Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:45

İnternet TV-lərə lisenziya?


Əli Həsənov
«Bu internet media deyilən şey bütün dünya ölkələrinin cəmiyyətlərinə onların ixtiyarı oldu-olmadı müdaxilə edir, cəmiyyətləri istənilən anda yönəldə bilir. Cəmiyyətə yavaş-yavaş lazım olan informasiyanı birdən çatdırır. Biz kiçik dövlətik, Avropa dövlətlərinə baxırıq, görək onlar bu sahə ilə bağlı hansı addımları atacaqlar. Biz də buna baxıb Avropa Şurasının standartlarına uyğun addımlar atacağıq».

2009-cu ilin yayında Avropa Şurası ilə Azərbaycan hökumətinin birgə təşkil etdiyi internet tənzimlənməsilə bağlı tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu çıxışı edib. O, internetin tənzimlənməsinin vacibliyindən danışırdı.

Son günlər rəsmi qurumlar internet məkanın tənzimlənməsindən danışırlar. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bir neçə gün əvvəl nazirliyin kollegiya iclasında deyib ki, onlayn televiziyalar və müxtəlif kommersiya strukturlarının fəaliyyəti qanuna uyğun olmalıdır və onlar lisenziyalar almalıdırlar, əks halda onların fəaliyyəti dayandırılacaq. Növbəti dəfə bu fikirləri aprelin 21-də Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli «Elektron media: dövlət tərəfindən tənzimləmə və ictimai nəzarət» mövzusunda keçirilən tədbirdə səsləndirib.

TƏNZİMLƏNMƏ NƏZARƏT DEMƏK DEYİL

Amma media ekspertləri internet medianın, internet televiziyanın tənzimlənməsinin mümkünsüz olduğu qənaətindədirlər. İREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli bildirir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində ancaq teleradio fəaliyyətinin lisenziyalaşmasından söhbət gedir.

Hüquqşünasa görə, teleradio deyəndə dövlətin radiotezlik dalğalarından istifadə edərək yayımlanan televiziya və radiolar nəzərdə tutulur və bu, Azərbaycan qanunlarına görə də belədir.

«Bu istiqamətdə cəhdlər var, amma hesab edirəm bunun heç bir hüquqi əsası yoxdur. Çünki bir insan öz internet səhifəsində öz çəkdiyi videonu yerləşdirə bilər. Bunu lisenziyalaşdırmaq həm ifadə, həm informasiya almaq azadlığı, həm də media azadlığı baxımından gülünc bir məsələdir».

Ələsgər Məmmədli
Avropalı ekspertlər isə hesab edirlər ki, internet medianın tənzimlənməsi insanların məlumat almaq hüququnu məhdudlaşdırmalıdır. Tənzimlənmə isə internet medianın necə fəaliyyət göstərməsilə bağlı standartların işlənib-hazırlanmasını nəzərdə tutmalıdır.

«SİYASİ SİSTEM YENİ TEXNOLOGİYALARA UYĞUNLAŞDIRILMALIDIR»

Respublikaçı Alternativ (REAL) ictimai birliyin həmtəsisiçisi İlqar Məmmədov internet televiziyaların lisenziyalaşdırılmasını hüququ baxımdan çətin bir iş sayır.

«Bu o deməkdir ki, gərək onda Azərbaycanda youtube, google və digər videoxidmətlər təklif edən internet portalları qapadılsın, ya da belə portallara kimlər materiallar qoyursa, onlar cəzalandırılsın, həbsxanalara salınsın və s.İnanmıram ki, bu da mümkün olsun. Bu, çətin bir iş olacaq. Danışmaq bir şeydir, onu lisenziyalaşdırmaq tamamilə başqa bir şeydir».

İlqar Məmmədova görə, ola bilsin ki, bu kiminsə internet yayım xidməti qurmaq istəyinə, ya da internet televiziyaların yaradılmasını nəzərdə tutan layihələrin qarşısını almağa, bu sahəyə maliyyə ayırmaq istəyən donorları bu işdən çəkindirməyə yönələn bir məsələdir.

O düşünür ki, hökuməti narahat edən yerli televiziyalardan fərqli olaraq internetdə öz sözünü sərbəst deyən internet istifadəçilərin sayının günbəgün artmasıdır.

«Belə getsə, bizim televiziyalara heç kim baxmayacaq. İnsanlar əsas məlumatları, videogörüntüləri internetdən alacaqlar, nəinki televiziyalardan. Ona görə də bu perspektiv, görünür, Azərbaycan hökumətini narahat etməyə başlayıb və hökuməti çətin seçim qarşısında qoyub».

İlqar Məmmədov deyir ki, əgər internet qadağan olunsa belə, adamlar maraqlı video-görüntüləri bir-birinə mobil telefonlarla göndərəcəklər.
İlqar Məmmədov
Bu səbəbdən də o hesab edir ki, əgər Azərbaycan hökuməti dünya ilə uyğunlaşmaq istəyirsə, yeni texnologiyalara qarşı çıxmamalı, siyasi sistem özü yeni texnologiyalara uyğunlaşdırmalıdır.

DÜNYADA İNTERNET TV-LƏRƏ LİSENZİYA NÜMUNƏSİ YOXDUR

Kanal 13 İnternet televiziyasının yaradıcısı, Qafqaz Yeni Media İnstitutunun direktoru Anar Orucov Azərbaycanda İnternet TV-lərin elə də yayılmadığını deyir. Onun sözlərinə görə, bunun səbəbi internetin sürətinin aşağı olması və həm də İnternet TV seyrçilərinin azlığıdır. Anar Orucovun sözlərinə görə, onlar bu sahədə xarici təcrübəni araşdırıblar və məlum olub ki, Avropa ölkələri və Amerikada İnternet TV-lərin lisenziyalaşdırılması praktikası yoxdur. Şərqi Avropa ölkələrində isə İnternet TV-lərdə gedən materiallar kiməsə qaşı olarsa və bundan şikayət edildiyi halda fəaliyyətinin lisenziyalaşdırılmasına baxıla bilir.

Azərbaycan hökumətinin belə bir istəyinə gəlincə, Anar Orucov da bunun internet istifadəçilərinin getdikcə artması narahatlığından irəli gəldiyini düşünür.

Amma Anar Orucov bütün hallarda inanmır ki, Azərbaycan hökuməti internet televiziyaların fəaliyyətinin lisenziyalaşdırılmasıyla bağlı hansısa addım atsın.

Hazırda Azərbaycanda iki internet televiziyası var – Kanal 13 və ANTV. İkinci fəaliyyət göstərsə də, Kanal 13 fəaliyyətini müvəqqəti dayandırıb.
XS
SM
MD
LG