Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:02

Amerika və Rusiya anlaşdılar


Amerika prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev martın 26-dakı telefon söhbətində nüvə silahlarının azaldılması haqqında müqavilənin son məqamlarını da razılaşdırıblar.

Nobel sülh mükafatlı Barak Obama Ağ evdəki mətbuat konfransında deyib ki, bu müqavilə qarşıdakı on ildə döyüş başlıqlarını az qala 3 dəfə, onları buraxan qurğuları isə yarıbayarı azaltmağı nəzərdə tutur.

ELAN OLUNDUĞU YERDƏ...

Müqavilə aprelin 8-də Praqada imzalanacaq.

Məhz bir il qabaq Obama Çexiya paytaxtındakı çıxışında nüvə silahlarını azaltmağa çağırmışdı.

Amerika və Rusiya strateji silahlar haqqında yeni müqavilənin hazırlanmasına bir il vaxt sərf ediblər. Bu bir il ərzində müqavilə üzərində iş gah təxirə düşüb, gah da siyasi dalana dirənib.

Amerikanın dövlət katibi Hillari Klinton martın 26-da deyib:

"Soyuq müharibənin bitməsindən xeyli keçsə də Amerika və Rusiya dünyada nüvə başlıqlarının 90 faizindən çoxuna sahibdirlər. Bizim öz ölkələrimizi müdafiə etmək üçün bi qədər nüvə silahına ehtiyacımız yoxdur. Bizim əsas düşmənimiz nüvə silahının yayılması və terrorçuluqdur".

ƏMƏKDAŞLIQ BAŞQA SAHƏLƏRDƏ DƏ GENİŞLƏNƏ BİLƏR

Amma bu müqavilənin imzalanmasının xeyrinin ilk baxışda göründüyündən daha çox olacağını da düşünənlər də var.

Norveç - Obamaya Nobel sülh mükafatı verilir. 10 dekabr 2009
Amerika Dövlət Departamentinin keçmiş rəsmisi, silahlara nəzarət üzrə mütəxəssis Stiven Payfer deyir ki, müqavilə iki ölkə arasında əməkdaşlıq miqyasını genişləndirə bilər. Bu isə Kremlin də marağına uyğundur, Vaşinqtonun da.

“Əgər siz Amerika-Rusiya və Amerika-SSRİ əlaqələrinin axır 30-40 illik tarixinə nəzər salsanız görərsiz ki, nə vaxt ki tərəflər silahlara nəzarət üzrə razılıq əldə ediblər, bu, qarşılıqlı əməkdaşlığın başqa sahələrdə də genişlənməsinə yol açıb”.

Amerika ümid edir ki, Rusiya ilə əvvəlki prezident Buşun vaxtında korlanan münasibətlərin düzəlməsi başqa məsələlərin həllinə də təkan verə bilər.

Məsələn, Amerika İranın nüvə silahı düzəltmək istəyindən şübhələnir və Tehrana nüvə proqramını dayandırmaq üçün təzyiqlərin artırılmasında Moskvanın köməyinə ümid edir.

Bundan başqa Moskva – onun ərzisi ilə NATO-nun Əfqanıstana yük daşınmalarına icazə verib və Obama bu əməkdaşlığın davamlı olmasına ümid edir.

MOSKVA İRAN MƏSƏLƏSİNDƏ VAŞİNQTONA KÖMƏK VƏD EDİR

Amerikanın ümidləri çin ola bilər. Martın 24-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko demişdi ki, Moskva BMT-də İrana qarşı yeni sanksiyaların qoyulması üçün öz dəstəyini verməyə hazırdır.

"Əgər bu sahədə nəzərəçarpacaq irəliləyiş olmayacaqsa, onda iranlılara sanksiyalar yoluyla əlavə təzyiq etməyimizi istisna etmək olmaz. Amma biz həm də o fikirdə qalırıq ki, belə sanksiyalar yalnız nüvə silahının yayılmaması ilə bağlı məqsədlərə çatmağa xidmət etməlidir. Ölkəni maliyyə və iqtisadi cəhətdən boğama yox".

IRusiya İrana yeni sanksiyalar qoymağa kömək edəcəkmi?
Amma sanksiya məsələsində əməkdaşlıq tonuna baxmayaraq Rusiyanın baş naziri Putin deyib ki, İranın Buşehr şəhərində tikdikləri atom elektrik stansiyası bu ilin yayında işə salınacaq.

Buşun vaxtında Rusiya Vaşinqtonun şərqi Avropada raketdən müdafiə sistemi qurmaq planlarına qarşı çıxırdı. Obama hakimiyyətə gələndən sonra Rusiyanın bununla bağlı narahatlığı azalmışdı. Obama demişdi ki, Buşun planı təxirə düşür, amma onlar yeni – daha təkmil raketdən müdafiə sistemi planı qurmaq ideyasından əl çəkimirlər.

Amerikanın müdafiə naziri Geyts də martın 26-da buna oxşar fikir söyləyib.

Geyts deyib ki, yeni müqavilə Amerikanın müdafiə qabiliyyətini azaltmır, bu saziş Amerika və onun müttəfiqlərini qorumaq üçün raketdən müdafiə sistemlərini yaratmaq planlarına təsir etməyəcək.
XS
SM
MD
LG