Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

Adnan Hacızadə «Güzdək», Emin Milli «Xələc» təcridxanasına köçürülür


Emin Milli və Adnan Hacızadə
Emin Milli və Adnan Hacızadə
Həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadə Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülür. Bu barədə Adnan Hacızadənin vəkili İsaxan Aşurov məlumat verib:

«Adnan Hacızadə aprelin 10-da Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, Emin Milli isə aprelin 12-də Salyandakı Xələcə aparılır».

İsaxan Aşurov hələlik bloqqerlərin cəzaçəkmə müəssisəsinə köçürülmələri ilə bağlı hər hansı vəsatət və ya şikayət qaldırmaq niyyətlərinin olmadığını bildirdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirdi ki, Azərbaycan praktikasına əsasən eyni cinayəti törətmiş şəxslər müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilirlər:

EYNİ CİNAYƏTİ TÖRƏTMİŞ ŞƏXSLƏR MÜXTƏLİF CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNƏ GÖNDƏRİLİRLƏR

«Eyni cinayət işində təqsirli bilinib məhkum olunan şəxslər müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilir. Bu hal tək bu iki nəfərə şamil olunmur, ümumiyyətlə bizim praktikada belədir. Güzdək Bakıdadır, Salyan da Bakının yaxınlığındadır. Adi bir cəzaçəkmə müəssisəsidir, ümumi rejimli, az ağır cinayət törətmiş şəxslər üçün nəzərdə tutulub. Ümumiyyətlə, mən burda heç bir problem görmürəm. Bu cəzaçəkmə müəssisələrində qanunvericiliklə nəzərdə tutulmuş görüşlər də veriləcək, eyni zamanda bütün məhkumlara verilən hüquqlardan da istifadə edəcəklər».

Emin Millinin anası Natella Abdullayeva isə həyat yoldaşının səhhətində problem yarandığından bu vəziyyətdə oğlunu görmək üçün Salyana necə gedəcəklərindən narahatdır.

ƏN AĞIR REJİMLİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ

Emin Millinin anası Natella Abdullayeva
Vaxtilə Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsində dustaq olmuş Mirzə Sakitin qızı Zülfiyyə Zahidova deyir ki, bu cəzaçəkmə müəssisəsində vəziyyət olduqca ağırdır:

«Bu cəzaçəkmə müəssisəsi Azərbaycanda ən ağır rejimli cəzaçəkmə müəssisəsidir. Ayda bir dəfə ancaq gedə bilirdik. Bu isə çox çətin idi. Ancaq yola 50 manatdan çox xərcimiz çıxırdı. Bundan başqa, orda görüş də çox fərqli idi. Çünki orda siyasi məhbuslara qarşı başqa cür davranırlar. Bizim görüş zamanı yanımızda yad adamlar dayanırdı, sərbəst danışa belə bilmirdik. Atamın dediyinə görə, yeməkləri də çox pis idi. Heç kim yeyə bilmirdi. Kim yemək yesəydi, bir həftə mədəsi ağrıyırdı. Ümumiyyətlə çox ağır rejimli zondu».

Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov aprelin 10-da Salyandakı Xələc cəzaçəkmə müəssisəsində monitorinq keçirib. O deyir ki, ümumilikdə bəzi xırda problemlər nəzərə alınmasa, bu cəzaçəkmə müəssisəsində vəziyyət digərləri ilə müqayisədə olduqca yaxşıdır:

XƏLƏC CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİ NÜMUNƏ KİMİ GÖSTƏRİRİK

«Biz hər dəfə Salyandakı Xələc cəzaçəkmə müəssisəsini nümunə kimi göstəririk Ədliyyə Nazirliyinə. Yalnız burada tibb hissəsinin əsaslı təmirə ehtiyacı var. Məşğulluq göstəriciləri digər cəzaçəkmə müəssisələri ilə müqayisədə yüksəkdir, qidası normaldır, idman zalları, geniş və yaşıl meydanı var, işçilərlə dustaqların davranışı qənaətbəxşdir. Buna görə də biz həmişə bu cəzaçəkmə müəssisəsinə müsbət rəy bildiririk».

Qurban Məmmədov
Bu cəzaçəkmə müəssisəsində bir ildən artıq dustaq olmuş vəkil Qurban Məmmədov isə burada vəziyyətin deyildiyi qədər yaxşı olmasına şübhə edir:

ABSURD VƏ GÜLÜNC…


«Azərbaycanda ümumiyyətlə cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı cəzaçəkmə müəssisəsi. Nə qədər orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su, istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli olduğunu düşünmək absurddur və gülüncdür».

Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər.

Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E.Milli 2 il 6 ay, A.Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi martın 10-da birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
XS
SM
MD
LG