu anlamaq üçün Marks olmağa ehtiyac yoxdur (söhbətin bu yerində Alev Alatlının beynəlxalq toplantıdakı məruzə növbəsi gəlir və onu dinləməyə gedirik).

Yarımçıq qalan müsahibəmizdən sonra salondakı “jurnalist ordusu”na müraciət edən Alev Alatlı Türkiyənin “sarı mediası”ndan danışdı.

Ölkədə medianın “iqtidar tərəfdarları” və “iqtidarı tənqid edənlər” məfhumları ətrafında qütbləşməsi Alev xanımı narahat edən ən önəmli məsələ idi.

Alatlıya görə, Qərb mediası da bir vaxtlar “sarı” dönəmi yaşayıb; ancaq medianın özünün gücü və vicdanı sayəsində “sarılıq” xəstəliyindən xilas ola bilib.

-“Hökuməti tənqid etmək bizim əsas vəzifəmizdir”

-“Bəs hökumət təhsil sahəsində atdığınız addımlara əngəl olarsa?”

-“Biz bu işi qətiyyən pul qazanmaq naminə etmirik ki, hökumətlə maddi münasibətlər içində olaq.

Türkiyənin

ƏN UCUZ ALİ PEŞƏ MƏKTƏBİNİ YARATMIŞIQ

Burada oxuyan şagirdlər diplomu alan kimi birbaşa iş yerlərinə gedirlər.İqtidarlar bundan niyə narazı olsunlar ki?”

Alev Alatlı ilə Türk ədəbiyyatından danışacaqdıq - bu dəfəlik qismət olmadı. Ancaq yaratdığı Ali peşə məktəbini daha da genişləndirmə qərarlılığının bizi yenidən Kapadokiyanın kiçik bir qəsəbəsinə çəkəcəyinə əminəm.

Onunla söhbət edərkən bu əbədi və əzəli həqiqəti özüm üçün yenə və yenidən kəşf etdim: bir yazarın ən böyük əsəri insandır.

Bir yazarın ən böyük zövqü insana xidmətdir, vətənə xidmətdir.

“Süluki-şairin eynən səfa deyil də, nədir?
Vətənpərəstə bu məslək rəva deyil də, nədir?” (Sabir)

Etitazı olan varmı?

Eşitmirəm, bərkdən bağırsana, ay qağa?

Oğlum, Siyavuş, belə getsə, səni də Alev xanımın Ali peşə məktəbinə göndərməli olacağam.

Çayçılıq kursuna...
XS
SM
MD
LG