Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:11

Polşanın öz liderləri Katını rəsmi şəkildə ana bilmirdilər


Polşalı qadın Katın qurbanlarını anır, 31 oktyabr 1989

İlk dəfədir ki, Rusiya baş nazir səviyyəsində Katın qırğınının anılmasında iştirak edib.

Ölənlərin ruhuna xristian, yəhudi və müsəlman qaydası ilə dualar oxunub.

70 il əvvəl Rusiyanın Katın meşəsində NKVD hər üç dindən olan 22 min polyak zabitini, polisini və ziyalısını güllələdi.

Vladimir Putinin öz polşalı həmkarı Donald Tuskla birlikdə Katın qırğınını anması, polşalı tarixçilərin fikrincə, SSRİ-nin varisi olan Rusiyanın bu qırğına yanaşmasının dəyişdiyini göstərir.

Tarixçi Marek Lasota deyir: «Putin belə mərasimə qatılırsa, bu o deməkdir ki, Rusiya tarixi mirasın məsuliyyətindən yayınmır».

Maraqlıdır ki, indiyə kimi Polşanın öz liderləri də Katın qırğını gününü yad etməyə bu kəndə qeyri-rəsmi gəlirdilər. Çünki bunu rəsmi etmək Rusiyanın sərt reaksiyası ilə qarşılaşa bilərdi.

İndi fevral ayında Putinin Tusku Katına dəvət etməsi Polşaya imkan verib ki, Katın qırğınını yüksək rəsmi səviyyədə qeyd etsin.

Putinin dəvətini Tusk Rusiya ilə Polşa arasında münasibətlərin yaxşılaşmasının çox mühüm əlaməti adlandırıb.

SSRİ KATINI ALMANLARIN TÖRƏTDİYİNİ DEYİRDİ

50 il Sovet İttifaqı Katın qırğınını nasistlərin törətdiyini deyirdi. Kommunist Varşava Kremlin dediyini təkrar edirdi.

Ancaq eyni vaxtda faciənin əsl günahkarlarını bilənlərə qarşı repressiya gedirdi.

Andjey Skapski həmin qırğında valideynini itirib. O deyir: «Məlum olanda ki, kiminsə əri Katında güllələnən zabitlərdəndir, o qadını işdən çıxardırdılar.
Katın qurbanlarının oğulları, qızları ali savad almaqdan məhrum edilmişdi».

1989-cu ildə Şərqi Avropada kommunist rejimləri yıxılanda, sovet lideri Qorbaçov 1990-cı ildə məcburiyyət qarşısında qalıb, həqiqəti ilk dəfə etiraf etdi.

O boynuna aldı ki, Katın qırğınını NKVD törədib.
70 il əvvəl NKVD 22 min polyak zabitini, polisini və ziyalısını güllələdi

ƏMRİ BERİYA VERMİŞDİ, STALİNİN İMZASI VARDI

1990-cı illərdə Rusiya prezidenti Boris Yeltsin Katın qırğını ilə bağlı sənədləri Polşaya verdi.

Onların arasında 1940-cı il 5 mart tarixli əmr də vardı. Bu əmri NKVD rəhbəri Beriya vermişdi, Stalinin isə imzası var idi. Əmr olunurdu ki, polşalı əsirlər güllələnsin.

2005-ci ildə isə Rusiyanın Baş Prokurorluğu uzun illər davam edən istintaqını başa çatdırdı. Prokurorluq elan etdi ki, cəmi 2 min əsirin öldürülməsini təsdiqləmək olar.

Prokurorluğun istintaqının bu nəticəsini belə izah etmək olardı ki, siyasi səbəblərdən başqa, istintaqın məxfi sənədləri ala bilməməsi faktı da var.

Keçən ay Rusiyanın «Memorial» insan haqları təşkilatı prezident Medvedevə müraciət etdi ki, 5 il əvvəlki istintaq yenidən davam etsin. Çünki Katın - insanlıq əleyhinə cinayətdir.

POLŞA PREZİDENTİ KATINA NİYƏ APRELİN 10-DA GEDƏCƏK

Maraqlıdır ki, Katındakı bugünki mərasimə Putinlə Tusk qatılır, ancaq Polşa prezidenti Lex Kaçinski qatılmır.

Belə fikirlər var ki, Kaçinskinin gəlməsini Kreml istəməyib. Çünki Kaçinski Moskvanı sərt tənqid etməyi ilə məlumdur.

Polşa prezidenti deyib ki, Katın meşəsinə aprelin 10-da gedəcək və veteranlarla birgə bu qırğınının 70 illiyini yad edəcək.

Katın memorial kompleksi
XS
SM
MD
LG