Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:32

İki məşhur yerli - iki yol…


1906-cı il martın 12-də Bakının Novxanı kəndində dəmirçi Əliabbas kişinin ailəsində bir uşaq doğuldu. Uşağı Süleyman adlandırdılar.

Bir il sonra, yəni 1907-ci il martın 24-də Bakının başqa bir kəndində - Qalalı Əbdülməhəmməd kişi yenicə doğulan oğluna İldırım adı qoydu. Hər iki ailə yəqin ki, evlərində şadyanalıq qurdular. Oğlan doğulmuşdu axı. Onu da söyləyim ki, novxanılı Əliabbas kişi ilə qalalı Əbdülməhəmməd kişi tanış olmayıblar. Bu köşə yazımda mən onları birləşdirmək qərarına gəldim.

Qarışıq illər idi. Birinci dünya savaşı, qanlı rus inqilabı, şanlı cümhuriyyət dövrü. Sovet işğalı... İldırımla Süleyman ibtidai və orta təhsillərini ayrı-ayrı məktəblərdə alırlar. (İldırım «İttihad» məktəbində oxuyur, Süleymansa rus-tatar – Süleyman Saninin məktəbində). Və 1925-ci ildə ikisi də universitetin şərq fakültəsinə daxil olurlar. Bir neçə aydan sonra İldırımı universitetdən xaric edirlər. Çünki o, tacir ailəsindən idi. Süleymanınsa bəxti gətirir. Atası dəmirçi idi axı. Hətta 4 illik təhsildən sonra onu Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsinə təhsilini davam etdirməyə göndərirlər.

İldırım vətəndən didərgin düşür. Çünki proletar şairi ola bilmir. Əvəzində Almas İldırım olur. Və gec də olsa ölümündən sonra bu adla vətənə «dönür»...

Süleymanın işi yağ kimi gedir. Elə tələbə ikən 1927-ci ildə onun şeir kitabı da çıxır - «Ələmdən nəşəyə». Yeni cəmiyyətdən kənarda qalan, onun qaynar həyatına qatılmayan, bədbin şairləri (İldırım kimiləri) şeirlərində tənqid atəşinə tutur, onların qurub-yaratmağa səsləyir... Heyhat, hər kəs öz yoluynan gedir.

Süleyman Rüstəm sovetlərin məşhur şairinə çevrilir. Onu yeni Azərbaycan şeirinin banilərindən sayırdılar. O, Azərbaycan şeirinə yeni nəfəs, yeni mövzu gətirdi deyirdilər. Onu hər kəsə örnək göstərirdilər. O doğrudan da elə bil dəmirçi atasının od-alovundan yaranmışdı. Şeirlərindən birində elə belə də deyirdi: «İnqilab oğlu İnqilabam mən». Ölkədə 20-ci illərdə «mədəni inqilab» şüarı altında tara-kamançaya qarşı mübarizə başlayanda, o, yazırdı: «Oxuma tar, oxuma tar, səni sevmir proletar». Bu misralar sizə tanış gəlməsə də, ona cavabı siz yaxşı bilirsiniz: «Oxu tar, oxu tar, səni kim unudar?»

«Oyan Mironıç, oyan,
Oyan, şanlı qəhrəman!» – Bu misralar da onundur. S.M.Kirovun ölümünə yas saxlayır.

Süleyman Rüstəm, 1976
...Onun lirik şeirləri, qəzəlləri də vardı. Birini Xan əmi oxuyardı:

Almas İldırım 1952-ci ildə vətən həsrəti ilə vətənsiz öldüXatirat dəftərim durur qarşımda,
Dolaşır bir ölməz sevda başımda.
Gözəl Qarabağda cavan yaşımda
Bir gözəl seçdiyim yadıma düşdü.

Onun «Ana və poçtalyon» poeması da vardı:

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğlu dərdiydi dərdi.

Onun «Təbrizim» şeiri də vardı:

Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim.
(O, müharibə illərində Təbrizdə olmuşdu. Deyirlər ki, orda ona sanki ikinci nəfəs gəlibmiş. Cənub mövzusuna dair silsilə şeirləri var, hətta «Təbrizim» adlı şeirlər kitabı da çıxıb).

...Onun dillər əzbəri olan «Azərbaycana gəlsin» şeiri də var:

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdə bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin.

Süleyman Rüstəm həm də öz dövrünün böyük dövlət xadimi idi. Üç dəfə «Lenin», iki dəfə «Qırmızı əmək bayrağı» ordeni almışdı, fəxri fərmanlar və medallarla təltif olunmuşdu, xalq şairi idi, SSRİ və Azərbaycan SSR dövlət mükafatı almışdı. Sosialist Əməyi qəhrəmanı idi, ömrünün sonunadək Azərbaycan SSR Ali Sovetinin sədri olub.

Almas İldırım (1907 – 1952)
...Onun tələbə yoldaşı İldırımsa uzaq Türkiyədə orta məktəbdə müəllimlik edir, hərdənbir vətən həsrətini, Bakı həsrətini yazdığı şeirlərə tökürdü:
Lənət şairliyimə, sözümə, həvəsimə,
Hardasan ey nazlı yurd, səs ver mənim səsimə.

Almas İldırım 1952-ci ildə vətən həsrəti ilə vətənsiz öldü. Qəbri yaşadığı Elazığ bölgəsindədir. Hər il orada onun şərəfinə «Xəzər şeir günləri» keçirilir.
Süleyman Rüstəmsə uzun bir ömür yaşadı. 1989-cu il iyunun 10-da Bakıda dünyasını dəyişdi. SSRİ-nin dağılmasına cəmi ikicə il qalmışdı...
Onların ikisi də şair idi, ikisi də eyni vətəni paylaşırdı, amma yolları ayrıldı. Biri «Ələmdən nəşəyə» keçdi, o biri:

Məlun bir zamanda, məhkum bir ildə
Allahım, mən neçin şair doğuldum? - deyə nalə çəkdi.

Kimdir günahkar? Tarixmi, zamanmı, insanmı? Siz söyləyin, kim? Deyirəm, bəlkə günahkar axtarmayaq və bu iki böyük şairi doğulduqları ayda sayğı ilə anaq?

Almas İldırım haqda həmçinin oxu
Atatürk xəritədə ikinci Xəzər adı yaratdı
XS
SM
MD
LG