Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

Sərbəst toplaşmaq olmayan yerdə…


Metroda qiymət artımına qarşı etiraz aksiyası, 13 oktyabr 2009
Metroda qiymət artımına qarşı etiraz aksiyası, 13 oktyabr 2009
Aprelin 8-də siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının dialoqu başlayıb. ATƏT-in Bakı ofisinin keçirdiyi tədbirə hakim və müxalifət partiyalarının təmsilçiləri, o cümlədən QHT nümayəndələri qatılıb. Müzakirələr sərbəst toplaşmaq azadlığı və seçki prosesinə qeyri-qanuni müdaxilələrlə bağlı olub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçisi Duqlas Veyk 2008-ci il prezident seçkisindən sonra bir sıra tövsiyələr verildiyini xatırladıb. Bildirib ki, verilən tövsiyələrin bəziləri nəzərə alınmayıb:

SEÇKİ AZADLIĞINA HÖRMƏT GÖSTƏRİLMƏLİDİR

- Seçki azadlığına hörmət göstərilməli, dövlətin resurslarından istifadə edərək seçki kampaniyasına müdaxilə cəhdləri olmamalıdır. Seçki dövründə həm yerli həm də beynəlxalq müşahidəçilərə işləmək üçün bütün imkanlar yaradılmalıdır. Və nəhayət, səslərin sayılması zamanı bütün beynəlxalq standartlara əməl olunmalıdır.

Əli Kərimli
AXCP sədri Əli Kərimli sərbəst toplaşmaq azadlığıyla bağlı ciddi problemlər yaşandığını və ildən-ilə də bu hüququn məhdudlaşdırıldığını deyir:

SƏRBƏST TOPLAŞMAQ OLMAYAN YERDƏ…


- Qanun var, amma icra olunmur. Azad toplaşmaq olmayan yerdə isə demokratik və ədalətli seçkidən söhbət gedə bilməz.

Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc isə deyir ki, əgər bu hüququn pozulmasında qüsurlar varsa, aradan qaldırılmalıdır, çünki onsuz da müxalifət təmsilçiləri öz fikir və ideyalarını İnternet şəbəkəsində bölüşürlər:

ENERJİLƏRİNİ TÜKƏDƏCƏKLƏR

- Guya onu gəlib hansısa küçədə, hansısa meydanda deməklə nə dəyişəsidir ki? Əksinə bütün enerjilərini də orda tükədəcəklər. Mən o mövqedəyəm ki, geniş imkan versinlər, onlar bunu etsinlər.

Zahid Oruc dəyirmi masada reqlament ucbatından deyə bilmədiyi bir təklifini də səsləndirmək istəyir. O təklif edir ki, istənilən vətəndaş «bir nəfərin mitinqi» taktikasından yararlansın:

BİR NƏFƏRİN MİTİNQİ


- Qərbdə belə bir nümunə görmüşük. Bir nəfərin mitinqi. Ayaqlarının altına bir kətil qoyub yuxarı qalxıb öz tələblərini səsləndirirlər.

Zahid Oruc
Bəs polis ayağının altına kətil qoyub yuxarı qalxan və tələb söyləyən adamı «icazəsiz aksiya və ya ictimai asayişi pozma» ittihamıyla saxlamayacaqmı? Zahid Oruc ümid edir ki, hüquq-mühafizə orqanları buna dözümlü yanaşacaqlar.

Hakim partiya nümayəndələriylə keçirilən dialoqu səmərəli sayan Əli Kərimli isə sərbəst toplaşmaq azadlığıyla bağlı hüququ tezliklə sınaqdan çıxaracaqlarını deyir:

ƏGƏR MERİYA YENƏ «YOX» DEYƏCƏKSƏ…

- Bu ay ərzində biz aksiya keçirmək istəyirik. Amma yenə də müraciətlərimizə Bakı Şəhər İcra Hakimiyyəti «yox» deyəcəksə, onda bu müzakirələrin səmərəsi olmayacaq.

Sınaq uğursuz olarsa, necə, ATƏT-in sonrakı müzakirələrinə qatılacaqlarmı? Əli Kərimli dialoqdan qaçmayacaqlarını deyir. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da belə müzakirələri faydalı sayır:

MÜZAKİRƏLƏR FAYDALIDIR

- İstənilən məsələlərdə müzakirə faydalıdır, ən azı tərəflərin mövqeyini bilmək, öz mövqeyini səsləndirmək fürsəti əldə etmək baxımından…

Anar Məmmədli
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə hakimiyyət-vətəndaş cəmiyyəti arasındakı dialoqun yalnız o zaman müsbət nəticə verəcəyinə inanır ki, hakimiyyət seçkilərin azad keçirilməsi üçün siyasi iradə nümayiş etdirsin:

SİYASİ İRADƏ LAZIMDIR

- Əgər hakimiyyət siyasi iradə nümayiş etdirməsə, bu cür tədbirlər imitasiya xarakteri daşıyacaq.

2008-ci il prezident seçkisindən sonra ATƏT Azərbaycana 27 tövsiyə verib. O tövsiyələrdən biri də sərbəst toplaşmaq azadlığı hüququndan istifadəyə şərait yaratmaqdır.

ATƏT-in Bakı ofisi noyabrda keçiriləcək parlament seçkilərinə qədər tövsiyə olunmuş məsələlər üzrə dialoq keçirmək niyyətindədir. Növbəti müzakirələr Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunacaq.

XS
SM
MD
LG