Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:56

Taksi sürücüsü: «Biz olmasaydıq, o villa sahibi görəsən kimin naziri olardı?»


Elşad Əsgərxanov
Elşad Əsgərxanov
«Başqa yol yoxdur. Seçim bu oldu, icarəyə bir maşın götürüb, aylıq plan ödəyib taksi sürüm».

Füzuli köçkünü, 45 yaşlı Elşad Əsgərxanov ixtisasca inşaat mühəndisidir. Ancaq beşinci ildir ki, taksi sürücülüyü ilə məşğul olur. Deyir, taksi sürməklə də ailə dolandırmaq müşkül məsələdir. Ancaq məşğul olmağa başqa iş də yoxdur. İndiki zamanda sürücülük heç bir kişinin üzünü ailə-uşaq yanında ağ eləmir:

«Sürücülük etməklə ailə saxlamaq ailəni aldatmaq deməkdir. Bu gün nə isə çatışmır, yaxşı sabah alaram. Sabah yetişir, bəhanə edirsən ki, maşın sındı-filan. Taksi sürərək ailə saxlamaq çox çətindir».

Elşadın ailəsi 2003-cü ildən Haramı düzündə yaşayır, özü isə Bakıda. Pul düzəltdikcə, ayda bir-iki dəfə ailəsinə baş çəkməyə gedir.

İL İLDƏN AĞIR GƏLİR...

Müsahibim deyir ki, 5 ildə bir neçə dəfə maşınını dəyişib. Hər dəfə kreditlə daha ucuz maşın götürməyə üstünlük verib. İndi idarə etdiyi «Azsamand»ı da ay yarımdır ki, kredit yolu ilə əldə edib. Qazandığı isə heç krediti ödəməyə də çatmır. Hər ay borc-borc üstünə yığılır:

«Arendanın vaxtı çatanda hardansa borc pul tapıb ödəyirik, sonra da başlayırıq işləyib həmin borcu qaytarmağa. Düzü, bilmək olmur ki, kimin üçün qazanırıq, borcları ödəmək üçün, yoxsa özümüzə gün ağlamaq üçün?».

Elşad Əsgərxanov deyir ki, hər il vəziyyət bir il əvvəlki ilə müqayisədə pisləşir. Deyir, belə getsə, növbəti ildə də bugünkü gününə həsəd aparacaq.

TAKSİYƏ MİNƏN YOXDUR, HAMI TAKSİ SÜRÜR

Müsahibimin sözlərinə görə, Bakının küçələrində üzərində taksi işarələri olan maşınların sayı artdıqca, vəziyyət daha da ağırlaşır. «Minən yoxdur, istifadə edən yoxdur, taksi sürməyə başlayanlarsa çoxdur» deyən müsahibim «həmkarlarını» da qınamır. Deyir «nə etməli? onlar da mənim günümdə. Məşğul olmağa başqa peşələri yoxdur».

Hər gün maşında oturub müştəri gözləyən Elşadın ölkə daxilində və xaricində baş verənlərlə bağlı radio dalğalarından xəbər almaq imkanı daha genişdir. Elə son vaxtlar baş verənlərə də onun gözüylə baxaq:

«Ümumiyyətlə baş açmaq olmur nə baş verir Azərbaycanda? Təxminən 1 il əvvəl dünyanı bürüyən böhran məsələsi çıxdı ortalığa. İndi də mətbuatdan, televizordan eşidirik ki, tutaq ki, Çində böhran prosesi başa çatmaq üzrədir. Azərbaycanda isə əvvəl də böhran idi, indi də. Başa çatması da heç gözlənilmir».

SÜRÜCÜ DEYİR, KAPİTALİZM BİZLİK DEYİR

Elşad Əsgərxanov kapitalizmin Azərbaycana fəsadlarından danışır. Deyir, kapitalizm bizlik deyilmiş: «Kapitalizm əslində bizə kim olduğumuzu göstərdi. Biz kapitalizm mədəniyyətinə hazırıqmı? Bunu öyrətdi bizə. Özümüzü tanıyandan sonra başa düşdük ki, kapitalizm bizim üçün deyilmiş. Azərbaycanda orta təbəqə yoxdur. Kasıb təbəqə var, bir də varlı təbəqə. Mən kasıb təbəqədənəm. Mən orta təbəqə deyilən bir şey görmürəm».

MÜSTƏQİLLİK YAXŞIDIR, AMMA...

Müsahibim 20 il əvvələ qədərki güzəranının xiffətini çəkir: «Sovet dövründə bambaşqa idi. İş yerləri, üçnövbəli işləyən zavodlar, fabriklər...Camaat işləyirdi, maaş alırdı. O zamanlar iqtisadi durumu aşağı olan adamların günahı özündə olurdu. Bu, onların tənbəlliklərindən irəli gəlirdi. İndisə vallah bilmək olmur... Müstəqilik, azadlıq, bu yaxşıdır. Amma iqtisadi durumumuz Sovet dövründəki kimi ola bilməz».

MƏN DƏ VƏTƏNDAŞAM, NİYƏ MƏNİM VİLLAM YOXDUR?

Müsahibimin yolu tez-tez şəhərkənarı ərazilərdən düşür. Deyir hər dəfə maşınla Zuğulbadakı, Bilgəhdəki villaların yanından şütüyüb keçəndə ikrah hissi keçirir:

«O villaları görəndə bir şey fikirləşirəm. Tutaq ki, bu villa filan məmurundur. Fikirləşirəm görəsən mən olmasaydım, biz olmasaydıq, kasıb təbəqəni deyirəm, bu məmur, bu nazir kimin naziri olardı? Bəs Azərbaycan xalqı var ki, bu da həmin xalqın nazirdir. Bəs əgər biz varıqsa görəsən, nəyə görə bizim bu villaya bənzər bir şeyimiz yoxdur? O villanın heç olmasa 15-də biri boydası məndə yoxdur».

Müsahibim deyir ki, bu mülklər əslində kasıb təbəqədən yığılan vergilər hesabına ərsəyə gəlib: «Mən büdcəyə vergi ödəyirəm. Yəni mən də bu büdcəyə pul qoyuram. Büdcə bizim pullarımızdan formalaşır. Hamı bilməlidir ki, bu pullar hara gedir? Hara nə qədər xərclənir? Axı bu bizim pulumuzdur, konstitusiyaya görə. Hətta eşitmişəm ki, hansısa nazirin bir neçə delfin saxlamaq üçün böyük hovuzu var, o hovuz olan həyət də gəlir adamın gözünün qarşısına, o mülk də».

Elşad Əsgərxanovun fikrincə, bahalı mülklərin əksər sahibləri məmurlardır. Ancaq hansısa məmurun yığdıqları yalnız onun həbsindən sonra rəsmən elan olunur:

«Tutaq ki, bir nazir tutulur, aşkarlanır ki, bunun evində qızıl külçələri, milyonlarla pullar var imiş. Hamısında var o. Sadəcə, həmin nazirin evindəkilər lazım idi elan olunsun, desinlər ki, bu vətən xainidir və sairə».

Taksi sürücüsü Elşad Əsgərxanovla söhbətimiz bir saatacan çəkdi, bu vaxt ərzində bizə müştəri yaxınlaşmadı. Kim bilir bəlkə də məni müştəri bilib yaxınlaşan olmadı.
XS
SM
MD
LG