Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

Kamran Nəzirli "Qorxulu sevgi" (Hekayə)


“Bu da sənin azadlığın! Qorxudu başdan ayağa, qorxu!”.

Bu sözləri ürəyində pıçıldayan ucaboylu, arıq vücudlu adam qurtarmaq bilməyən kimsəsiz kənd yolunda bütün canını bürüyən qaranlıq xofundan qurtulmağa tələsirdi.

Bir az əvvəl heç belə düşünmürdü. Hər şey qəbiristanlığın tinini burulanda baş verdi.

Qəflətən onu arxadan çağırdılar, dönüb dala baxdı. Heç kəs gözünə dəymədi.

Yenə kimsə səslədi. Bu dəfə səs lap yaxından gəldi. Yenə də heç kəsi görmədi. Sonra addımlarını yeyinlətdi və elə bu vaxt arxadan addım səsləri eşitdi.

Qəfil arxaya döndü və Allaha and olsun, nə gördü-görmədi, elə bil ürəyinin başına buz qoydular, bundan sonra hövlləndi.

Türmədən çıxan adamlar azadlıqda olanlardan bir qədər cəsarətli olurlar, qorxuya-filana boş şey kimi baxırlar.

Əvvəlcə o da bu cür düşünürdü... bu gecəyə qədər. Bir az əvvəl səs eşidəndə arxaya baxmağı şəninə sığışdırmadı.

Düşündü ki, gecənin bu vədəsində kimsə cürət edib onunla belə zarafat etməz.

Amma sonuncu dəfə arxaya baxıb dalınca gələn mələyəbənzər qanadlı adamın ondan iki dəfə hündür olduğunu, ağappaq libasa bürünüb az qala uça-uça ona yetişmək istədiyini görəndə, yenə deyirəm, Allaha and olsun ki, ayaqları əsdi, bədənini soyuq tər bürüdü.

Bundan sonra daha arxaya boylanmadı, demək olar ki, qaçmağa başladı.

Dodaqaltı söyüş də söydü. Heç həbsdə olanda bu qədər qorxmamışdı.

On beş illik türmə həyatında kimsənin nə ixtiyarı vardı onu izləsin; daban-dabana, addımbaaddım düşsün dalınca.

Həm də bu yekəpər qanadlı adam ömründə görmədiyi, təsəvvürünə belə gətirmədiyi dərəcədə nəhəng idi; hardan gəlmişdi bu zalım və nə üçün məhz onun ardınca düşmüşdü?

Vahimə bunda idi.

Kənd yolu uzun deyildi, kələ-kötürlü, çınqıllıydı. Bəlkə qaranlıq olduğu üçün bitmək bilmirdi.

Bəxtindən düz üç gün idi ki, kəndə işıq vermirdilər.

Hələ dünən axşamçağı türmədən çıxıb yol maşınına əyləşəndə düşündü ki, kəndə qaranlıq düşəndə, lap gec, gecə yarıdan keçəndən sonra gəlsə yaxşıdı; başı altından çıxmaq istəmirdi, yəni ki, camaat arasında görün¬məkdən çəkinirdi, görüb-bilən olar, tanıyarlar; kəndə səs düşər, deyərlər ki, Zahimənin nişanlısı Yavəri bıçaqlayan Mirzəmmədin oğlu türmədən qayıdıb.

Nə üzlə qayıdıb, niyə qayıdıb? Axı məhkəmədə (düz on beş il qabaqkı söhbətdi) qohum-əqraba, dost-tanış ona demədilərmi ki, bizi rüsvay elədin, üzümüzü qara elədin; adam da öz əmisi oğlunu bir qızdan ötrü öldürərmi?

Zahimə sənə “hə” demişdi, amma Yavər qabağa düşdü, qohumlar yığışıb nişan apardı.

Qız evi Yavərə üstünlük verdi, amma Zahimə onu sevirdi, ona könül vermişdi.

Qızın sözünə baxan vardı bəyəm?!

Yavərin böyük qardaşı İlyas, anası (ona əmdostu deyirdi o günə qədər) Kubraxanım iki ayaqlarını bir başmağa soxub qızı adaxladılar. Bundan sonra da... ortaya qan düşdü. Qohumlar arasına qan davası salmaq sənə qalmışdı?

Hələ bu harasıdır?

Yavərin qardaşları, qızın qardaşları məhkəmədə sənə demədilər ki, türmədən sonra kəndə gəlmə, gəlsən, səni öldürəcəyik?

Bütün bunları götür-qoy etmişdi; əvvəla, kəndə gecə gəlməkdə məqsəd heç də həmin o məhkəmə zalındakı hədələr deyildi. Daha heç kimdən qorx¬murdu. Türmə həyatı onu bərkitmişdi, avtoritet eləmişdi.

Türmə yoldaşları hələ ona ləğəb də vermişdilər: Dəmir Adam.

Çünki onun əsəbləri dəmir kimiydi, Dəmir Adamı yoldan çıxartmaq, özündən çıxartmaq qeyri-mümkün idi.

O, ilk növbədə Zahiməni görmək istəyirdi; öz sevgisini on beş il idi ki, qəlbində həbs etmişdi, indi o dustaq sevgi azadlıq istəyirdi; qorxusuz-hürküsüz azadlıq. “Mənim qəlbimdə də, başımda da yalnız azad sevgi yaşayır.

Mən o sevginin dalınca qayıtmışam kəndə”.

Bayaq qəbiristalığa çatanadək beləcə bəxtəvər-bəxtəvər düşünür, quş kimi uçurdu.

Tənha anasına baş çəkəcək, Zahiməni götürüb elə gecəylə də çıxıb Rusiyaya gedəcəkdi. Bilet də almışdı. Yoxsa nə işi vardı buralarda?

Sevgiydi onu kəndə gətirən. Azadlıqdan da şirin olan sevgi! Görəsən indi nə edir? Görəsən?...

Bu “görəsənlər” onun kövrək qəlbinə bəzən qəzəb və nifrətlə qatışıq elə bir qısqanclıq duyğusu salmışdı ki, inan allaha, Zahimədən bir balaca pis xəbər eşitsəydi qabağına çıxanların hamısını bıçaqlayacaqdı.

O, ya öz sevgisini birdəfəlik öldürmək, ya da təzədən diriltmək istəyirdi. Vəssalam.

Yol da ki qurtarmaq bilmirdi. Qəribədi. Elə bil cırcıramalar da yatıb, itlər, pişiklər, çaqqallar gözə dəymir. Səs-səmir yoxdu, hər yan lal sükunət, hər yan zülmət içində. Belə də kənd olar?

Həmin o qorxunc kölgə növbəti dəfə arxadan onu səslədi: “Hələ məndən qaçan olmayıb! Dayan!”

Dəmir Adam yenə hövlnak geriyə baxdı, heç kəs görünmədi; qaranlıq və kimsəsiz yolun qorxusu şiddətləndi. Addımlarını bir qədər də yeyinlətdi. Yox, arxadan kimsə gəlirdi.

Kiminsə iri addım səsləri onu qarabaqara izləyirdi.

Bu nədir, məni qara basır, yoxsa həqiqətən kimsə məni izləyir, məndən Yavərin intiqamını almaq istəyir?

“Sənə demirəm dayan, məndən qaça bilməzsən!?”

Yenə həmin səs, görünməz səs. Aman Allah! Səs hardan gəlir axı?

O qaça-qaça hər şeyi lənətləyir, qorxunc qanadlı adamın iri addımlarını arxasında hiss etdikcə qurşaqdan aşağı söyüşlər yağdırırdı.

- Məndən nə istəyirsən, lənətə gəlmiş?

Nə vermisən ala bilmirsən, hə? Sənə deyirəm, mənlə işin olmasın, ananı ağlar qoyaram!.. - deyə özünə təskinlik verirmiş kimi donquldandı.

Sən bir işə bax! On beş il “avtoritet” ol, sonra gəl bir dılğır kənd yolunda hansısa bir qanadlı kölgədən, ya adam qırığından qorx?

Bu kimsə kim idi axı? Əl¬bəttə, gündüz olsaydı onun aşını bişirərdi.

Əngini əzib çıxardı sinəsinin üstünə, qarnını yortub bağırsaqlarını tökərdi yerə.

Axır ki, həyət qapısına çatdı, özünü qapıdan yox, çəpərdən tulladı həyətə, elə bil bir az sakitləşdi, bura öz həyətləriydi, o qorxunc kölgə bura girə bilmədi.

Hər halda ona elə gəldi ki, öz həyətləri daha təhlükəsiz yerdi.

Dəmir Adam çiy kərpicdən tikilmiş birmərtəbəli evin sol böyründəki yekə tut ağacının budağından qırıb geriyə boylandı; bir qədər toxtamışdı, əlində “silah” vardı.

Bütün yol boyu onun arxasınca addımlayan o qorxunc qanadlı kölgədən əsər-əlamət belə yox idi.

Dəmir Adama soyuq tər gəldi.

“Məni əməlli-başlı qara basır” düşündü. Evin dağlara baxan pəncərəsindən zəif lampa işığı gəlirdi. Dəmir Adam uşaq kimi sevindi; “nənəm yatmayıb”.

Qapını açıb içəri girdi, anası küncdəki sandığın böyründəcə, həsirin üstündə uzanıb yatmışdı.

- Nənə, mən gəldim, ay nənə! Dur ayağa!

Ana dik atıldı, ədyalı üstündən tullayıb hövlnak ayağa qalxmağa çalışdı. Dəmir Adam dizləri üstə yerə çökdü, anasının ayaqlarını qucaqlayıb başını yerə əydi, dedi:

- Nənə, məni buraxdılar!

- Başına dönüm, qadan alım, bə gələndə mənə bir xəbər eliyəydin də!

On beş ildi gözümün kökü saraldı, nənə sənə qurban, bə bu zülmətdə necə gəldin? Üç gündü işığımızı kəsiblər, hər yan cin-şeytan qaranlığa bürünüb. Barı gündüz gələydin də...

- Nənə, heç nədən qorxmuram ha! De görüm Zahimə hardadı?
......
- Niyə susursan? Yoxsa.... Ərə gedib? Kimə gedib?
.....
- Ürəyim partladı!!!... Danışsana!...

- Qonşu kənddədi...-ana udqundu.

- Deməli gedib? Kimin evindədi?-Dəmir Adam hirsindən yumruğunu döşəməyə çırpdı.

- Rəhmətlik Yavərin böyük qardaşına... İlyasgildə... - ananın səsi titrədi.

- Axxx... binamuslar! Mən ona göstərərəm!-deyə güllə kimi evdən çıxdı.

- Nənə qurban, getmə! Quyuya ipsiz enməzlər. Ədə, dayan, qan salma genə! Hara gedirsən axı?

Dəmir Adam bu sözləri eşitmədi, gözünə sataşan mətbəxdəki ət doğrayan baltanı götürüb yola düşdü.

Bayaqkı qorxudan əsər-əlamət belə qalmamışdı; onun pələng gözləri gecənin zil qaranlığında işıldayırdı. Bu saat o binamuslardan kimi görsəydi doğrayacaqdı.

Türmədə namus üstündə oturanlara pis baxmırlar.

Arvadına, anana-bacına, yaxud qızına sataşanların dərsini əməllicə vermisənsə buyur yuxarı başa; türmə həyatının buna oxşar qanunları səni daha cəsur və qorxmaz edəcək.

Qol-qanad açırsan, həbsdə olduğunu hiss etmirsən, ən əsası odur ki, sənə hörmətlə yanaşırlar, hüquqlarını və toxunulmazlığını təmin edirlər.

Dəmir Adamın cinayəti bir qədər fərqli motiv daşıyırdı.

İlk vaxtlar türmədə buna nə ad vermək lazım olduğunu heç kəs anlamadı.

Dəmir Adam nə üstündə düşmüşdü? Onun törətdiyi cinayət namus kateqori¬yasına aid deyildi.

Onun cinayətini sadəcə qətl hadisəsi kimi də dəyərləndirmək olmazdı.

İlk aylar Dəmir Adam üçün çox çətin keçdi və o, cinayəti nədən və kimdən ötrü törətdiyini izah edə bilmədi.

“Razborka” uzun çəkdi və nəhayət, Dəmir Adamın iradəsi və gücü sayəsində türmə həyatının yazılmamış qanunları sırasına əlavələr edildi: sevgi üstündə türməyə düşənlər də “namus kateqoriyası”na aid edilsin.

Zahiməyə olan dəli sevgisi onu on beş il azadlıqdan məhrum etdi!

On beş il! Allaha and olsun, bu on beş ildə dünyada nə var dəyişmişdi bəlkə də, amma Zahiməyə məhəbbəti bir qram belə azalmamışdı və o arzuyla yaşayırdı ki, çıxıb onu görsün, qoşulub qaçsınlar Rusiyaya.

Doğrudur, bir neçə dəfə kəndə məktub yazıb (məktub yazmaqdan zəhləsi getsə də!), cavab gəlməyib.

Yəqin çatmayıb, ya da çatdırmayıblar... Noolar? Gözləyərik.

Ona elə gəlirdi ki, Zahimə də eyni cür düşünüb, onu gözləyib, ərə getməyib. Çünki ona “hə” demişdi, onu sevdiyini bildirmişdi. Lakin valideynləri qızı güclə Dəmir Adamdan daha varlı, daha savadlı Yavərə nişanladılar.

Yavəri öldürdü, özgə adam olsaydı bəlkə də öldürməzdi; Yavər bilə-bilə öz əmisi oğluna namərdlik elədi.

İndi də o biri qardaş namərdlik edib.

Dəmir Adamın dodaqları titrəyirdi, gecənin zülmətində gözlərinə Zahimədən başqa heç kim görünmürdü.
İlyasgilin evi kəndin girəcəyindəki dəyirmanın sağ tərəfindəydi.

Dəyirmandan bir neçə yüz metr aralıda balaca yeməkxana vardı. Yeməkxananın həyətindəki manqal söndürülsə də, oradan adda-budda tüstü qalxır, üfunətli his və yanmış ət qoxusu ətrafa yayılırdı.

Görünür, bir qədər əvvəl burada əyləşib yemək yemişdilər, sür-sümük qırıntılarını da ətrafa tullamış¬dılar.

Üfunətli iy az qala adamın ödünü ağzına gətirirdi, bu iy də üstəlik yeməkxananın tinindən burulub tozlu-təzəkli kəndin əsas döngəsinə çatan Dəmir Adamın əsəblərini daha da tarıma çəkdi. Həyət qapısını təpiklə vurub açdı.

Eyvana necə tullandısa guppultudan içəri otaqda yatanlar dik atıldı.

İlyas alt paltarında əlində lampa çırağı qapını açar-açmaz bir yumruqla yerə sərildi. Dəmir Adam bağırdı:

- Oğraş! İndi səni tikə-tikə döğrayacam!
Lampa yerə düşüb çilik-çilik oldu.

Evin içindəki palaz yanmağa başladı. Evdən qışqırıq səsləri qopdu, Zahimə nə baş verdiyini anlamadı; evə qəfil soxulan qərib adamın onun ərini öldürmək istədiyini biləndə qorxu və dəhşət içində yerindən sıçradı; bir anlıq uşaqlarını düşündü, əvvəlcə özünü onların üstünə atdı.

Bu adam kim idisə onları öldürməyə gəlmişdi.

Belə vaxtda kim gələ bilərdi?

İlyas Dəmir Adamın balta tutan əlindən yapışmışdı, buraxmırdı.

Dəmir Adam bir daha bağırdı:

- Binamus köpəyoğlu! Öldürəcəyəm səni!

Zahimə yalnız bu zaman səsi tanıdı və irəli cumdu, var gücü ilə qışqırdı:

- Öldürmə onu! Məni vur!

- Qızaa Zahimə, uşaqları götür qaç, Əjdəri çağır, bu köpəyoğlu bizim hamımızı öldürəcək.

Otaqda əlbayaxa döyüş gedirdi.

Zahimə bir də çığırdı:

- Bizə yazığın gəlmir? Öldürmə onu!

Qəflətən işıqlar yandı. Hamı bir anlıq karıxdı. Və Zahimə çılpaq sinəsini qabağa verib Dəmir Adamın düz gözlərinin içinə baxdı, dedi:

- Bu da mən! Bunu istəyirdin? Öldürmə onu!

Dəmir Adamı elə bil tok vurdu.

O, sağ ayağını huşsuz və üzüqoylu halda yerə sərələnmiş İlyasın boynunun ardına dirəmişdi, baltanı qaldırmışdı ki, təpəsindən endirsin. Əlini havada yellədib vurmaq istəyəndə işıqlar yandı və qadının çılpaq sinəsini gördü.

Ürəyinə sanki iynə batırdılar. Bir anlıq Zahiməni tanımadı, elə bildi ünvanı səhv salıb. Amma qarşısındakı Zahimə idi; on beş il əvvəl gördüyü Zahimə deyildi. Qurdla qiyamətə qalan qadına bən¬zəyirdi.

Onun yalnız səsi dəyişməmişdi. Və o, yalnız bu səsə görə əlini saxladı.

Qadının sümükləri çıxmış yalın çiyinləri, heç bir ifadəsi olmayan çuxura düşmüş gözləri, gözlərinin ətrafındakı çoxsaylı qırışıqlar, sifətinə tökülmüş səliqəsiz saçlarındakı ağ dənəciklər qəfildən yanan işıqda ildırım sürətiylə onun bütün vücudunu dəlmə-deşik elədi; döşəməyə sərilən palazın od tutub yanmasını və alovun uşaqlara tərəf yeriməsini görən Zahimə bir anlıq hər şeyi unudub çığırışan uşaqlarını evdən bayıra çıxarmağa çalışdı.

Gücü çatmadı, alov ac canavar kimi bu darısqal otaqda bir qədər əvvəl dünyanın işlərindən xəbərsiz yatan, sonra gubbultudan oyanıb gördükləri dəhşətli səhnədən az qala tir-tir əsən uşaqları udacaqdı.

Ərinin huşsuz və uşaqlarının köməksiz durumunu görən Zahimənin başı gicəlləndi və o, evin ortasındaca müvazinətini itirib yerə yıxıldı.

Dəmir Adam birdən-birə elə bil mum kimi əridi, qolları boşaldı.

Zahimənin dən düşmüş saçları sümükləri çıxmış çiyinlərinə tökülmüşdü. Alnındakı qırışlar, üz-gözündəki qəm-qüssə, solğunluq onun bu on beş ildə çox sürətlə qocalmasından xəbər verirdi.

Dəmir Adamın on beş il qabaqkı dəli sevgisi də birdən-birəcə qocaldı və onun içində özünə də bəlli olmayan elə bir qəribə duyğu baş qaldırdı ki, deyirdin bəs, indicə dinməzcə ölüb yerə girəcək, ya da utanıb geri qayıdacaq.

“Məgər o, bu sevgiyə görəmi on beş il oturmuşdu?

O gözəl Zahimədən əsər-əlamət belə qalmaylb, ilahi! Necə qocalıb, necə görkəmini dəyişib! Allah, allah, bu nədi! Nədi bu, mən deyəsən dəli oluram! Yəni bu doğurdanmı o gözəl, zərif, təravətli Zahimədi?”

Bir qədər əvvəl nə dedi ona Zahimə: “Sevgimizin xətrinə, onu balalarıma bağışla!”. Aman Allah, mən neynirəm?

Qəflətən hər şey tərsinə cövlan eləməyə başladı. Pah atonnan, Allahın işinə bax e!

Dəmir Adam bir göz qırpımında Zahiməni qolları arasına alıb həyətə düşdü. Onu astaca quyunun yanında uzadıb yenə alov bürüyən evə cumdu.

Uşaqların dəhşətli çığırtıları quyunun böyründəki talaşaların üstündə sərələnmiş Zahiməni ayıltdı. Qadından bir hayqırtı qopdu ki, gəl görəsən, çığırdı:

- Allah, Allah! Balalarım yandı! Vayyy! Kömək eləyin! Tifaqım dağıldı!

Bir də gördü ki, Dəmir Adam hər iki uşağı qoltuğuna vurub otaqdan çıxarır.

Bir qədər əvvəl qatil kimi gələn bu adam indi xilaskara dönmüşdü, düz quyunun tininə gəldi, uşaqları Zahimənin qarşısında otuzdurdu.

Qadın balalarını duz kimi yalamağa başladı. Bu səhnəni seyr edən Dəmir Adamın gözləri doldu və o, həyət qapısına tərəf tələsdi, amma Zahimənin ürək göynədən çığırtısı onu saxladı, “balalarım yetim qaldı! Ay aman, kömək edin, İlyas....”

O, bir anlıq tərəddüd etdi, sonra nə düşündüsə cəld geriyə döndü, yenidən alovun içinə cumdu.

Huşsuz halda hələ də özünə gəlməyən İlyası möhkəm qolları arasında çölə çıxartdı və Zahimənin ayaqları altına yüngülcə tullayıb özünü lənətləyə-lənətləyə kənd yoluna çıxdı.

İlyasın evi od tutub yanırdı; alov az qala o biri otağa da keçəcəkdi.

Kəndin demək olar ki, yarısı bu həyətə yığışmış, hələ heç kim nə baş verdiyini anlaya bilmirdi.

Kişilər, cavan uşaqlar alovu söndürməyə çalışırdılar, qadınlar Zahiməyə təskinlik verir, uşaqları sakitləşdirir, bəziləri isə İlyası ayıltmaq üçün onun üzünü şillələyirdi.

İlyas qəflətən özünə gəldi, yeyin addımlarla hələ alovun tutmadığı o biri otağa cumdu, qoşalüləni götürdü. Adamlar onun nə edəcəyi fərqinə varmadı, hamı evi söndürməklə məşğul idi. Zahimə bir anlıq ərinin məqsədini duydu, qabağa yeridi.

“Bizi o xilas elədi!” deyə az qala yalvarışlı pıçıltıyla İlyasın qabağını kəsdi.

- Çəkil yolumdan, qancıq! - qara quzğuna dönmüş İlyas tüfəngin qundağıyla arvadına elə bir zərbə ilişdirdi ki, qadın arxası üstə yerə sərələndi.
Yanan evdən sürətlə uzaqlaşan Dəmir Adam qəflətən hönkürtü vurdu.

Hara getdiyini bilmirdi, dünyanı, dünyanı yaradanı qarğıyır, sonra da arxaya baxmadan yeyin-yeyin addımlayırdı. Sevgi yoxdu! Yalandı! Boş şeydi! Hər şey necə də qorxuludu! Bircə qorxmadığım şey sevgiydi!

O da qorxunc və dəhşətli imiş, aman Allah! Sən demə azadlıq qorxulu deyilmiş, dünyada ən qorxulu şey sevgiymiş, sevgi! Çünki onun ömrü çox qısadır.

Qəribə də olsa Dəmir Adam birdən-birə gülməyə başladı.

Bayaq kəndə gələndə onu qarabaqara izləyən həmin o qorxunc kölgənin arxadan gəldiyini hiss etdi, amma buna əhəmiyyət vermədi. Bu dəfə arxaya boylanmadı. O gülürdü, söyüş söyürdü.

“Gəl, gəl görüm mənə neynəyəcəksən, Şeytan! Mən daha səndən qorxan deyiləm! İndi mənim üçün hər şey qocalıb əldən düşüb, gözəlliyini, təravətini itirib. Sevgi də ölərmiş, sevgi də qocalarmış! Sevgi də qorxulu olarmış! Dəmir Adam şaqqanaq çəkə-çəkə donquldanırdı...

Buna bax! Şeytan kölgəsi! Xoxxx, qorxdum səndən! Day mənimki mənə verildi! Sən mənə neyləyəcəksən?”

Bu vaxt arxadakı kölgə tərəfdən iki güllə səsi gəldi. Dəmir Adam üzüqoylu yerə yıxıldı və tərpənməz oldu...

Həmçinin oxu
Kamran Nəzirli "Erməni gəlini" (Hekayə)
"Amma arzum da var ki, mükafatı təsis edənlər yerlibazlığa, qrupbazlığa uymasınlar..."
XS
SM
MD
LG