Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:14

Nağıl, yoxsa Namiq Qaraçuxurlu?


Dünyanın məşhur nağılçısı, uşaqların və böyüklərin sevimli yazıçısı Hans Xristian Andersenin doğum günü şərəfinə hər il aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur

Andersenin nağılları ilə hamımız uşaqlıqdan tanışıq. Demək olar ki, çoxumuz "Çirkin ördək balası", "Kölgə", "Bülbül, "Su pərisi", "Qar şahzadəsi"ni oxumuş, balaca cəsur Herda, qorxmaz Qar şahzadəsi və zərif Eliza haqqında eşitmiş və ya nağıllarının motivləri əsasında cizgi filmlərinə baxmışıq.

"Mənim öz həyatım əsl nağıldır. Mən kasıb, köməksiz uşaq ikən işıqlı dünyaya çıxanda məni qüdrətli pəri qarşılayıb: "Özünə yol seç. Düşünülmüş iş və seçdiyin yol səni qoruyub idarə edəcək" - deyən nağıllar kralının yazdıqlarına bütün dünya inanmağa başlayıb.

Gözümüzü açıb "Ağ atlı oğlan"ın və ya "Məlikməmməd"in nağıllarını eşidən bizlər zaman keçdikcə bu nağılların da sehrinə düşmüşük.

O vaxtlar mənasını o qədər də anlamadığımız, yalnız marağımıza səbəb olan bu nağılları zaman keçdikcə dərindən dərk etməyə, "Biz kimik?", "Hara gedirik?", "Həyatımızı idarə edən nədir?" - deyə mövcudluğumuz haqqındakı suallara cavab axtarmağa başladıq.

O nağıllar çoxumuzun bugünkü həyat haqqındakı təsəvvürlərimizi möhkəmləndirməyə kömək edib. Bədii ədəbiyyatın təsir gücü də bundadır desəm, yəqin ki, mənimlə razılaşarsınız.

BITƏN EPOXA

Bu gün bütün dünyanın həvəslə qeyd etdiyi bayramı biz necə qarşılayırıq?

Bu suala cavab tapmazdan öncə keçmiş sovet məkanında kitaba marağın qalıb-qalmaması fikrinə toxunaq.

Rusiyanın 1-ci kanalı ilə yayımlanan verilişlərin birində əvvəlki illərə nisbətən qonşu ölkədə əhalinin kitaba marağının azaldığı etiraf olunsa da, bu marağın tamamilə itmədiyi fikri də dilə gətirildi.

Xüsusən sovet dövründə olduğu kimi, Okudjava, Bulqakov, Platonov, Rıbakov və Aksenov kimi yazıçıların əsərlərinə marağın yenidən qayıtdığı vurğulandı və bildirildi ki, vaxtilə çapı qadağan olunan və müəllifləri gizli saxlanan sovet dövrünün ədəbiyyatı məktəb proqramlarına daxil edilib.

Məsələn, indi Rusiyada Çingiz Aytmatovun köhnə və təzə romanları sürətlə satılır. Sosialist realizmini tərənnüm edən Anatoli İvanov, Pyotr Prokurin, Georgi Markov və digər saysız-hesabsız yazıçıların çoxcildli əsərləri rahat alınır.

Verilişdə o da səsləndi ki, hər hansı ədəbiyyatda pis və ya yaxşı - satışın iki zirvəsi olur. Birincisi, nə qədər ki, orada ideyalar təzə və o qədər də başadüşülən deyil, sınaqdan keçirmək üçün qəbul edilir.

İkincisi, nə vaxt ki, ideyalar köhnəlir, onda epoxanın heykəli rolunu itirir. Onda hətta keçmiş illərin tramvay bileti bu ideyalardan qiymətli görünür.

Bu gün vəziyyətdən çıxış yolunu qiymətləndirmək lazımdır.

Biz Fadeyevin, S.Vurğunun və digər hər hansı yazıçı və şairlərin fikirlərini sevə və ya sevməyə bilərik, amma "epoxa qurtarıb" - deyə bu əsərlərdən imtina etməkdə haqlı deyilik.

Biz çox şeyləri unutmuşuq, amma ədəbiyyat həm tarixilik, həm də estetik dəyər baxımından hər şeyi səhifələrində qoruyub saxlayır.

NOSTALJİ

Azərbaycan uşaq ədəbiyyatı tarixinə nəzər salanda görürük ki, ötən əsr uşaq ədəbiyyatı üçün əlamətdar dövr olub. İstər folklorda, istərsə də ayrı- ayrı yazarlarımız öz yaradıcılıqlarında uşaq ədəbiyyatına xüsusi yer ayırıblar.

XX əsrin əvvəllərində Azərbaycanda gedən maarifçilik hərəkatının nəticəsi olaraq, bir sıra yazıçılarımız uşaq ədəbiyyatının gözəl nümunələrini yaradıblar. P.B.Əfəndiyev, A.Şaiq, S.S.Axundov dərsliklərlə bərabər, nağıllar hekayələr, tapmacalar, şeirlər yazıblar.

İnsafən, demək lazımdır ki, sovet rejiminin formalaşdığı illərdə də Azərbaycan uşaq ədəbiyyatının inkişafı üçün gözəl şərait olub. Bu sahəyə həmişə diqqətlə yanaşılıb. İlk dəfə olaraq, Azərbaycanda "Gənclik" uşaq nəşriyyatı yaradılıb.

Bu nəşriyyat uşaq ədəbiyyatı sahəsində misilsiz işlər görüb. Nəşriyyat Azərbaycan yazıçılarının uşaqlar üçün yazdığı əsərləri nəşr etdirməklə bərabər, dünya uşaq ədəbiyyatını da çap etdirib.

Üç cilddən ibarət uşaq ensiklopediyası işıq üzü görüb.

Ümumiyyətlə, o dövrdə uşaq ədəbiyyatına xüsusi qayğı ilə yanaşılıb. Məsələn, bir qayda olaraq, uşaq ədəbiyyatı üçün yazıb-yaradan qələm əhli dövlət mükafatına layiq görülür, yazdıqları əsərlər çap olunurdu və s.

Uşaq ədəbiyyatı müəlliflərinin orta məktəblərdə, məktəbəqədər müəssisələrdə mütəmadi görüşləri keçirilirdi. Bu cür görüşlər uşaqların yaddaşından sonralar da silinmirdi.

BƏS BU GÜN?

Ürək ağrısı ilə demək lazımdır ki, son illər uşaq ədəbiyyatı, sözün əsl mənasında, durğunluq dövrünü yaşayır.

Düzdür, uşaq ədəbiyyatının yaranması prosesini birdəfəlik inkar etmək olmaz. Yazıçılar şikayətlənirlər ki, yazdıqlarını, sadəcə, nəşr etdirə bilmirlər. Əsas səbəblərdən biri də nəşriyyatların müflisləşməsidir.

Uşaq ədəbiyyatı nəşr edən bir neçə özəl nəşriyyat var. İlk baxışda, bu nəşriyyatların mövcudluğu təqdirəlayiq olsa da, bir qədər diqqətlə yanaşanda görürsən ki, uşaq ədəbiyyatının zənginləşməsində layiqli xidmət göstərmirlər.

Çünki uşaq ədəbiyyatı ilə bağlı heç bir qurumla əlaqələri yoxdur. Kimin vəsaiti varsa, onun əsərini çap edirlər. Çap olunan əsərin səviyyəsi isə Allahın ümidinə qalıb.

Bu nəşrlərin də uşaq ədəbiyyatına heç bir aidiyyəti yoxdur. Nəticədə uşaq ədəbiyyatı çapı kütləviləşmir.

Şair İlyas Tapdıq problemin çarəsini nəşriyyatların maraqlı kitabları yenidən plana salmasında və yüksək tirajla çap etdirməsində görüb: "Bu gün uşaq kitablarının tirajı çox azdır.

Ümumiyyətlə, uşaq ədəbiyyatına dövlət qayğısı yetərincə deyil. Sponsorlar da bu ədəbiyyatın çapına diqqət yetirməlidirlər.

Tirajın artmasında Təhsil Nazirliyi də rol oynamalıdır. Tək-tək adamlar özləri ayrılıqda kitablar buraxır və bu kitablar uşaqlara çatmır".

İlyas Tapdığın fikrincə, uşaqlara həsr olunan jurnalların - "Göyərçin", "Savalan" və s.-in tirajı da azdır və bu jurnallar təbii ki, bütün respublika məktəblərini əhatələyə bilməz.

Elə rayonlar var ki, orada ümumiyyətlə, bu jurnalların varlığından xəbərsizdirlər.

MÜTALİƏSİZ NƏSİL

Əvvəllər mütaliəyə olan vərdişlər indi tamam azalıb. Bu fikrin birmənalı şəkildə müzakirəyə ehtiyacı yoxdur.

Demək olar ki, bu gün böyüyən nəsil kitab kimi zəngin bir xəzinədən məhrumdur. Kitabın əldən-ələ gəzdiyi, yeni bir romanın işıq üzü görəndə insanların bütün mağazaları ələk-vələk etdiyi vaxtlar çoxdan keçib.

İndi insanlar cild-cild kitablar oxumaqdansa, bir-iki saatlıq bir filmi seyr etməyə və ya hər hansı "maqazin" verilişinə baxmağa daha çox üstünlük verirlər. Belə də demək olar: indi insanlar hissiz estetik amillərin obyektinə çevriliblər.

Onları artıq pis və yaxşı heç nə maraqlandırmır. Ona görə də yazarların həyəcan təbili çalmağa əsası var: kitab oxunmur!

Kitab mağazalarının satıcıları da, səyyar kitab satışı ilə məşğul olanlar da, kitabxana işçiləri də bu acınacaqlı faktı təsdiqləyirlər.

Azyaşlı uşaqların kitaba marağından isə ümumiyyətlə, danışmağa dəyməz. Onlar nəinki xalq nağıllarına həvəs göstərir, heç dərsliklərdəki uşaq ədəbiyyatından nümunələri də oxumurlar.

Bunun nəticəsi olaraq, yetişməkdə olan nəslin təlim-tərbiyəsi, onların nə dərəcədə vətənpərvər ruhda formalaşması sual altındadır...

Bu gün televizor, internet və başqa əyləncə vasitələri kitabları geriyə sıxışdırıb.

Bu acınacaqlı faktı indi təkcə valideynlər, müəllimlər deyil, hər bir məktəblinin özü də dərk edir. Bugünkü uşaqların marağı daha çox kompyuter oyunlarına yönəlib.

Hər hansı azyaşlı uşaqdan "hansı müğənnini tanıyırsan?" - deyə soruşsanız, dərhal Tarkan, Mahsun Kırmızıgül, Özcan Dəniz və ya Röyanın, Namiq Qaraçuxurlunun nəinki adını çəkər, hətta mahnılarını da əzbərdən oxuyar.

Doğrudan da narahat olmağa dəyər: savadsız, mütaliəsiz nəsil yetişir.

Psixiatrların fikrincə, kitaba məhəbbətin uşaqlıqdan tərbiyə etmək lazımdır. Belə ki, uşaqlıqda kitabı sevməyənlər böyüyəndə heç vaxt sevə bilməzlər. Bəs uşaqlarda kitaba marağı necə yaratmalı?

Təkcə məktəbdə müəllimlərin tövsiyəsi, valideynin öyüd-nəsihəti və ya zor tətbiq etməsi buna yetmirsə, nə çarə qılmalı?

Olmaya "Uşaqlar valideynlərindən çox zəmanəyə oxşayır" təəssüfdoğuran bir fikriylə barışmalıyıq?

Ancaq gələcəyimiz adlandırdığımız uşaqları bu uçurumdan xilas etmək lazımdır. Hansı yolla olursa-olsun.

Ya Dövlət Proqramı işlənib hazırlanmalı, ya təbliğat vasitələri güclənməlidir.

Bugünkü uşaq və yeniyetmələrə keçənlərdən fərqli olaraq: "Kitab bilik mənbəyidir" və ya Leninin "Oxumaq, oxumaq, yenə də oxumaq" kəlamlarını yox, Sokratın:

"Mütaliə bir cəmiyyətin vərdişinə çevrilsə, o cəmiyyət xoşbəxt olar" sözlərinin müdrikliyini anlatmağa çalışsaq, daha faydalı olmazmı?

"Kaspi"
XS
SM
MD
LG