Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:52

Sərhəd kəndlərindən kimin xəbəri var?


Tovuzun Koxanəbi kəndi
Tovuzun Koxanəbi kəndi
BİZƏ HEÇ BİR GÜZƏŞT EDİLMİR

- Bizə bir dənə güzəşt yoxdur. Kimə deyirsən ki, bizə güzəşt edin, odun-alovun qabağında yaşayırıq, deyir işığa, qaza güzəşt yoxdur. Dünən gəlib yoxlayırlar ki, pulu verməsəz qazı kəsirik. Dolanmağa heç imkan yoxdur. Evi erməni dağıdır, 50 güllə yığmışam.

Gülşən Əliyeva Ermənistanla sərhəddə yerləşən Tovuzun Koxanəbi kəndində yaşayır. Deyir dolanışığımız sözlə ifadə edilməyəcək qədər çətindir. Evlərində 3 körpə böyüyür, amma nə doğru-düzgün yeməyə çörəkləri, nə də qızınmağa ocaqları var. Amma Gülşən xalanın ailəsi bu çətinliklərə baxmayaraq kəndi tərk etmək istəmir. İstəkləri onlara qayğı göstərilməsi və müəyyən güzəştlərin edilməsidir:

- İşləyə bilmirik, indi çən gəlib deyə qorxa-qorxa qarğıdalı əkirik. Suyumuz, şəraitimiz yoxdur. Qazımız çəkildi, amma qaz işçilərindən heç kim gəlmədi bura. Burda bir oğlan var öz gücünə çəkdi. İndi də qorxa-qorxa yandırırıq. Dünya-aləm pul yazır. Yazan kimi də gəlir ki, pulu ver.

SAYĞAC QURAŞDIRANDA HƏR EVDƏN 5-10 MANAT PUL YIĞILIB

Ötən ilin sonu kəndə qaz çəkilib. Rayon Qaz İstismar İdarəsinin işçiləri bu kəndə gəlib qaz çəkməyə cəsarət etməsələr də, kənd sakini Məhəmməd Məmmədov öz təşəbbüsü ilə qazı çəkib. Xətlər çəkiləndən sonra sayğac quraşdıran idarə işçiləri hər ailədən sayğac üçün 5-10 manat arası pul alıb. Məhəmməd deyir ki, qazı çəkəndə idarə onlara nə maddi, nə də texniki baxımdan yardım etməsə də qazın çəkilişini indi öz adına çıxır:

Tovuzun Koxanəbi kəndi
- Nə texnika verdi, nə də «svarka» aparatı, özüm hamısını «svarka» eləmişəm. Kəndin erməni görən hissəsi ki, var ora bir nəfər qaz idarəsinin işçisi çıxmadı. İndi nəzarətçilər qazpulu yığmağa gəlirlər. Bəs indi necə olur ki, gələ bilirlər? Heç nə vermədi, 3 «packa» elektrik naqili verib. Köhnə boruları da təmir eləmişik. İşçilər sayğac üçün hərədən 5 manat aldı.

- Qaz idarəsi deyir ki, biz ora gəlmirik, çəkmirik. Bir adam ki, gəlib bura qaz çəkmir, onun qazpulu istəməyə ixtiyarı varmı?

- Öz maşınlarımızla yığdıq boruları, «svarka»nı da özü gətirdi. İşığın pulunu da ondan aldılar ki, «svarka» işlədibsən.

- Sayğacı pulnan qoydular sizə?

- Hə pulnan, hər adam 5, eləsi var 10 manat verdi.

- Erməni imkan vermir işləyək.

- Vicdan haqqı, ta bilmirik neyləyək, yaşamaq olmur.

Rayon Qaz İstismarı İdarəsinin rəis müavini Çərkəz Əhmədov deyir ki, güzəştlər barədə danışmağa belə dəyməz, çünki idarəyə qazpulunun aybaay yığılması göstərişi verilib. Kim istifadə etdiyi qazın pulunu verməsə, fərdi qaydada qaz verilişi dayandırılacaq. O ki qaldı Koxanəbiyə qazı kimin çəkməsinə, Çərkəz Əhmədov deyir ki, qaz idarə tərəfindən çəkilib. Və xeyli sayda yeni borular istifadə edib:

- Qaz verilib ora. Sayğac quraşdırılıb. 450 metr boru, 200 metr də 50-lik boru verilib təmir olunub, daşıyıcı xəttlər üçün qaz verilib sərhəd kəndlərə. Materiallarla bərpa edib qaz çəkmişik.

Düzü indi sakinləri narahat edən qazın kim tərəfindən çəkilməsi deyil. Qazın pulunu ödəyə bilməməkləridir. Sakinlər Ermənistanla sərhəddə hər gün atəş altında olduqlarından nə mal-qara otara, nə də əkin-biçinlə məşğul ola bilirlər.
Vahid Əhmədov
Qazanc yerləri yoxdur, işığın-qazın pulunu ödəyə bilmirlər. Deyirlər ki, heç olmasa kommunal xidmətlərdə onlara güzəştlər edilsin.

SƏRHƏDDƏ YAŞAYANLARIN EVİNDƏ SAYĞAC QURAŞDIRMAQ OLMAZ

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Vahid Əhmədov da deyir ki, sərhəd kəndlərdə yaşayanlara sayğac quraşdırılması ədalətli deyil və onlara kommunal xidmətlərlə yanaşı bir çox güzəştlər edilməsi zəruridir:

- Bu əhali elə şəraitdə yaşayır ki, istənilən halda onun heyvanı vurula bilər. Onlar heyvan otara bilmirlər, əkin sahələri sərhədə yaxın olduğundan əkib-becərməkdə müəyyən çətinlikləri var. Onlara sayğac quraşdırılmasına ehtiyac yoxdur. Onlarda əhali ancaq pensiya ilə dolanır. Onların ödədiyi pul o qədər böyük deyil və dövlət tərəfindən ödənə bilər. Yəni, kommunal sahədə o kəndlərə güzəştlər edilsə yaxşı olar.

Vahid Əhmədov deyir ki, məmurlar hərdən sərhəddə yaşayanlara baş çəksələr də rəsmi şəkildə onlara xüsusi yardımlar və ya güzəştlər edilmir. Bunun üçün xüsusi proqram hazırlanmalı və tətbiq olunmalıdır.
XS
SM
MD
LG