Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Aksiya kənardan necə göründü?


Polis müxalifət fəalını saxlayır, 26 aprel 2010
Polis müxalifət fəalını saxlayır, 26 aprel 2010
Aprelin 26-sıdır. Günorta saat 12-yə qalıb. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısını polislər kəsib, üzü «İçərişəhər» metrosuna gedənlərə səkini göstərib onların ordan keçməsini istəyirlər. Qarşı səkiyə keçmək üçün isə sürətlə şütüyən avtomobillərin ardı-arasının kəsilməsini gözləməlisən. Bir neçə adam polislə mübahisəyə girib yoluna binanın qarşısından davam etməyə nail olur.

«İçərişəhər» metrostansiyasının qarşısında isə onlarla polis və jurnalist toplaşıb. Bir neçə müxalifət partiyasını birləşdirən «Azadlıq» bloku hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti onların mitinq, piket keçirmək istəyinə cavab verməməklə vətəndaşların sərbəst toplaşmaq hüququnu pozur. Və «Azadlıq» bloku da buna etiraz olaraq saat 12-də piket keçirməyi planlaşdırıb. Amma hələ saat 12-ni vurmamış polislər jurnalistlərə əlindəki qətnamədən verən bir nəfəri qollarından darta-darta metrostansiyasının arxasında hazır saxlanan mikroavtobusa sarı apardılar.

Elə bu əsnada əlində plakatlar tutmuş bir dəstə adam metrodan çıxdı. Kənarda dayanmış mülki formalı şəxslər həmin an onlara sarı şığıyıb plakatları cırdı, özlərini yetirən polislərlə birgə adamların əl-ayağından, pencəyindən yapışıb metrostansiyasının arxasına qaçırtdılar. Hər bir aksiyaçını üç-dörd mülki geyimli şəxs və polis tutmuşdu. Basabasda yıxılan aksiyaçını yerdən qalxmaya qoymayıb sürüyənlər də var idi. Mülki geyimli şəxslərdən bəzilərinin qolundan tutub apardıqları aksiyaçıların ayaqlarına təpik ilişdirməsi də jurnalistlərin gözündən yayınmadı. Saxlananlar arasında sıravi müxalifət nümayəndələriylə yanaşı partiya rəhbərliyində təmsil olunan şəxslər də var idi.

FOTO:


HAKİMİYYƏTİN BÜTÜN SİYASƏTİNDƏN NARAZIYIQ

Avtobusa mindirilən aksiyaçılar «Azad seçki!», «İlham Əliyevə istefa!» qışqırırdılar. Polislər, mülki geyimli şəxslər əlləriylə qışqıranların ağzını tutmağa çalışırdılar.

Ağbirçək aksiyaçı Solmaz Hüseynova
Polislərin avtobusa mindirməkdən vaz keçdikləri ağbirçək aksiyaçı Solmaz Hüseynova öz tələblərində haqlı olduğunu söylədi:

- Azad seçki istəyirik. Qarabağı tələb edirik. Hakimiyyətin bütün siyasətindən narazıyıq.

Polis əməkdaşları Solmaz Hüseynovanın jurnalistləri başına toplayıb müsahibə verməsinə maneçilik yaratdı, onu da polis maşınına mindirdilər.

Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişovdan polisin saxladığı adamların hara aparıldığını soruşduq:

- Heç kim saxlanmayıb. Ərazidən kənarlaşdırılıblar.

Amma sonradan adamları aparıb qayıdan polislərdən öyrəndik ki, aksiyaçıların bəziləri yolda düşürülsə də, bəziləri müxtəlif polis bölmələrinə aparılıblar.
Polisin və mülki geyimli şəxslərlə aksiyaçıları kənardan izləyənlərin fikrini bilmək istədik. Bəziləri cavab vermək istəmədi. Amma münasibətini bildirən tapıldı:

QIŞQIRIRLAR BOŞ-BOŞ…

- Aksiyalarda iştirak eləyənləri tuturlar. Onlar bizim haqqımızı tələb edirlər. Bizə görə tutulurlar.

- Necə bilirsiz, Azərbaycanda sərbəst toplaşmaq azadlığı varmı?

- Biz azad ölkədə yaşayırıq. Onlar yanlış danışırlar. Nə üçün mitinq keçirirlər ey?

- Mitinq keçirmək də onların haqqı deyilmi?

Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov
- Nə haqqı? «Azadlıq, Azadlıq», qışqırırlar boş-boş…

Polis «İçərişəhər» metrostansiyasının qabağında dayanmış və aksiyaya heç bir dəxli olmayan adamları ordan uzaqlaşdırmaq istəyir. Yeraltı keçidin yanında bulaq kompleksinin yanında kiminləsə görüşməyi vədələşən gənc isə buna etiraz edir:

- Niyə dayanmalı deyiləm? Adam gözləyirəm. Burda görüşməyi danışmışıq.

Artıq günorta saat 1-ə qalır. Birdən kimsə «Azadlıq!» qışqırır. O dəqiqə mülki geyimli adamlar, polislər o tərəfə cumur. Aksiyaçı bir nəfər olsa da, beş-altı mülki geyimli şəxs, polis ondan yapışıb kütlədən uzaqlaşdırır. Kamal Vəlişovdan mülki geyimli şəxslərin kim olduğunu soruşuruq:

NƏ MÜLKİ GEYİMLİ ŞƏXSLƏR?

- Nə mülki geyimli şəxslər? Mən beləsini görmürəm.

- Bax, bu adamı aparanlar, vuranlar kimlərdi?

- Mən görmürəm. Danışdırırsan, imkan vermirsən görüm.

- Biz deyə bilərikmi ki, polislərin tanımadığı mülki geyimli şəxslər aksiyaçılara hücum edib?

- Polisin nəzarətindən kənarda heç nə ola bilməz. Mən xidməti işimdəyəm.

«İçərişəhər» metrostansiyasının qarşısı
Günorta saat 1-i keçib. Bayaqdan aksiyaçılar iki-bir, beş-bir göründüklərindən 10-dan çox jurnalist hələ də metrostansiyanın qarşısını tərk eləmək istəmir. Elə polislər, mülki geyimli şəxslər də keşikdədirlər. Birdən yolun o biri tərəfinə toplaşmış yeddi-səkkiz gənc «Azadlıq!» qışqıra-qışqıra üzü Prezident Administrasiyasına sarı qaçmağa başladılar. Gənclərin toplaşmasından şübhələnib yolu o tərəfə keçən bir-iki jurnalist də fotoaparatlarını obyektə tuşladı. Qarşı tərəfdən gələn hay-küyə yolun bu tərəfindəki jurnalistlər polislərdən daha çevik reaksiya verib «Azadlıq!» qışqıranların arxasınca qaçdılar. Birdən-birə qaçaqaç yaranmasından çaşıb qalan polislər də aralığı kimin pozduğunu bilmək üçün yoldakı maşınların hərəkətini dayandırıb o tərəfə keçdilər, amma jurnalistlərdən başqa qabaqlarına kimsə çıxmadı. Buna görə də qaçmaqdan tövşüyən polis zabitləri jurnalistləri diqqəti yayındırmaqda ittiham etməyə başladılar:

JURNALİSTLƏRDİR ARANI QATAN

- Siz niyə qaçırsız? Sizsiz aranı qatan. Qəsdən o yan-bu yana qaçırsız.

- Biz qaçmırıq. Gördük qışqırırlar, vəzifə borcumuzu yerinə yetirməyə çalışdıq.

Özünü təqdim etməyən mülki geyimli şəxs jurnalistləri hədələdi ki, onların barəsində tədbir görəcəklər:

- Nə tədbiri görəcəksiz?

- Biz görməyəcəyik. Yuxarılar ölçü götürəcəklər.
XS
SM
MD
LG