Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 06:28

«Terror maddəsi varsa, hadisəyə siyasi qiymət verilməlidir»


Təqsirləndirilən şəxslər
Təqsirləndirilən şəxslər
«O erməni bura gətirilməlidir».

«Yalandan deyirlər ki, erməni qaçıb, erməninin ifadəsi var, mən oxumuşam. Erməni ifadə verib, hara buraxdılar, qaçdı? Qoy ifadəsini oxusunlar burda».

«Əgər erməni kiməsə 50 min dollar veribsə «get Azərbaycanda terror elə», buna dövlət səviyyəsində qiymət verilməlidir».

MARDUN QUMAŞYAN NƏYƏ GÖRƏ HƏLƏ DƏ AZADLIQDADIR?

Bu, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bir il əvvəl baş vermiş qətliamla bağlı aprelin 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə başlamış məhkəmə iclasında həm zərərçəkmişlər, həm də təqsirləndirilən şəxslər tərəfindən səslənən tələblərdir. Hər iki tərəf üçün qaranlıq qalıb ki, ADNA-da baş verən qırğının sifarişçisi olduğu bildirilən erməni Mardun Qumaşyan nəyə görə hələ də azadlıqdadır?

Ötən il aprelin 30-da maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib.

Cinayətin Fərda Qədirova aid hissəsi bağlanıb. İstintaq orqanı hazırda məhkəmə qarşısına çıxarılan Cavidan Əmirovun, Nadir Əliyevin, Nəcəf Süleymanovun, Arif Qabulovun bu cinayətdə Fərda Qədirovla əlbir olduqları qənaətinə gələrək onları həbs edib. Bu şəxslər terrorçuluqda, qəsdən adam öldürməyə hazırlıqda, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıqda, qanunsuz odlu silah və narkotik vasitələr saxlamaqda və sair cinayətlərdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin ümumilikdə 29 maddəsi ilə cinayət işi qaldırılıb.

ETİRAZ ÜSULU

Məhkəmə iclası başlanan kimi dövlət ittihamçıları Abdulla Yusifov və Nəriman Ələkbərov növbəylə ittiham aktını elan etməyə başladılar. Təqsirləndirilən şəxslər ittiham aktında yazılanlarla razılaşmadıqlarını arxalarını məhkəməyə çevirməklə bildirdilər.

İttihama görə, Gürcüstan vətəndaşı olan 59 yaşlı erməni Mardun Qriqoryeviç Qumaşyan azərbaycanlılara qarşı milli ədavət zəminində Fərda Qədirovla və hazırda məhkəmə qarşısında dayananlarla Bakıda terror aktı törədilməsi barədə sövdələşib.
Dövlət Neft Akademiyası, 30 aprel 2009
Bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min dollar vəd edib. Əvvəlcədən Fərda Qədirova 5 min dollar verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyini bildirib.

Qətliamı məhz Dövlət Neft Akademiyasında həyata keçirməyi isə Fərda Qədirovun yaxın qohumu Cavidan Əmirov təklif edib. Aprelin 30-da dəstə üzvləri qətliam planını həyata keçirmək üçün görüşərək birlikdə Dövlət Neft Akademiyasının ikinci korpusuna getməli olsalar da, son anda Fərda dəstənin digər üzvlərinə xəbərdarlıq etmədən planı təkbaşına həyata keçirməyi qərara alıb və məlum hadisəni törədib. Bunlar prokurorların məhkəmə salonunda səsləndirdikləri ittiham aktında yazılıb.

Prosesdə əvvəlcə zərərçəkmişlərin dindirilməsi qərara alınıb.

Dövlət Neft Akademiyasının tələbəsi və Fərda Qədirov tərəfindən qətlə yetirilənlərdən biri olmuş Taleh Məmmədovun anası Südabə Nağıyeva da məhkəmədən qətliamın təşkilatçısının nəyə görə hələ də azadlıqda qalması ilə maraqlandı:

BU, BİR NƏFƏRİN İŞİ DEYİL


«Bu hadisə elə belə hadisə deyil, bu, bir nəfərin işi deyil. Mən ittiham aktını oxumuşam, orda yazılanlara heç bir şübhəm yoxdur. O ki, şəxsiyyəti məlum olmayanlar var, xahiş edirəm onlar da tapılsın, Qumaşyandır kimdir, o da gətirilsin».

Zərərçəkmiş məhkəmənin nəzərinə çatdırdı ki, hazırda mühakimə olunanların Fərda Qədirova bu cinayətdə kömək etdiklərinə şübhəsi yoxdur.

QUMAŞYAN AXTARIŞDADIR

Prokuror Abdulla Yusifov zərərçəkmişlərin Qumaşyanın nəyə görə həbs edilməməsi ilə bağlı narahatlıqlarına belə münasibət bildirdi: «Qumaşyan Mardun barəsində bu işlə əlaqədar eyni maddələrlə cinayət işi ayrılıb. Barəsində axtarış elan edilib».

Dövlət Neft Akademiyası, 30 aprel 2009
Qətlə yetirilən tələbələrdən biri Qurban Bəndəliyevin məhkəmədəki hüquqi varisi, zərərçəkmiş qismində tanınmış Qurban Mehdiyev isə bildirib ki, Qumaşyan hökmən həbs olunmalıdır və bir çox qaranlıq mətləblərə də onun həbsindən sonra aydınlıq gətirilə bilər: «Bəlkə məlum olacaq ki, heç bu 4 nəfərin günahı yoxdur».

Zərərçəkmiş onu da dedi ki, əgər təqsirləndirilənlərə terror maddələri verilibsə, deməli, bu hadisəyə mütləq siyasi qiymət verilməlidir.

ELƏ ELƏMƏSİNLƏR ÖZÜMÜ TÜRMƏDƏ ÖLDÜRÜM

Təqsirləndirilən Cavidan Əmirov isə zərərçəkmişlərə müraciət edib: «Millət elə bilir mənəm günahkar. Elə eləməsinlər özümü türmədə öldürüm. Tələb eləyin, əl çəkməyin, qoymayın bu iş belə bağlansın. Mən getməklə sizin düşmənləriniz tapılmır. Kim bu işi təşkil edib, tələb eləyin, onu tapsınlar. Ağsaqqal, balanın qanı nahaq yerə tökülüb, sən də istəyirsən ki, cinayətkar tapılsın? Əl çəkmə, gecə-gündüz get otur qapılarında, tələb elə, əsl cinayətkarı tapsınlar».

Məhkəmə iclasında 8 zərərçəkmiş dindirilib. İş üzrə ümumilikdə 28 zərərçəkmiş var.

Təqsirləndirilən şəxs Nadir Əliyev vəkilindən imtina etdiyi və yeni vəkillə müqavilə bağladığı üçün onun hazırkı vəkili Elman Ağayev iş materialları ilə tanış olmaq üçün möhlət istədi. Məhkəmə iclasına mayın 3-dək fasilə verildi.
XS
SM
MD
LG