Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

«Eynullanın bəraət alması kimlərəsə sərf etmir»


Andres Herkel
Andres Herkel
«Jurnalist Qənimət Zahidin adının əfv sərəncamına salınmasını Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyətdə az da olsa irəliləyiş hesab etmək olar».

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Media forum» saytına açıqlamasında belə deyib.

A.Herkel bildirib ki, əfv sərəncamına hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin, bloqqerlər Emin Milli və Adnan Hacızadənin adlarının salınmaması onu narahat edən başlıca məsələdir:

«Sərəncama Qənimət Zahidin adının daxil edilməsini müsbət qiymətləndirmək lazımdır. Biz bu cür münasibətin Eynulla Fətullayevə də göstərilməsini istəyərdik, lakin bu, baş vermədi. Digər tərəfdən, həbsdəki gənclərə - Emin Milli və Adnan Hacızadəyə də diqqət yönəltmək lazımdır. Bu həbslər məni çox narahat edir».

A.Herkel E.Fətullayev barəsində başlanmış yeni cinayət işinə də münasibətini açıqlayıb:

«Azərbaycanda məhkəmə strukturlarının verəcəyi qərarları adətən öncədən proqnozlaşdırmaq mümkün olmur. Adıçəkilən cinayət işinin jurnalistə qarşı qondarma bir iş olduğuna inanmaq üçün çox əsas var. Cəzaçəkmə müəssisəsində narkotikin bu cür aşkar edilməsi şəxsən mənə heç inandırıcı görünmür. Bundan başqa, aydın məsələdir ki, Eynullanın Avropa İnsan Hüquqları Məhkəməsində bəraət alması kimlərəsə sərf etmir».

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə 2007-ci ildə üst-üstə 8.5 il iş veriblər.

Keçən il Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətə baxılma ərəfəsində jurnalistin cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və ona narkotik saxlama ittihamı ilə növbəti cinayət işi açılıb.
XS
SM
MD
LG