Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

Gənclərin ən ciddi problemi – işsizlik, yoxsa fikir azadlığı?


Həsən Seyidov və Ramin Hacılı
Həsən Seyidov və Ramin Hacılı
İxtisasca jurnalist olan Təhminə Paşayeva BDU-nun jurnalistika fakültəsini bir neçə ildir bitirib. Amma özünə iş tapa bilmir. Ona görə də düşünür ki, indi azərbaycanlı gənclərin əsas problemi işsizlikdir:

«Minlərlə yerə CV göndərmişəm. Bəzi yerlərdə iş var, amma çox aşağı maaş təklif edirlər. Təklif olunan məbləğ heç adi bir vətəndaşın problemlərini qətiyyən həll etməyən 150 manat təklif edirlər. Buna əməyini istismarı edirlər».

Görəsən, Azərbaycanın gələcəyi olan gənclərin hüquqları nə dərəcədə təmin olunur? Dövlət səviyyəsində gənclərə yönəlik iri tədbirlər həyata keçirilirmi? Onlar nədən razı, nədən narazıdırlar? Gənclər günü ərəfəsində efirə çıxan «Hər kəsin haqqı var» verilişində məhz bu mövzu ətrafında müzakirə açılıb.

GƏNCLƏR ÇOX AKTİVDİRLƏR

Verilişin qonağı olan Azərbaycan Respublikası Gənclər Milli Şurasının baş katibinin müavini Həsən Seyidov deyir ki, ölkəmizdə dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri gənclərlə bağlıdır:

«Ölkəmizdə gənclərin inkişafına yönələn tədbirlər həyata keçirilir. Ümumiyyətlə, bir neçə il əvvəlki dövrlə müqayisə etsək, gənclər çox aktivdirlər, onlar beynəlxalq aləmdə ölkəmizi təmsil edə bilir, istənilən sözü beynəlxalq təşkilatlara çatdıra bilirlər».

«Dalğa» Gənclər Hərəkatının təsisçisi Ramin Hacılı isə deyir ki, Azərbaycanda gənclər üçün nəzərdə tutulan tədbirlər ölkə gənclərinin təxminən 0,2 faizini təşkil edir:

CİDDİ TƏDBİRLƏRƏ EHTİYAC VAR

«Gənclər günündə də bir-iki müğənni və idmançını mükafatlandırdılar. Bu, yaxşıdır. Amma daha ciddi tədbirlərə ehtiyac var. Əvvəlki illərdə Gənclər və İdman Nazirliyində toplantı keçirilirdi, heç olmasa ildə bir dəfə də olsa sözümüzü deyə bilirdik. Bu il heç o da olmadı. Məncə, müxalif düşüncəli olmasından asılı olmayaraq, hər kəsi dinləmək lazımdır».

Ramin Hacılı
H.Seyidov hesab edir ki, gənclərin çoxunda iş tapmaqla bağlı səhv təsəvvür var:

«Onların çoxu belə hesab edir ki, institutu bitirəndən sonra diplomunu əlinə alıb iş axtarmalıdır. Amma onlar əvvəlcə öz üzərilərində iş aparmalıdır. İnternet saytlarında yetərincə vakant yer var. Bir neçə saata rahatlıqla iş tapmaq olar. Sadəcə öz üzərində işləməlisən».

Ramin Hacılı isə hazırda gənclər üçün əmək bazarında təklif olunan işlərin çox aşağı qiymətləndirildiyini dedi:

İPOTEKA SİYASƏTİNDƏN KƏNAR QALMIŞAM

«25 yaşım var. Amma yaxın illərdə ev alacağımı düşünmürəm. İpoteka siyasətindən kənar qalmışam. Çünki gərək 700-800 manat rəsmi məvacib alasan. Axı çox yerdə rəsmi maaş bu qədər deyil».

Azərbaycanda gənclərin siyasi fəaliyyətinə gəlincə, AXCP Gənclər Təşkilatının rəhbəri Əbülfəz Qurbanlı deyir ki, bu, təhlükəli bir işə çevrilib. Hətta son illər politologiya fakültəsini xeyli gənc bitirsə də, heç kim öz ixtisası üzrə işləmir. Gənclər siyasi görüşlərə gəlməkdən imtina edirlər.

«OL» Gənclər Hərəkatının keçmiş üzvü Rəşadət Axundov isə hesab edir ki, ölkədə nəinki gənclər, heç kim pozulan hüquqları ilə bağlı aksiya keçirə bilmir:

«Bu kimi aksiyaları yalnız polis xəbər tutana qədər keçirmək olar».

Ramin Hacılı deyir ki, indi gənclər açıq danışmaqdan, telefonlarının dinlənməsindən qorxurlar:

«Mən dövlətin gənclərə yaxın olduğunu görmürəm. Qoy, tək bir təşkilatla yox, başqaları ilə də işləsinlər. Heç müxalifət olmasın, sadəcə dövləti tərifləməyən birisi ilə də işləsinlər».
XS
SM
MD
LG