Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

Jan Pol Sartr “DİVAR” (Hekayə)


Bizi divarları ağardılmış geniş otağa itələyib saldılar.

Güclü işıq şüası qamaşdırdığından gözlərimi qıymalı oldum.

Bir qədər sonra masa, onun arxasında oturub kağızlarla əlləşən dörd mülki geyimli adam qarşımda peyda oldu.

Digər dustaqlar bizdən bir az aralı dayanmışdılar.

Onlardan çoxusunu tanıyırdım, yerdə qalanlar isə, görünür, gəlmələr idi.

Önümdə biri-birinə çox bənzəyən iki nəfər sarısaçlı, dəyirmi başlı adam görəndə onların fransız olduğunu təxmin etdim.

Nisbətən alçaqboylunun tez-tez şalvarını yuxarı çəkməsindən onun əsəbiliyini sezmək çətin deyildi.

Bütün bu çək-çevir üç saata yaxın davam etdiyi üçün bədənim artıq keyləşməyə başlamışdı, başımda da nə isə bir uğultu vardı.

Amma otaq isti olduğundan bütün bunlara dözmək mümkün idi, çünki bir neçə gün sərasər şaxtada, ayazda əsir olmuşduq.

Mühafizəçilər dustaqları birbəbir masanın önünə gətirirdilər.

Mülki geyimli adamlar hər kəsdən familiyasını və sənətini xəbər alırdılar.

Çox vaxt elə bununla kifayətlənir, bəzən isə "Hərbi sursat oğurlamamısan ki?" və ya "Ayın onunda harada idin və nə iş görürdün?" suallarını verirdilər.

Cavabları isə heç dinləmirdilər, ya da özlərini dinləmirmiş kimi aparırdılar - gözlərini uzaqlara dikib susur, sonra isə xırda-para qeydlər edirdilər.

Tomdan isə həqiqətən beynəlmiləl briqadada döyüşüb-döyüşmədiyini soruşdular. Sənədləri üstündə tutulduğundan bu suala yalan cavab verməsi yersiz olardı.

Xuandan isə elə bir şey soruşmadılar, o elə adını söylədiyini gördü, həmin dəqiqə adamlar qələmlərini işə saldılar. Xuan dedi:

- Yəqin ki, bilirsiniz, qardaşım Xoze anarxistdir.

İndilik buralarda deyil. Mənə gələndə isə, siyasətlə maraqlanmıram, heç bir partiyanın üzvü də deyiləm.

Qarşısındakılar lal-dinməz yazıya girişmişdi. Xuan eləcə hüdüləyib tökürdü:

- Mən tamamilə günahsızam. Başqalarının cəzasını bölüşmək kimi niyyətim də yoxdur.

Onun artıq dili-dodağı əsirdi. Mühafizəçi ona susmağı əmr edərək, oradan çəkib apardı. Növbə mənə yetişdi.

- Siz Pablo İbbiyetasınız?

Bunu təsdiq etdim. Adam kağıza göz ataraq:

- Ramon Qris harada gizlənir? - deyə soruşdu.

- Xəbərim yoxdur.

- Ayın altısından on doqquzuna qədər onu siz gizlətmisiniz.

- Bu heç də belə deyil.

Onlar yenə yazıya girişdilər, mühafizəçi məni otaqdan çıxartdı.

Tomla Xuan koridorda, iki mühafizəçinin əhatəsində dayanmışdı. Üçümüzü də qabaqlarına salıb apardılar. Yolda Tom mühafizəçilərin birindən soruşdu ki:

- İrəlidə bizi nə gözləyir?

- Nə mənada? - deyə həmin adam xəbər aldı.

- Yəni bu nə idi ki, belə - istintaq, yoxsa məhkəmə?

- Məhkəmə idi.

- Yaxşı, bəs görəsən hansı hökm çıxarıldı?

Mühafizəçi quru-quru:

- Hökmü sizə kamerada xəbər verəcəklər - dedi.

Onların bu "kamera" adlandırdıqları yer əslində xəstəxananın zirzəmisi imiş.

Ora dəhşət soyuq idi və hər tərəfdən yel çəkirdi.

Bütün gecəni soyuqdan dişlərimiz biri-birinə dəydi, heç gündüz də sümüklərimiz isinmədi nəmişlikdən.

Bundan əvvəlki beş günü mən arxiyepiskopluğun karserində keçirmişdim; bura lap o orta əsrlərdəki təkadamlıq dustaq quyularını xatırladırdı. Tutulanların sayı-hesabı olmadığından onları hara gəldi basırdılar.

Hər halda mən o karserdəki quyumdan bir elə narazı da deyiləm, çünki ora ən azından bu zirzəmi qədər soyuq deyildi, hərçənd oradakı tənhalıq da adamı dəli edə bilərdi.

Bu zirzəmidə isə mənim özümə görə qulaq yoldaşlarım vardı.

Düzdür, Xuan daha çox ağzına su alıb oturmağa üstünlük verirdi, əvvəla, canını qorxu almışdı, ikincisi də ki, sütül gənc olduğundan danışacaq bir sözü də yox idi. Bəxtimdən Tom söhbətcil adam çıxmışdı və ispanca da əməlli-başlı bilirdi.

Zirzəmidə bir skamya və dörd həsir yataq var idi. Bizi içəri salıb, qapını bağlayandan sonra hərəmiz bir küncdə oturaraq bir müddət susduq. Sonra Tom dilləndi:

- Vəssəlam. Kitabımız burada bağlandı.

- Elədir, - deyə onunla razılaşdım. - Amma, yəqin ki, bizim bu uşağa dəyib-dolaşmazlar.

- Qardaşı partizan olsa da, bunun uşağa heç bir dəxli yoxdur.

Mən Xuana nəzər saldım, sanki o, bizi heç eşitmirdi. Tom sözünə davam etdi:

- Heç bilirsən Saraqosda bunlar nələr edirlər?

Adamları yola düzüb, üstlərindən yük maşınlarıyla o baş, bu başa gedirlər. Bunu bizə əslən mərakeşli bir fərari nağıl etdi. Deyilənlərə görə, bu yolla onlar bir növ hərbi sursata qənaət edirlər.

- Bəs onda benzinə qənaət hansı şəkildə gerçəkləşəcək?

Tomun bu istehzalı danışıqları artıq məni qıcıqlandırmağa başlamışdı.

- Zabitlər isə əlləri ciblərində, siqaretləri damaqlarında yolun kənarıyla var-gəl edirlər.

Bəlkə elə bilərsən ki, bunu o ayaqlarının ucunda can verənləri güllələməklə onların əzablarına son qoymaq üçün edirlər? Ay-hay!

Orda yaralıların fəryadı, bağırtısı ərşə dirənibmiş. Mərakeşli danışırdı ki, lap əvvəl o canının ağrısından heç cınqırını da çıxarda bilmirmiş.

- Amma onların burada eyni oyunu durğuzmayacaqlarından arxayın ola bilərik, çünki nələri də olmasa, sursatları boldur, - dedim.

Zirzəmiyə gün işığı dörd dar nəfəslikdən və tavanın sol tərəfindəki dəyirmi bacadan düşürdü.

Buradan səmanı görmək mümkün idi.

Görünür, əvvəllər bu bacadan zirzəmiyə kömür doldururmuşlar, çünki həmin deşiyin alt tərəfində bir xeyli narın kömür qalaqlanmışdı. Yəqin bu kömürlə də xəstəxananı isidirmişlər.

Müharibə başlananda xəstələri arxa cəbhəyə köçürsələr də, kömürü atıb getməli olublar. Bacanı qapatmaq isə heç kəsin ağlına gəlmədiyindən ara-sıra yuxarıdan yağış çiləyirdi. Qəflətən Tomun canına üşütmə düşdü:

- Lənətə gələsən! Bütün bədənim əsir. Bircə bu çatışmırdı!

O, ayağa qalxıb, gərnəşməyə başladı. Hər hərəkət zamanı köynəyinin yaxasından ağ və tüklü sinəsi gözə dəyirdi.

Sonra o, arxası üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq qayçıvarı hərəkətlər etməyə başladı. Bu ara onun ətli yanbızlarının necə səyridiyi gözümdən yayınmadı.

Belə götürəndə, Tom ətlicanlı və hətta piyli idi.

Özümdən asılı olmayaraq güllə və süngülərin maniəsiz şəkildə onun bu iri və yumşaq yanbızlarını necə dələcəyini gözlərimin önündə canlandırdım.

Bəlkə də o, çəlimsiz birisi olsaydı, belə bir xəyal heç ağlıma gəlməzdi də. Soyuqdan donmurdum, amma əl-ayağımın varlığını da hiss etmirdim.

İtiyi olan adamlar kimi arabir həndəvərimə göz qoyurdum, gözüm yenə gödəkçəmi gəzirdi və bir an sonra xatırlayırdım ki, gödəkçəm elə o gedən gedib.

Bu itki mənə yamanca yer eləmişdi. Onlar geyimlərimizi əynimizdən alıb, əvəzində bizə vaxtilə burada yatan xəstələrin yayda geydikləri kətan paltarları vermişdilər.

Tom yerdən dikəlib, mənimlə üzbəüz oturdu.

- Hə, necədir, isinə bildin?

- Yox, əşşi. Əksinə, nəfəsim təngləşdi.

Saat səkkizə doğru komendantla iki əsgər kameramıza baş çəkdi. Komendantın əlində siyahı vardı. Qapıçıya:

- Buradakıların familiyalarını sadalayın, - dedi.

Cavab gəldi:

- Steynbek, İbbiyeta və Mirbal.

Komendant gözlüyünü taxıb, siyahıya göz gəzdirdi:

- Steynbok… Steynbok… Aha, tapdım. Sizə güllələnmə hökmü çıxarılıb. Hökm sabah səhər icra ediləcək.

Siyahıya təkrar nəzər salaraq dedi:

- O biri ikisinə də həmçinin.

Xuan mızıldandı:

- Amma bu, mümkün deyil. Yəqin bir yanlışlıq olub.

Komendant çaşqınlıqla ona döndü:

- Familyanı de görüm.

- Xuan Mirbal.

- Heç bir yanlış-zad yoxdur. Güllələnmə yazılıb.

Xuan: - Amma mən heç nə eləməmişəm, - deyə israr etdi.

Komendnt çiyinlərini çəkərək bizə sarı döndü:

- Siz basksınız?

- Xeyr.

Görünür, komendantın halı heç özündə deyildi.

- Amma sizin üçünüzün də bask olduğunuzu söylədilər. Belə məlum olur ki, mənim baskları axtarmaqdan başqa daha heç bir dərd-sərim yox imiş. Yəqin ki, keşişə ehtiyacınız olmaz?

Biz susurduq. Komendant dilləndi:

- Hər halda belçikalı həkimi indi yanınıza yollaram. Qoy səhərə qədər yanınızda qalsın.

Bizə əsgər salamı verib, dışarı çıxdı. Tom dilləndi:

- Gördün, hər şey mən deyən kimi çıxdı. Heç kimə güzəştə getmirlər.

- Haqlıymışsan, - deyə razılaşdım. - Yaxşı, bəs bu uşağın günahı nə imiş? Əclaflar!

Əlbəttə, mən bunu insaf xatirinə söylədim, əslinə qalanda isə bu oğlandan sən deyən xoşum gəlmirdi.

Oğlanın üz cizgiləri son dərəcə zərif olduğundan ölüm qorxusu onları tanınmaz dərəcədə dəyişdirmişdi. Bəlkə də üç gün əvvəl o, yeniyetmə oğlan təsiri bağışladığından daha xoşagəlimli imiş.

İndi isə Xuan yıxılmış bir divara bənzəyirdi və adama elə gəlirdi ki, hətta həbsdən çıxsa belə, onun görkəmi bundan sonra necə var elə də qalacaq.

Sütül gənc olduğu üçün adamın ona yazığı gəlirdi, bu mərhəmət hissi eyni zamanda məndə ona qarşı ikrah da oyadırdı, çünki onsuz da ondan zəhləm gedirdi.

Xuandan daha səs-səmir çıxmırdı, bət-bənizi, üzü və əlləri kağız tək ağarmışdı.

O təkrar öz yerində oturub, gözlərini döşəmədə bir nöqtəyə zilləmişdi. Tom xeyli səmimi birisi olduğundan yanaşıb, onun əlini ovcuna almağa cəhd etdi. Oğlan isə qızğın biçimdə ondan aralandı və bu zaman onun üzündən acıqlı bir ifadə oxunurdu. Mən Toma:

- Onu rahat burax. Görmürsən, az qalır hönkürsün.

Könülsüz də olsa, Tom ondan əl çəkdi.

Görünür, o, bu oğlanı öz taleyi haqda ağır fikirlərdən ayırmaq üçün oxşamaq, sakitləşdirmək istəyirdi.

Belə şeylər nədənsə mənim əsəblərimə toxunur, çünki ölüm haqda fikirləşməyə heç vaxt sən deyən imkanım olmayıb. Amma indi iş elə gətirib ki, başıma gələnlərdən dolayı mən də bu barədə düşünməyə məcburam.

Tom məndən soruşdu:

- Bura bax, sən heç bunlardan kimi isə gedər-gəlməzə yollamısan?

Cavab vermədim. Belə olan halda Tom avqustun əvvəlindən bəri altı adamı necə gəbərtdiyini nağıl eləməyə başladı.

Düşdüyü durumla əlaqədar olaraq onun öz-özünə hesabat vermədiyi və vermək istəmədiyi göz qabağındaydı.

Əslində mən özüm də bu baş verən olaylardan heç nə anlamasam da, artıq öz ölüm hökmümlə razılaşmağımın necə ağır olduğu, üstümə yağacaq güllə yağışının bədənimi necə dəlmə-deşik edəcəyi haqda düşünürdüm.

Hər halda bütün bu hisslərin mövcud gerçəkliyə elə bir dəxli yox idi.

Həm də narahat olmağa dəyməzdi, bütün bunları götür-qoy etmək üçün qarşıda uzun bir gecəm var idi.

Qəflətən Tom öz hekayətinə ara verdi. Gözaltı ona baxdığımda onun da rənginin qaçdığının şahidi oldum.

Üzündən yazıqlıq yağırdı, daxilən:

"Bəli də, indicə başlanacaq!" deyə düşündüm. Hava isə qaralmaq üzrəydi, tavandakı bacadan və dəliklərdən süzülərək, küncdə komalanmış kömür tozu ilə qarışan ölgün işıq döşəmədə qəribə ləkələr yaradırdı.

Gözüm bacadan içəri boylanan bir ulduza sataşdı: aydın və ayazlı bir gecə idi.

Qapı açıldı, zirzəmiyə iki mühafizəçi daxil oldu. Onların ardınca içəri girən sarışın adam belçikalıların hərbi geyimində idi.

Bizimlə salamlaşandan sonra dedi:

- Mən həkiməm. Bu ümidsiz vəziyyətinizi sizlərlə paylaşmaq üçün yanınızda gecələyəcəyəm.

Səsi həlimdi, danışığı mədəni təsir bağışlayırdı. Özümü saxlaya bilməyib soruşdum:

- Soruşmaq ayıb olmasın, o niyə?

- Tamamən sizin qulluğunuzdayam. Bu son saatlarınızı yüngülləşdirmək üçün əlimdən gələni etməyə hazıram.

- Axı, niyə məhz bizə baş çəkmisiniz? Hospitalda başqaları da var.

O müəmmalı şəkildə: DAVAMINI OXU
XS
SM
MD
LG