Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:10

Bakı metrosu necə qorunur?


«Azadlıq prospekti» stansiyası
«Azadlıq prospekti» stansiyası
Moskva metrosunda baş verən partlayışdan sonra artıq Bakı Metropolitenində də təhlükəsizlik tədbirləri gücləndirilib:

«ALLAH MƏRDİMAZARIN EVİNİ YIXSIN»

- Bir dəqiqə, çantanı aç baxım get.

- Bu nədir yenə...

- Niyə inciyirsiz, sizə görə yoxlayıram.

Metrostansiyaların qarşısında da adi günlərdən fərqli olaraq daha çox polis gözə dəyir. Bakı Metropolitenində hərəkət xidmətinin baş mühəndisi Etibar İsayev deyir ki, Moskvadakı xəbəri eşidən kimi bütün stansiyalara təhlükəsizliyi gücləndirmək göstərişi verilib.

E.İsayev deyir ki, Bakı Metropoliteni təhlükəsizliyə görə heç də dünyadakı metropolitenlərdən geri qalmır, amma hadisə olanda olur:

- Xəta, xətadır, Allah mərdimazarın evini yıxsın. Nə imkanımız var, o imkanı görmüşük.

«BAKI METROSUNA O QƏDƏR PARTLAYICI MADDƏ KEÇİRMƏK MÜMKÜN DEYİL»

Baş mühəndis Moskva metrosuna keçirilən dörd kiloqramlıq partlayıcı maddənin indiki halda Bakı metrosuna keçirilməsini mümkün hesab etmir:

- Bayaq Moskvadan verirdilər ki, dörd kiloqram partlayıcı maddə keçirilib, bu qədər partlayıcı maddəni metroya keçirmək nə qədər realdır, mən bilmirəm. Moskva metrosunu deyə bilmərəm, amma Bakıda o real deyil.

«MƏN QOCA YAŞIMDA NƏYİSƏ KEÇİRMƏYƏ CƏHD ELƏSƏM, BU MÜMKÜNDÜR»

Hər gün metronun xidmətindən istifadə edən sərnişinlər hesab edirlər ki, Bakı metrosu pis qorunmur,
Moskva metrosunda partlayış, 29 mart 2010
amma boşluqlar da yox deyil. Söhbətləşdiyim paytaxt sakinləri deyirlər ki, bəzən polislər öz işlərini lazımınca yerinə yetirmir, kimin metroya nə keçirdiyinə belə əhəmiyyət vermirlər:

- Baxırsan ki, polis telefonu ilə oynayır, qəzet oxuyur. Mən qoca yaşımda nəyisə keçirməyə cəhd eləsəm, bu mümkündür.

Həmsöhbətlər hesab edirlər ki, əslində, metroya girən sərnişinlərin təkcə əllərində olan yüklər, çantalar yox, həm də onların üst-başı da yoxlanmalıdır.

Amma Bakı Metropolitenindən Etibar İsayev hesab edir ki, hava limanlarından fərqli olaraq metropolitendə belə yoxlamalar metronun işini iflic edə bilər:

- Bir təyyarəyə 150-200 nəfər adam daxil olur, amma metroya bir saatda 40-50 min adam girir. Bundan başqa, təhlükəsizlik xidmətinə də insani baxımdan yanaşmaq lazımdır. Hamını bir-bir yoxlamaq faktiki mümkün deyil.

Bakı Metropoliteninin rəsmisi metroda təhlükəsizliyin ciddi qorunduğunu desə də, ötən ilin aprelində Neft Akademiyasında 12 nəfərin ölümü, 13 nəfərin yaralanmasıyla nəticələnən terror hadisəsini törədən Gürcüstan vətəndaşı Fərda Qədirov qətli törətməzdən əvvəl iki dəfə metrodan istifadə edib.

AZƏRBAYCAN TERROR TƏHDİDLƏRİNDƏN SIĞORTALANMAYIB

Sülhəddin Əkbər
Azərbaycan-Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər hesab edir ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkan və yaxın tarixi hadisələr onu göstərir ki, ölkə üçün terror təhdidləri həmişə mövcuddur:

- Moskvada terror hadisəsinin baş verməsi onu göstərir ki, heç bir güclü dövlət belə hadisələrdən sığortalanmayıb. Azərbaycanın da yeni müstəqil ölkə olduğunu, dövlət institutlarının zəifliyini nəzərə alsaq, potensial təhdid Azərbaycan üçün hər zaman var.

BAKI METRO TARİXİNİN QANLI SƏHİFƏLƏRİ

1994-cü ildə Bakı metrosunda iki terror aktı törədilib. Martın 19-da «20 Yanvar» stansiyasında baş verən partlayışda 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyasını Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi ilə separatçı «Sadval» hərəkatı təşkilatının üzvləri həyata keçirib.

Növbəti partlayış 1994-cü il iyulun 3-də «Gənclik» stansiyasında törədilib. Hadisədə 13 nəfər həlak olub. Rəsmi məlumata görə, terroru əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb edərək Azərbaycana göndərdiyi Azər Salman oğlu Aslanov törədib.

Bakı metrosunda daha bir faciəvi hadisə bir il sonra baş verib. 1995-ci il oktyabrın 28-də metronun «Nərimanov» və «Ulduz» stansiyaları arasında, rəsmi məlumata görə, qəza baş verib. Hadisədə 300-ə qədər adam həlak olub.
XS
SM
MD
LG