Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:08

Baş redaktorla nazirin məhkəmə çəkişməsi davam edir


Əyyub Kərimov
Əyyub Kərimov
Martın 29-da Bakı Apellyasiya Məhkəməsində daxili işlər naziri Ramil Usubovun və «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimovun qarşılıqlı şikayətlərinə dair ilk məhkəmə iclası keçirilib. Bu barədə AzadlıqRadiosuna Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Tərəflər Yasamal Rayon Məhkəməsinin fevralın 3-də çıxardığı hökmdən şikayət veriblər.

Yasamal Rayon Məhkəməsi Əyyub Kərimovu naziri ağır cinayətdə ittiham etməklə ona böhtan atmaqda təqsirli bilib. İttihama görə, baş redaktor «Femida 007» qəzetində «Məktubbazlıq», «MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir» başlıqlı, «Azadlıq» qəzetində isə «DİN oyunun içində və oyundankənar vəziyyətdə» sərlövhəli yazılarda polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirməklə daxili işlər nazirinə böhtan atıb.

Baş redaktor aylıq maaşından 15 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub.
Əyyub Kərimov apellyasiya şikayətində barəsində çıxarılmış hökmün ləğv olunmasını, nazirsə baş redaktora daha ağır cəza verilməsini tələb edir.

Əyyub Kərimov məhkəmə iclasında vəsatət qaldırıb ki, müdafiəni qurmaq üçün işin içərisindəki bəzi sənədlərin surəti ona verilsin. Hakim vəsatəti təmin edib. Məhkəmə iclasına aprelin 8-dək fasilə verilib.
XS
SM
MD
LG