Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

«Qanunvericilik bu qədər rəhmsiz ola bilməz»


«Ölkədə nizam yoxdur, ölkəyə kriminal hökumət rəhbərlik edir...»
«Ölkədə nizam yoxdur, ölkəyə kriminal hökumət rəhbərlik edir...»
Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Gürcüstanın ictimai təhlükəsizliyi ilə bağlı 2005-ci ildə aparılmış tədqiqatın nəticələri yayılıb. Bu məlumatlara görə, 2000-ci illə müqayisədə Tbilisidə cinayətkarlığın səviyyəsi azalıb, baxmayaraq ki, vəziyyət hələ də qənaətbəxş sayılmır (2000-ci ildə 39 faiz, 2005-ci ildə 34 faiz olub).

Bu gün bir çoxları qaranlıq küçələrdə soyğunçuların qurbanına çevrildiyi illəri xatırlayır. Avtomobil sahibləri ya küçədə saxladıqları maşınlarını yerində tapa bilmir, ya da hansısa hissəsinin çatışmadığını aşkarlayırdılar. Adamların əynindən paltarları çıxarılırdı. Mütəşəkkil cinayətkarlıq yüksək səviyyədə idi...

Bəs indi Gürcüstanda vəziyyət necədir, kriminogen vəziyyət yaxşılaşıbmı? Bu sualla Tbilisi sakinlərinə müraciət etdik. Cavablar fərqli oldu:

ƏGƏR QANUNU POZMASAN, HEÇ NƏ BAŞ VERMƏYƏCƏK

- Hər mənada təhlükəsizlikdir. Əgər qanunu pozmasan, heç nə baş verməyəcək. İndi Gürcüstandan xaricdə daha çox cinayət törədilir.

- Təhlükəsiz deyil. Bizim həyat elədir ki, sabahkı gündən qorxuruq.

- Mən eşitmişəm ki, gecələr küçəyə çıxmaq təhlükəli idi, ancaq indi vəziyyət fərqlidir, sakitçilikdir.

- Əvvəllər hər yerə sərbəst gedirdik, indi heç yana getmək olmur, hər yerdən pislik gözləyirsən. Ölkədə nizam yoxdur, ölkəyə kriminal hökumət rəhbərlik edir...

İddia etmək ki, kriminogen vəziyyət yaxşılaşıb və cinayətlərin sayı azalıb, düzgün deyil
Güc strukturlarının rəsmi internet səhifələrində yerləşdirilən məlumatlara görə, 2010-cu ilin ilk 2 ayı ərzində 6086 qanun pozuntusu olub. Onlardan 2896-sı açılıb. Tbilisidə son iki ayda baş verən cinayətlərin böyük hissəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır – 313 fakt. 327 oğurluq, 17 ölümə cəhd, 58 soyğunçuluq və 28 quldurluq hadisəsi qeydə alınıb.

Gürcüstanın İqtisadi Əlaqələr Universitetinin professoru, sabiq baş prokuror Qiya Meparişvili son 5 ilin kriminogen vəziyyətini qiymətləndirərkən, bəzi tendensiyalara xüsusi diqqət verir:

GÜRCÜSTANDA CİNAYƏTLƏRİN AÇILMA ƏMSALI ÇOX AŞAĞIDIR


- Bəzi cinayətlər var ki, artır. Məsələn, mülkiyyətlə bağlı qanun pozuntuları. Narkotik maddələrin istifadəsi və yayılması və nəqliyyat qanun pozuntuları ilə bağlı statistika kədərlidir. İddia etmək ki, kriminogen vəziyyət yaxşılaşıb və cinayətlərin sayı azalıb, düzgün deyil. Əlbəttə, bəzi uğurlar da müşahidə olunur. Əvvəllər yayılmış qanun pozuntularının sayı azalıb. Məsələn, sərhəd pozuntuları ilə bağlı...

Buna baxmayaraq, Qiya Meparişvili hesab edir ki, Gürcüstanda cinayətlərin açılma əmsalı çox aşağıdır və Avropa göstəricilərindən xeyli geri qalır. O, 2005-ci ilin məlumatlarını xatırlayır. Həmin dövrdə ağır cinayətlərin açılması Tbilisidə cəmi 14 faiz, bütün Gürcüstanda isə 23-21 faiz təşkil edirdi...

Meparişvilinin qiymətləndirməsinə görə, səbəb mükəmməl olmayan qanunvericilik və qeyri-peşəkarlıqdır. Müsahibimiz rəsmi saytlarda göstərilən statistikanın şübhəli olduğunu deyir:

- Daxili İşlər Nazirliyi və Prokurorluğun saytlarında cinayətkarlığın azaldığı barədə məlumatlar var. Ancaq mənim müşahidələrimə görə, cinayətlərin açılması əmsalı yüksək deyil.

Vəkil Manana Kobaxidze isə hesab edir ki, Gürcüstanda kriminogen vəziyyət dəyişib. Səbəb Cinayət Məcəlləsinin sərtləşdirilməsidir:

NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏTKARLIQ ARTIB


Manana Kobaxidze: Mən vəziyyətin birmənalı düzəldiyini deməyin düzgün olmadığını nəzərdə tuturam
- Gürcüstanda cinayətkarlıqla mübarizə siyasəti, cəzanın təyin olunma qaydası sərtləşib və həbs olunanların sayı artıb. Oğurluq kimi cinayətlər, gec saatlarda küçələrdə soyğunçuluq, xüsusi mülkiyyəti əldə etmək məqsədi ilə hücum halları azalıb, lakin narkotiklərlə bağlı cinayətkarlıq artıb. Bu mənada bizə bir çox zərərçəkmiş müraciət edir.

Manana Kobaxidze əlavə edir ki, zorakı cinayətlərin həcmi də az deyil:

- Zorakı cinayətlərə gəlincə, qətllər və ya digər bu kimi cinayətlər bəzən böyük amansızlıqla törədilir... Mən vəziyyətin birmənalı düzəldiyini deməyin düzgün olmadığını nəzərdə tuturam.

QANUNVERİCİLİK BU QƏDƏR RƏHMSİZ OLA BİLMƏZ

İnsanlar arasında yayılan qorxu amili necə cinayətkarlığın səviyyəsinə təsir edirmi?

Bəzi ekspertlər hesab edir ki, qismən «hə», qorxu problemi cinayəti müvəqqəti olaraq aradan qaldırır. Qiya Meparişvili əlavə edir ki, qanunvericiliyə liberallaşma elementlərinin əlavə olunmasına ehtiyac var:

- Əgər kimsə qorxu hissi ilə cinayətin kökünü kəsəcəyinə inanırsa, bu sadəcə avamlıqdır. Cəzanın ağırlığı müəyyən preventiv xarakter daşıyır, ancaq bu müvəqqətidir və nəticə vermir. Bu gün biz qanunvericiliyimizə liberal elementlərin daxil edilməsindən danışmalıyıq. Çünki qanunvericilik bu qədər rəhmsiz ola bilməz.
XS
SM
MD
LG