Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:30

«Milis ovu» davam edir


Dağıstanın daxili işlər naziri Adilgəray Maqomedtahirov 2009-cu il iyunun 5-də qətlə yetirilib
Dağıstanın daxili işlər naziri Adilgəray Maqomedtahirov 2009-cu il iyunun 5-də qətlə yetirilib
FORMADA EVDƏN ÇIXMAĞA QORXAN MİLİSLƏR

Mahaçqalada 25 ildir milis sistemində işləyən və artıq polkovnik rütbəsinə yüksələn Muxtar Muxtarovu həyat yoldaşı artıq bir ildir ki, formada evdən çıxmağa qoymur.

Səbəbini isə başa düşmək elə də çətin deyil. Polkovnikin həyat yoldaşı inanmır ki, əri milis formasında evdən çıxsa, sağ-salamat qayıdacaq. Artıq 2 ildən çoxdur ki, Dağıstanda əsl «milis ovu» gedir. Bir ara hətta damlarda gizlənən snayperlər hər həftə bir neçə zabiti öldürürdülər.

HƏR HƏFTƏ AZI BİR MİLİS ÖLDÜRÜLÜR

Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, 2009-cu ildə 58 milis zabiti öldürülüb. Hücumların sayı ilbəil artır. 2008-ci ildə milislərə 100 dəfə hücum etmişdilər, 2009-cu ildə 201 dəfə. Bu il isə təkcə fevral ayında 13 milis işçisi öldürülüb.

Milisləri öldürənləri isə tapmaq olmur.

Nəticədə Mahaçqalanın mərkəzində hətta Yol Polisini də xüsusi təyinatlılar müşayiət edir. Üstəlik, qətllərdən sonra milisdə işləmək istəyənlərin də sayı kəskin azalıb.

Bunun bir səbəbi milislərə qarşı hücumlardısa, digər səbəbi rüşvətxorluq, işgəncə və anti-terror fəaliyyəti adıyla insanların özbaşına həbsi üzündən milisin nüfuzunun azalmasıdır.

HEÇ KİM MİLİS OLMAQ İSTƏMİR

Mərkəzi hakimiyyət - Moskva yaraqlılara qarşı döyüşlərdə başqa regionlardan gətirilən xüsusi təyinatlılardan və ordu hissələrindən istifadə edir. Amma baş verənlərə siyasi don geydirməmək üçün əməliyyatların yerli hüquq-mühafizə orqanları tərəfindən həyata keçirildiyini iddia edir.

Mahaçqalada anti-terror əməliyyatı, 22 mart 2010
Bu cür xüsusi əməliyyatlar çərçivəsində günahsız adamların da maskalılar tərəfindən oğurlanması, həbsi, işgəncəyə məruz qalması haqda əhvalatlar o qədər yayılıb ki, artıq milisə etibar yoxdur.

MİLİSDƏN ANCAQ ÖLÜ HALDA GETMƏK OLUR

Amma milisdə çalışanların da işdən çıxmaq kimi seçimi yoxdur. Onlar gedib başqa işlə məşğul ola bilmirlər, onları hər kəs artıq milis kimi tanıyır.

Dağıstan milisinin sözçüsü , polkovnik-leytenant Mark Tolçinskinin sözləriylə desək, milisdən ancaq ölü halda çıxmaq mümkündür. Tolçinski deyir ki, terrorla mübarizə tədbirləri artırılandan sonra milisə hücumların sayı artıb.

Onlar bəzi təhlükəsizlik tədbirləri görsələr də, bunun səmərəli olmasına əmin deyillər. Milis maşınlarından fərqləndirici nişanların sökülməsi, milislərin işə formasız gəlməsi, hətta şəxsi maşınlarının nömrə nişanlarını tez-tez dəyişməsi də hücumların qarşısını almır. Yaraqlılar milisdə işləyənləri izləyir, ən köməksiz vaxtlarında onlara hücum edirlər.

Sonuncu belə hücum ötən cümə oldu. Polis rəisi Axmet Maqomedovun zirehli «Volqa»sı səhər saatlarında başqa bir maşından atəşə tutuldu. Rəis və sürücüsü öldürüldü. Hücum edənlər isə iz buraxmadan aradan çıxdılar.
XS
SM
MD
LG