Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:52

Ataol Bəhramoğlu:”Dövlətin mənə ev təklif etməsindən söhbət gedə bilməz”


TANINMIŞ TÜRK ŞAİRİ AZADLIQ RADİOSUNUN “OXU ZALI”NA MÜSAHİBƏ VERDİ. ŞAİRLƏ MAİS ƏLİZADƏ SÖHBƏTLƏŞİB.

M.Ə. Sizin ilk şeirlərinizi 1980-ci ildə Moskvada çıxan “XX əsr türk poeziyasından” adlı kitabda oxumuş və adınızı Nazim Hikmət, Orxan Vəli, Fazil Hüsnü Dağlarca ilə bir yerdə görəndə təəccüblənmişdim. Təvəllüd tarixinizdə 1942 yazırdı. Cavan yaşda türk şeirinin bir əsrinin əks etdirildiyi kitaba düşmək asan olmamalıydı...

A.B. Səhv etmirəmsə, haqqında danışdığınız antologiya 1980-ci ildə çap edildi.

Kitabın redaktorlarından biri Tofiq Məlikov idi. Mən orada şeirləri çıxan ən gənc türk şairi idim.Bu, mənim üçün çox maraqlı və mənalı idi.

Daha əvvəl Londonda “Penguen” yayınlarında çıxan “Turkish words” antologiyasında da ən gənc türk şairi mən idim-28 yaşındaydım.

O vaxtdan bəri çox zaman keçdi.

Bəzi şairlər ən gözəl şeirlərini, məncə, cavan yaşlarında yazırlar-ancaq daha sonra bunun arxasını gətirə bilmirlər. Mənim fikrimcə, gənc yaşda yaxşı şeirlər yazan şair bunu davam etdirə bilməlidir.

Bunun ən gözəl örnəklərindən biri Nazim Hikmətdir.Onun ilk inqilabi şeirlərini 20-25 yaşlarında yazdığını bilirik.835 sətirdən ibarət olan bu şeirlər türk şeirində də inqilabın başlanğıcı idi.

Mən də ən yaxşı şeirlərimdən bəzilərini 1960-cı illərdə yazdım.

Məsələn, “Bir gün mütləq” adlı kitabımda çıxan şeirlərin bir çoxu 60-cı illərin məhsuludur.60-cı illər bizim nəslimiz və ümumiyyətlə, Türkiyə üçün çox önəmli bir dönəmdir.

M.Ə. Azərbaycan üşün də eyni dərəcədə önəmlidir.Sizcə, niyə?

A.B. Dünya üçün də çox önəmlidir.

Dünya tarixinin də yüksəliş dönəmləri var.Kuba inqilabı, Amerikanın Vyetnamda məğlubiyyəti, kosmosa ilk adamın getməsi, 1968-ci il hadisələri, gənclərin və tələbələrin yaratdiği müqavimət hərəkatları.

Bunların hamısına bir yerdə baxanda, bəşəriyyət tarixinin önəmli səhifələrini görürük.

Buna görə də mənim yaxşı şeirlərimin bir qisminin o dövrdə yazılması təsadüf deyildir.Ancaq, təəssüf ki, o vaxtdan bəri kapitalizm və imperializm bunun revanşını əməlli-başlı aldı.

M.Ə. 50-ci illərdən başlayaraq dünya miqyasında mükafatlar verilərkən söylənilən nitqlərlə 2000-ci illərdəki nitqləri müqayisə edəndə fikir və düşüncənin necə cılızlaşdığını görə bilirik.Siz bunu kapitalizmin “naturasına” bağlayırsınızmı?

A.B. Mən məsələyə o cür baxıram.Sosialist sistemin müvəqqəti də olsa, məğlubiyyəti və imperializmin rəqibsiz qalması dünya arenasında böyük bir pessimizm yaratdı.

M.Ə. Bu durum “ziyalılıq” məfhumuna təsir göstərdimi, onu böyük ölçüdə aradan qaldırdımı?Yoxsa, nə baş verdi?

Mais Əlizadə və Ataol Bəhramoğlu
A.B.Mənim şəxsi fikrimə görə, bəşəriyyətin yaratdığı proqressiv məfhumlar aradan qalxmaz.Ancaq müəyyən dövrlərdə bu məfhumlar bir az arxa plana keçə bilər.Yaşadığımız dövrdə bunun şahidi oluruq.

Humanizm, bərabərlik, ədalət, haqq-sanki bütün sahələrdə ikinci plana atılıb. Ədəbiyyatda da bu cürdür, siyasətdə də. Mənzərə belə görünür.Ancaq digər tərəfdən, ciddi reaksiyaları da görməzlikdən gələ bilmərik.

Məsələn, son vaxtlarda Yunanıstanda çox ciddi hadisələr oldu. Cənubi Amerikada önəmli iqtidar dəyişiklikləri oldu.Dünyanın bəzi ölkələrində irəliyə doğru bəzi hərəkətlənmələr olduğunu görə bilirsiniz.

M.Ə. O vaxt belə bir sual ortaya çıxır: ziyalının iqtidarla “dil tapması” toplumlara mənfi təsir göstərən ən önəmli arqument halına gəlmirmi?Dünyanın gedişatına mənfi təsiri ziyalının iqtidarın tərəfinə keçməsi göstərirmi?

A.B. Ümumilikdə ziyalı iqtidarın yanında yer tutmaz.

Çünki iqtidar bir təzyiq deməkdir.Ən yaxşısı belə bir təzyiq gücüdür.

Çünki iqtidar müəyyən dövrdə dövləti idarə edir. Ona görə də aydın fərdi vicdanın yanında yer tutur.

Ancaq bəzi dönəmlər də var-məsələn, Rusiyadakı oktyabr inqilabı prosesində Mayakovski kimi şairin, Qorki kimi yazıçının sovet iqtidarını dəstəkləmələrini anlamaq mümkün idi.

Ancaq bu şair və yazıçıların qısa müddətdən sonra o iqtidarla ziddiyyətə düşmələri hamının bildiyi həqiqətdir.

Bu gün mən öz adımdan Türkiyə cümhuriyyətinin qazanclarını müdafiə etməliyəm.

Çünki cümhuriyyətimizin dəyərləri böyük bir təhlükə ilə üz-üzədir.

Hal-hazırkı siyasi iqtidarı dəstəkləməməyimin səbəbi-onların iqtidarda olmasına görə deyil, ölkənin təməllərini təşkil edən dəyərlərə qarşı olduqları üçündür.

Mən ona görə bu iqtidara qarşıyam. Yəni, ziyalı-iqtidar münasibətlərinə 100% qatı nöqteyi-nəzərdən baxıb “Ziyalı mütləq iqtidara qaşı olmalıdır”-demək də çox doğru olmaz.

Bəzi vaxtlarda xalq iqtidarına bəslənilən düşmənçiliyə qarşı ziyalılar xalq iqtidarının yanında yer tutur.Məncə, konkret durumlarda konkret təhlil vermək lazımdır.

M.Ə. Siz Türkiyədə qələm sahiblərinin hüquqlarının əsas müdafiəçisi olan bir təşkilatın-Yazıçıların həmkarlar təşkilatının sədri olmusunuz.Sədrlikdən ayrılsanız da, mübarizəniz indi də davam edir.

Yazıçıların hüquqlarını müdafiə edən təşkilatların rejimlər nöqteyi-nəzərindən müqayisəsini apardınızmı?

Məsələn, Azərbaycan Yazıçılar Birliyi ilə...Ziyalının cəmiyyətdəki mövqeyinə bu təşkilatların funksiyası nöqteyi-nəzərindən baxsaq, ortaya hansı fərqlər çıxır?


A.B.Bütün qurumları tək-tək analiz etmək lazımdır.Bunu etmədən hər hansı nəticəyə varmaq-bizi yanıldar. Ancaq bunu mütləq demək lazımdır:Türkiyədə Mustafa Kemal Atatürkün dönəmindən başqa, iqtidarlar sadəcə onlara yaltaqlıq edən yazar və təşkilatları dəstəkləmişdir.

Mustafa Kemal Atatürk isə yazar və şairlərə həqiqətən çox dəyər vermişdir.

M.Ə. Mustafa Kemal Atatürk yazarlara özünü təriflətmək üçün dəstək verirdi, yoxsa, aydınlığa doğru yürüşdə ölkənin daha güclü olması üçün?

A.B. Mustafa Kemal Atatürkün vaxtında bəzi yazarlar millət vəkili oldu, dövlətin müxtəlif təbəqələrində onlara vəzifələr verildi.

Onların hamısı Kemalist olub Mustafa Kemal Atatürkü dəstəkləyən adamlar deyildi.

Elə bir şey yoxdur.

M.Ə. Mustafa Kemal bir şairə vəzifə verəndən və ya onu millət vəkili seçdirəndən sonra özü haqqında mədhiyyələr yazılmasını istədimi?

A.B. Mən elə bir şey olduğunu bilmirəm.Mustafa Kemalın yaxın ətrafında müzakirə və mübahisələr etdiyi və məsləhət aldığı yazar və şairlər vardır.

Bu, normaldır.Ancaq özünü mədh etdirmək üçün onlardan heç bir gözləntisi olmadı.

Mən Yazıçıların həmkarlar təşkilatında iki dönəm sədr oldum.Bu, Əziz Nesinin çox böyük əməklə yaratdığı (Yaşar Kemalın da zəhməti olub), Asım Bezircinin, Oktay Akbalın, Dəmirtaş Ceyhunun müxtəlif dövrlərdə sədr olduğu tamamilə könüllü bir təşkilatdır.

Orada sədr və ya üzv olan hər kəs özündən nəsə qoymalıdır.

Təşkilat dövlətdən heç vaxt bir quruş da dəstək almamışdır.

Sadəcə Fikri Sağlar mədəniyyət naziri olanda uzun yazışmalardan sonra bizə bir otaq verdilər.

Hal-hazırda Yazıçıların həmkarlar təşkilatının baş qərargahı bir otaqcıqdan ibarətdir.Türkiyədə təlif haqları məsələsində də ciddi problemlər var.

Yazarlar ciblərindən bu təşkilata pul verərək və ya təlif haqlarından pul ayıraraq kömək edə bilərlər.Ancaq bir çox yazar fərdiyyətçidir və heç nəyi vecinə almır. DAVAMINI OXU
XS
SM
MD
LG