Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:49

NATO "Gürcüstana üzvlük təklifimiz qüvvədə qalır" dedi


Anders Rasmussen
Anders Rasmussen
NATO-nun baş katibi Anders Rasmussen Brüsseldə Gürcüstan prezidenti Mixeil Saakaşviliylə görüşüb.

O deyib ki, 2008-ci ildə Tbilisiyə etdikləri üzvlük təklifi hələ də qüvvədə qalır.

“NATO-nun Gürcüstana münasibətdə siyasəti dəyişməyib. Biz Gürcüstanın Avroatlantika məkanına qovuşmağa can atmasını dəstəkləməkdə davam edəcəyik”.

Həm Ukrayna, həm də Gürcüstan NATO-ya üzv olmağa dörd ildir çalışırlar. Rasmussen deyib ki, yeni Ukrayna prezidenti Viktor Yanukoviçin ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı fərqli mövqe tutması Gürcüstanın bu sahədə irəliləyişlərinə mənfi təsir etməyəcək.

“Hər iki ölkə əgər NATO-ya qoşulmaq üçün meyarlara cavab verəcəklərsə, üzvlüyə qəbul ediləcəklər. Meyarlardan biri də onların alyansa qəbulunun bütün üzv ölkələr tərəfindən dəstəklənməsidir”.

NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində alyans liderləri qərara gəliblər ki, Gürcüstana üzvlük yolunda son mərhələ olan Üzvlük Fəaliyyət Planı verməsinlər.

Amma onlar eyni zamanda birgə bəyanat da vermişdilər ki, həm Ukrayna, həm də Gürcüstanı yekunda alyans sıralarına qəbul edəcəklərinə təminat verirlər.

Saakaşvili NATO rəhbəri ilə görüşündə deyib ki, onun ölkəsinin alyansa üzvlük istəyi “dönməzdir” və separatçı regionlar – Abxaziya və Cənubi Osetiya üzərində nəzarətə malik olmaması Tbilisinin bu istəyinə mənfi təsir edə bilməz.

“Siz bilirsiz ki, bölünmüş ölkələrin də NATO üzvü olması halları mövcud olub, sonradan onların ərazi bütövlüyü təmin edilib. Ümid edirəm ki, bizim də ərazi bütövlüyümüz üzvlükdən əvvəl bərpa olunacaq və bu, bizlərin təsəvvür etdiyindən tez baş verəcək”.

Rasmussen deyib ki, onlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirlər və 2008-ci il müharibəsinin nəticələrini qəbul etmirlər.

2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiyada öz sülhməramlılarının təhlükəsizliyini qorumaq adıyla Gürcüstana hücum edib, daha sonra həm Cənubi Osetiyanı, həm də Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG