Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:11

Naxçıvan sakini: «Əlimizdəki yükü alıb az qala Araza atırlar»


Sədərək Gömrük İdarəsi

- Vizani 15 gündən bir ediblər. Biz də Türkiyəyə gedib gələrək uşaqlarımıza birtəhər çörəkpulu qazanırdıq. Camaatı çörəklə imtahana çəkiblər. Əhalinin 70 faizinin dolanışıq yeri bu gömrükdür. Heç bilmirsən ki, bu kimin qanunudur.

Naxçıvan sakini Əli Səfərovun sözlərinə görə, Türkiyə Azərbaycanla viza rejimini ləğv etməyinə baxmayaraq, Naxçıvanın Türkiyə ilə gömrük keçid məntəqəsində gediş-gəlişlə bağlı xüsusi qaydalar tətbiq edilir. Daha doğrusu, vətəndaşlar yalnız 15 gündən bir Türkiyəyə keçə bilərlər.

Əli Səfərov deyir ki, viza götürüləndə seviniblər ki, artıq problemsiz bu ölkəyə gedə biləcəklər:

ÜMİD ÜMİDLƏRİMİZİ PUÇ EDİR

«Ümid edirdik ki, ailəmizi birtəhər keçindirəcəyik. Nə bilərdik bir zamanlar «Ümid» adı verilən bu körpü bizim ümidlərimizi puç edəcək»

Söhbətləşdiyimiz insanların sözlərindən aydın oldu ki, 15 gün ərzində yalnız Türkiyə tərəfə bir dəfə keçmək mümkündür. Bu da əsasən tez–tez gedib-gələnlərə daha çox mənfi təsir edir. Daha dəqiq desək, ziyan çəkən o insanlardır ki, onlar tez- tez qonşu respublikanın Naxçıvana yaxın ərazilərinə gedərək oradan ailələrinin dolanışığı üçün əsasən ərzaq və kiçik xırdavat əşyaları gətirirlər. İndi onların həm gediş-gəlişinə, həm də gətirdikləri əl yüklərinə məhdudiyyət qoyulduğundan qalıblar çarəsiz.

Deyirlər buna kimin sərəncam verdiyini və ya hansı qanunla edildiyini öyrənməyə çalışsalar da, heç kim heç nə demir. Hətta bununla bağlı hər hansı qanuni sənəd də tələb etmək üçün dəfələrlə gömrük keçid məntəqəsinin rəhbərliyinin qəbulunda olmaq istəsələr də, bu cəhdləri baş tutmayıb. Vətəndaşlar bu məhdudiyyətlərə səbəb kimi Naxçıvanda idxalda monopoliyanın olmasını göstərirlər.
Avtobus Naxçıvandan Türkiyəyə yola düşür
Bildirirlər ki, Muxtar Respublikaya daxil olan ərzaq məhsullarını yalnız icazəsi olan bir qrup şəxs gətirir.

YÜKÜ AZ QALA ARAZA ATIRLAR

- Əvvəlcə 3 gün elədilər, sonra bir həftəyə qaldırdılar. İndi 15 gündən birə qaldırıblar. Üstəlik, əlində gətirdiyin yükü alıb az qala Araza atırlar. Adamın özünü belə az qalırlar Araza atalar səsini çıxaranda.

- Gömrüyün sədrini görmək olur? Prezidentin qəbuluna düşmək olar ki, nəinki gömrüyün sədrinin. Vurarlar adamın qabırğaları qırılar.

- Həftədə bir dəfə camaat gedib-gəlirdi. İndi 15 günə qaldırıblar. Camaat gedirdi evinə 3-4 kilo kartof, soğan gətirirdi. Məqsəd odur ki, özləri tonlarla mal gətirib satırlar. Qadağa qoyublar ki, öz malları satılsın.

Vətəndaşların dediklərinə aydınlıq gətirmək üçün Türkiyə ilə sərhəddə yerləşən «Sədərək-Dilucu» gömrük keçid məntəqəsində olduq. Məntəqənin Sədərək ərazisində yerləşən idarənin növbətçisi bizə Naxçıvan Gömrük Komitəsinə müraciət etməyimizi məsləhət gördü. Keçid məntəqəsinin sərhəd xidmətinin rəhbəri İlham Qurbanov bu məsələnin onlarla heç bir bağlantısının olmadığını bildirdi.

RƏSMİ MÖVQE

Naxçıvan Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Rahil Tahirli AzadlıqRadiosunun müxbiri ilə söhbətində komitənin viza rejiminə nəzarət etmədiyini, yalnız yüklərin keçirilməsi və digər bir sıra hallara nəzarət etdiyini bildirdi və vətəndaşların gətirdikləri əl yüklərinə qadağaların olmadığını dedi. Onu da vurğuladı ki, yalnız bölgədə yetişdirilən məhsullar bazara çıxarılanda, yəni satış mövsümündə bəzi məhdudiyyətlərdən söhbət gedə bilər. Muxtar Respublikaya idxalda monopoliyanın mövcud olmasına gəlincə, müsahibim belə halın olmadığını, yalnız kənd əhalisinin mənafeyinin qorunduğunu söylədi.

Məsələyə bir daha aydınlıq gətirmək ücün Naxçıvan Xarici İşlər İdarəsinə müraciət etdik. İdarənin mətbuat xidmətində bildirdilər ki, onlarda məsələ ilə bağlı məlumat yoxdur.
XS
SM
MD
LG