Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:12

«Azərbaycanda vərəm xəstələri ilə bağlı rəqəmlər təhrif olunur»


2008-ci ildə dünyada 500 minə qədər adam vərəmə yoluxub
2008-ci ildə dünyada 500 minə qədər adam vərəmə yoluxub
«Beş aydan çox idi ki, dayanmadan öskürürdüm. Görəndə ki, vəziyyətim yaxşı deyil, həkimə müraciət elədim. Vərəm diaqnozu qoydular...»

Bakı sakini Əsmər Məmmədova deyir ki, ona bu diaqnoz qoyulana qədər vərəm xəstəsi olmasını ağlına da gətirmirmiş. Ancaq həkimlər onda bu xəstəliyi aşkar edib və indi bir neçə aydır müalicə olunur.

2008-Cİ İLDƏ DÜNYADA 500 MİNƏ QƏDƏR ADAM VƏRƏMƏ YOLUXUB


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünya ölkələrində vərəmin vəziyyəti ilə bağlı martın 18-də açıqladığı hesabatda deyilir ki, 2008-ci ildə dünyada 500 minə qədər adam vərəmə yoluxub, 150 mindən artıq adamsa bu xəstəlikdən ölüb.

Hesabatda göstərilir ki, dünyanın elə ölkələri var ki, həmin ölkələrdə dərmanlara qarşı müqavimətli vərəm xəstəliyi geniş yayılıb. Bu o deməkdir ki, həmin vərəm xəstələrini adi dərmanlarla müalicə etmək mümkün deyil. Rusiyanın şimal-qərbində vərəmli xəstələrin 28 faizini dərmanlara qarşı müqavimətli vərəm təşkil edir. Təşkilat xatırladır ki, 2007-ci ildə ən yüksək göstərici Azərbaycanın paytaxtı Bakıda idi - 22 faiz. Həmin hesabatda deyilirdi ki, Bakıda vərəm xəstələrinin təxminən dörddə biri xəstəliyin məhz bu növündən əziyyət çəkir.

Azərbaycanın Səhiyyə Nazirliyi isə xəstəliyin ölkədə o qədər də acınacaqlı olmadığını, vərəm xəstəliyinin nəzarət altında olduğunu bildirir.

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov deyir ki, 2008-ci ildə Azərbaycanda 5130 nəfər vərəm xəstəsi qeydə alınıb. Ancaq onların neçəsinin dərmanlara qarşı müqavimətli olduğunu deyə bilməz:

MATERİAL TOPLAYANDAN SONRA NƏSƏ DEYƏ BİLƏRİK

«Ona görə ki, bizdə ancaq 2009-cu ilin ikinci yarısından Milli Referens Laboratoriya işləməyə başlayıb. Biz onun əsasında bir söz deyə bilərik. Ancaq işinə təzə başladığı üçün hələ material toplayırıq. Material toplayandan sonra nəsə deyə bilərik».

Ən pis vəziyyət ölkədəki həbsxanalardadır
Səhiyyə məsələləri üzrə ekspert Süleyman Cəbrayılov isə deyir ki, Azərbaycanda vərəm xəstələri ilə bağlı rəqəmlər təhrif olunur. Onun fikrincə, əslində real vəziyyət göstərilən rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur:

«TƏHRİF OLUNDUĞU ÜÇÜN XƏSTƏLİKLƏ MÜBARİZƏ APARMAQ MÜMKÜN DEYİL»

«Təhrif olunduğu üçün xəstəliklə mübarizə aparmaq da mümkün deyil. Yəni o dərəcədə təhrif olunur. Dərmanlara qarşı müqavimətli vərəmin yayılmasına görə də vəziyyət çox kəskindir».

Ekspert deyir ki, ən pis vəziyyət ölkədəki həbsxanalardadır. Hacı Vəliyev də vərəmə həbsə düşəndən sonra yoluxub:

VƏRƏMİ HƏBSXANADA TAPDIM

«Həbsə qədər məndə bu xəstəlik yox idi. Vərəmi həbsxanada tapdım. Dərmanların çoxunu pulsuz verirlər, ancaq elə olur ki, evdən də gətirirlər».

Sahib Tağıyevsə vərəmə orduda xidmət edəndə yoluxanlardandır. Xəstəliyindən hərbi xidmətdən qayıdandan sonra xəbər tutub:

«Məlum oldu ki, orduda olduğum vaxt xəstəliyə yoluxmuşam. Qayıdandan sonra xəstəliyim üzə çıxdı, hazırda müalicə olunuram».

Ekspertlər deyir ki, əgər hökumət ölkədəki vərəm xəstəliyinin vəziyyətini düzgün qiymətləndirib tədbirlər görməsə, vəziyyət daha acınacaqlı olacaq.

Ağ Ciyər Xəstəlikləri İnstitunun direktoru Elcan Məmmədbəyov isə deyir ki, 2008-ci ilin aprel ayından apteklərdə bütün vərəm dərmanlarının açıq satışına qadağa qoyulub. Bu dərmanlar ancaq vərəm dispanserlərindədir:

GİZLƏNƏN XƏSTƏLƏR ÜZƏ ÇIXIR

«Nə bir həkim, nə bir xəstə bu dərmanları başqa yerdə əldə edə bilmir. Xəstələr dispanserə gedib qeydiyyata düşməyə məcburdurlar. Ondan sonra müalicə oluna bilərlər. Ona görə gizlənən xəstələr üzə çıxır. Uçota götürülürlər və ona görə rəqəmlər artır».

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, dərmanlara qarşı müqavimətli vərəmin qeydə alındığı 27 ölkə var. Azərbaycan da bu ölkələr sırasındadır. Artıq bu ölkələr xəstəliyə qarşı mübarizə planlarını ÜST-ə təqdim ediblər.
XS
SM
MD
LG