“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.
ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1, Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası), Jurnalistin türmə gündəliyi-3 (Qusik), Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet), Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət ), Jurnalistin türmə gündəliyi-6 (MTN-dən qaçış qalmaqalı), Jurnalistin türmə gündəliyi-7 (Həkimin qəribə alətləri), Jurnalistin türmə gündəliyi-8 (Cırtdan tank), Jurnalistin türmə gündəliyi-9 (Müstəntiqin düyməsi), Jurnalistin türmə gündəliyi-10 (Aha, tanıyıram bu əclafı)
TEZİS: 2-Cİ MƏRHƏLƏ
Rasim Allahverdiyev öz təəccübünü gizlətmirdi:
- Dilim, sən nə danışırsan? "Artezian" bütün dünyaya səs salıb, dörd ildir hamı bu qəzetdən yazır. İndi kim inanar ki, bu boyda həngamə bir nəfərin - Dilim Dilim-dilimovun işidir.
Təəssüf ki onun sözlərində həqiqət vardı. "Artezian"ın faktiki olaraq bir nəfər tərəfindən nəşr olunması fikrinə heç kimi inandırmaq olmazdı.
Bizdə camaatın qəzet texnologiyası haqda çox bəsit təsəvvürü var.
"Baş redaktor", "redaktor", "şöbə müdiri", "məsul katib" - məmləkətimizdə hər hansı nümayəndələrinin bu vəzifələrdə işləməsi ilə fəxr edən yüzlərlə ailə var, bəzənsə lap nəsillikcə, tayfalıqca, obalıqca fəxr edirlər - xüsusilə kənd yerlərində.
"Qardaşım oğlu Bakıda qəzetin şöbə müdiridi, tanıyarsan".
"Dayı, hansı qəzetdə?" "Nə bilim a bala, adı yadımda döyül"...
Belə söhbətləri mənimlə o qədər ediblər ki...
Ən maraqlısı isə budur ki, qəzetlərin 90 faizində redaksiya işçilərinin sayı elə qəzetin sonunda qara hərflərlə verilən məsul vəzifələrin sayı ilə eyni olur.
"Kompüter mərkəzinin direktoru" mətnləri kompüterdə yığır, "İnformasiya şöbəsinin müdiri" bütün günü telefonla xəbər toplayır, "Məsul katib" müsahibələr alır, "Baş redaktor" korrektorluq edir.
Bu çoxsaylı müdirlərin, redaktorların, direktorların (bəzən daha dəbdəbəli "menecer" vəzifəsinə də rast gələrsiniz) tabeliyində bir nəfər də olsun sıravi işçi tapmazsınız.
(Bir dəfə tanış redaksiyaların birində xadiməni ştat cədvəlində "menecer-sanitar" kimi qələmə verməyi təklif etmişdim).
Sadaladığım həqiqətlərdən yalnız jurnalist əsnafı hali idi.
Çinovnik və prokurorların təsəvvürləri adi kəndlinin mirzəlik işi haqqındakı bilgilərindən heç nə ilə fərqlənmirdi.
Əlacım yox idi, müstəntiqi inandırmalıydım.
Çətin də olsa onu və onun vasitəsilə mənim işimdə qərar qəbul edən məmurları ənənəvi fikirlərindən döndərməli, sübut etməliydim ki, əgər "Artezian"a görə kimisə cəzalandırmaq lap elə vacibdirsə, bu cəza ancaq və ancaq mənə düşür. "Günahsız camaatı havayı yerə "zibilə salmayın".
Rasim müəllim şiddətli müqavimət göstərirdi.
İlk dəfə inanmağa doğru meyli ona avantüra ilə dolu həyat yolumu danışanda özünü göstərdi.
Valideynlərimin tez-tez məktəbə çağrılmasından, universitetin 5-ci kursundan xaric edilməyimdən, qarnizon qaupvaxtasına düşməyimdən, işdən qovulmağımdan və sair həyat macəralarımdan danışarkən mənə diqqətlə qulaq asırdı, amma ürəyindəki şübhə yeri hələ kifayət qədər böyük idi.
Günlərin birində istintaqa tam hazırlıqlı gəldi. Suallarını ayrıca vərəqdə əvvəlcədən hazırlamışdı. Mənimlə mübahisə aparmaq üçün alışıb-yandığı hiss olunurdu.
Bic-bic gülümsünüb soruşdu:
- Dilim-dilimov, ekspertlərin nəticəsinə əsasən, "Artezian"da 3 müəllif üslubu mövcuddur. Başa düşürsən? Yəni ki siz redaksiyada ən azı 3 nəfər olmusunuz.
Buna nə deyə bilərsən?
Nə deyəsiydim? Deyəsiydim ki, sizin ekspertlərə "Artezian"ın HIRR və ZIRR mükafatı düşür?
Heç nə demədim də. Sakitcə 3 vərəq ağ kağız götürüb müxtəlif üslublarda, lakin eyni məzmunda (mənə vəkil ayrılması haqqında) 3 ərizə yazdım.
Sovet kargüzarlığının küt bayağı-məmur dilində yazılan birinci ərizə belə başlayırdı:
"Yazıb sizdən xahiş edirəm ki..." və s. və i.
İkinci sənədin mətni orta əsrlər Avropasında diplomatik yazışmalar zamanı istifadə olunan riqqətdoğurucu nəzakət ifadələri ilə doluydu:
"Əziz qardaşım Rasim, poqon adamlarının məhbuslarla davranışından doğan izzət daim təcridxananın divarları arasında dolaşır və fasiləsiz olaraq qəlbimi doldurmaqla sizin lütfünüzün hüdudsuzluğunu etiraf etmək şərəfini mənəvi borclarımdan ən ümdəsinə çevirir..."
Və nəhayət üçüncü ərizə "Artezian"a məxsus atmaca stilində tərtib olunmuşdu və təxminən belə başlayırdı:
"Bakı şəhər prokurorluğunun "başüstəntiqi", çıqqılı ədliyyə müşaviri Rasim Allahverdiyev yoldaşa..."
Ərizələri müstəntiqə ötürdüm:
- Apar bunları göstər ekspertlərinizə, qoy öz bəsirətlərini bir az məşq elətdirsinlər, görək burada neçə batalyon müəllif tapırlar...
Diqqətlə kağızları nəzərdən keçirən R.Allahverdiyev təslim olmaqdan hələ çox uzaq idi.
- Bəs rəssam? - deyə nəsə gözləyirmiş kimi maraqla mənə baxdı.
Onun marağını çox da intizarda qoymadım.
Gözləri, sifətinin cizgiləri vakuum ifadə edən adamın şarjını çəkmək olduqca asan idi...
Sonra müstəntiq kompüterdən söhbət saldı. Bu məsələdə biz xüsusilə "müxtəlif çəki dərəcələrində çıxış edirdik".
Rasim müəllim elə tip subyektlərdən idi ki, (təəssüf ki informatika əsrində məmləkətimiz başdan-başa bu adamlardan ibarətdir) kompüter adlı qurğunu "Sehrli xalat" filmindəki xan aeroplanı qavrayan kimi qəbul edirdi.
Onu başa salmağa çalışırdım ki, öz məğzinə görə "insan-kompüter" münasibətləri "insan-radio", "insan-maqnitofon", "insan-soyuducu" sistemlərindən heç nə ilə fərqlənmir.
İstənilən adam çoxsaylı hazır redaktor proqramlarından istifadə etməklə fərdi kompüterdə qəzet maketi hazırlaya bilər.
Bunun üçün mütləq proqramçı olmaq lazım deyil.
Necə ki televizordan istifadə etmək üçün onun mikrosxemlərini bilməmək, TV ustası olmamaq heç bir çətinlik törətmir.
- Sənin evində kompüterin var?
- 4 yerdə işləyirdim, hamısında da kompüter itinə tökdür, işlədən yoxdur. Kim nə bilir nə yazırdım: "Artezian", yoxsa elmi iş?
Rasim müəllimin şübhələri dağılmaq üzrə idi. Mətbəə qayğılarından, qəzet paylanmasından da söhbət düşdü. Arqumentlərim kifayət qədər güclü idi.
Bir-iki bağlama qəzetin nəşri və yayılması üçün heç də briqada tələb olunmurdu, bir nəfər adam bircə günün içində bütün işlərin öhdəsindən gələ bilirdi...
- Hə, az qala unutmuşdum, bəs şeirlər?.. Olmaya şairliyin də varmış, bilməmişik.
Ciddi sifət alıb fikirləşməyə başladım. Guya ki beynimdə qafiyə çözələyirəm.
Əslində isə orta məktəbdə əzbərlədiyim şeirləri yada salmağa çalışırdım. Müstəntiqin sualı məni çox pis vəziyyətdə qoyurdu.
Çünki poeziyaya olan aidiyyatım araq içən mollaların İslam mənsubiyyətindən artıq deyildi.
Rəhmətlik Sabirdən başqa heç kimi xatırlaya bilmədim.
Çox böyük risqə gedirdim.
Rasim müəllimin Mirzə Ələkbərin yaradıcılığı ilə tanışlığı olsaydı, üstü açılan fırıldağım bütün əvvəlki səylərimi (ərizələri, şarjı, kompüter, maliyyə və s. haqqında söhbətləri heçə çıxaracaqdı).
Ürək edib "Sual-cavab" şeirini əlaçı şagird həvəsilə birnəfəsə söylədim, guya ki öz ekspromtumdur, indicə qoşmuşam.
Qurban olum Allaha! Müstəntiqin poeziyaya olan münasibəti "molla-araq-İslam" uyğunlaşmasından da ögey idi.
Şeiri deyib baxdım ki, məni heyrətlə seyr edir: konsertlərdə pərəstişkarlar estrada ulduzlarına elə baxırlar:
- Elə bax indicə qoşdun?!
- Xətrimə dəyirsən ha...
- Özün fikirləşmisən?..
- Yox! Butros Qali indicə kosmik telefonla diqtə elədi...
- Heç sözüm yoxdur! Dilim, sənin kimi adamlar dünyaya 100 ildə bir dəfə gəlir!!! - deyə otağı tərk etdi.
Necə heyrətlənmişdisə, nəzarətçini çağırıb məni kameraya göndərməyi də unutmuşdu...
(ardı gələn bazar ertəsi)