Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:57

Jan Pol Sartr “DİVAR” (Hekayə-3)


ƏVVƏLİNİ BURDA OXU

O susdu. Məni adımla çağırmağından, xırıltılı səslə danışıb, özünü uzaqgörən adam kimi qələmə verməkdən onun xoşlandığını artıq öyrənmişdim.

Bütün bu xasiyyətləri ilə zəhləmi tökmüşdü, amma nə edəsən ki, irlandların çoxusu belədir.

Mənə elə gəldi ki, ondan kəskin sidik qoxusu vurur.

Əslinə qalanda, mənim Tomla elə bir yaxınlığım yox idi və onunla birlikdə öləcəyimizi bildiyim üçün bu münasibəti dərinləşdirməyə də niyyətli deyildim. Məndən ötrü bu, sən deyən vacib bir şey olmaqdan çıxmışdı.

Başqa adamlarla isə bu məsələ tamamilə başqa cür idi. Məsələn, elə Ramon Grisi götürək.

Xuanla Tomun yanında mən özümü tamamilə yalqız hiss edirdim.

Bəlkə də bu, mənim üçün daha əlverişli idi: əgər Ramon burada olsaydı, indiyə mən çox yəgin ki, birtəhər olmuşdum.

Elə belə götürəndə isə mən hər şeyə dözürdüm və axıra qədər də beləcə dözmək niyyətindəydim.

Tom isə artıq sözləri qatmaqarışıq şəkildə çeynəməyə başlamışdı.

Özünü ölüm barədə düşünməkdən məhrum etmək üçün onun durmadan danışdığı artıq gün kimi aydın idi. Ondan böyrəkləri xəstə adamın sidiyinin qoxusu gəlirdi.

Amma ümumiyyətlə götürəndə, mən onun söylədiyi fikirlərlə razı idim və danışmağa qalarsa, mən də eyni şeyləri söylərdim: indi ölmək adama yersiz bir şey kimi gəlirdi.

Öləcəyimi gözümün altına aldığım o andan etibarən ətrafdakı hər şey mənə mənasız görünürdü: kömür tozu yığını da, oturacaq da, Pedronun iyrənc sifəti də.

Amma mən bu haqda düşünmək istəmirdim, hərçənd hamımızın bu gecə ortaq dərdimizi düşünüb, ortaq qorxu çəkəcəyimizi və ortaq soyuq tərə bələnəcəyimizi yaxşı anlayırdım.

Gözaltı onu süzdüyümdə ilk dəfə o mənə qəribə təsir bağışladı: Tomun üzünə ölüm kölgəsi çökmüşdü.

Onun bu vəziyyəti bütün qürurumu qırdı - bu son iyirmi dörd saatı Tomla baş-başa keçirmişdik, onunla dərd-sərimi bölüşmüşdüm və bütün bu müddətdə aramızda yerlə göy qədər fərq olduğunu düşünmüşdüm.

İndi isə məlum olurdu ki, biz, ekizlər qədər biri-birimizə bənzəyirmişik və bunun da yeganə səbəbi bizi eyni ölümün gözləməsi imiş. Tom əlimi ovcuna aldı, üzünü yana tutaraq:

- Pablo, mən bunu bilmək istəyirəm… hər an özümdən bunu xəbər alıram: doğrudanmı biz həyatdan silinib gedəcəyik? - dedi.

Mən əlimi onun ovcundan çəkərək, dedim:

- Sən bir altına diqqət elə, sarsaq.

Onun ayaqlarının arasında yaranan gölməçəyə şalvarından damcılar axırdı. O çaşqınlıqla mızıldandı:

- Bu nədir belə?

- Sən altını islatmısan - dedim.

O özündən çıxaraq:

- Yalandır! Yalandır! Mən heç nədən qorxmuram.

Üzündə saxta rəhmdillik oxunan belçikalı ona yaxınlaşdı:

- Halınız fənadır?

Tomdan səs çıxmadı. Belçikalının nəzərləri yerdəki gölməçəyə dikilmişdi. Səsində qəzəb duyulan Tom:

- Heç özüm də bilmirəm ki, bu necə oldu, - dedi. - Amma mən qorxmuram. Nəyə istəyirsiniz and içərəm ki, mən qorxmuram!

Belçikalı susub durmuşdu. Tom siyimək üçün qalxıb küncə tərəf yönəldi. Geri dönüb, nəfəyini bağladıqdan sonra skamyaya çökdü və daha cıqqırını belə çıxarmadı.

Belçikalı yenə qeydlər aparmağa başladı.

Bizim baxışlarımız ona dikilmişdi. Üçümüzün də.

Çünki o diri idi!

Onun hərəkətlərindən də dirilik yağırdı, gələcəyə də diri adam kimi baxırdı: normal bir canlı kimi onun da bədəni bu zirzəmidə soyuqdan əsirdi, yeyib-yatmış, bəslənmiş vücudu hələ ki, onun sözünə baxırdı.

Amma biz artıq bədənimizin varlığını duymurduq və ya bu duyğu ilə onunku arasında çox böyük təfavüt vardı.

Nəfəyimin aşağısını yoxlamaq ürəyimdən keçsə də, buna cəhd eləmirdim.

Gözlərim belçikalıya - öz əzələlərini istədiyi kimi idarə edən, ayaqlarının üzərində inamla dayanan, sabahkı günün qayğıları ilə baş-başa qalan bu adama - zillənmişdi.

Bizlərlə - gözünü ondan ayırmamaqla bu adamın qanını içməyə hazır olan və kabusu xatırladan üç qulyabanı ilə - onun arasında bir uçurum vardı.

Bu heyndə o, balaca Xuana yanaşdı.

Bu yeniyetmə oğlanın başını sığallamağa onu nəyin vadar etdiyini söyləmək çətin idi, bəlkə də bunu onun sənəti tələb edirdi və ya sadəcə qəlbində adi mərhəmət hissi baş qaldırmışdı.

Əgər bu belə idisə, bütün gecə ərzində rəhmdillik hissi nədənsə özünü tək bircə kərə biruzə vermişdi.

O, Xuanın başını və boynunu oxşadı, gözünü ondan ayırmayan oğlan isə etiraz etməməsinə baxmayaraq qəflətən ikiəlli onun əlindən yapışdı və vəhşi baxışlarını həkimin üzünə dikdi.

O, belçikalının əlini ovuclarının arasında tutmuşdu və bundan artıq xeyir gözləmək olmazdı: sanki bir cüt qara kəlbətin rəngi qaçmış taqətsiz əli sıxırdı.

Mən bunun ardınca nə baş verəcəyini o dəqiqə anladım, yəqin ki, elə Tom da.

Amma belçikalı bunu öz qayğısına qarşılıq kimi dəyərləndirdiyindən üzündə mehriban bir təbəssüm donmuşdu.

Bu yerdə oğlan gözlənilmədən ağ, koppuş əli dodaqlarına apararaq onu dişləməyə çalışdı. Belçikalı əlini geri çəkdi və səndələdiyi üçün divara söykəndi.

Dəhşət dolu gözlərini düz bir dəqiqə bizə dikib durdu; bizim onun kimi adam olmadığımızı deyəsən ən nəhayət anlamışdı.

Onun qəfil qəhqəhəsinə mühafizəçilərdən biri yerindən dik atıldı.

O birisi isə hələ də mürgüləyirdi, yarıörtülü göz qapaqlarının altından gözünün ağı işıldayırdı. Özümdə yorğunluq və ruh yüksəkliyi hiss edirdim.

Artıq öz ölümüm haqda və dan yeri söküləndə nələr baş verəcəyini düşünməkdən tamam usanmışdım.

Onsuz da fikirləşməklə bir yana çıxmaq mümkün deyildi, bu vəziyyətdə bütün sözlər öz mənasını itirdiyindən yersiz görünürdülər. Amma fikrimi başqa bir şeyə də yönəldə bilmirdim, o dəqiqə üstümə tuşlanan tüfəng lülələri təkrar gözümün qabağında peyda olurdu.

Təxminən iyirmi dəfə mən öz güllələnmə səhnəmi xəyalımda canlandırdım, bir dəfə isə mənə elə gəldi ki, məni gerçəkdən o dünyaya yollayırlar, görünür, xərifləməyə başlayırdım.

Məni divara sarı sürüklədikləri zaman çırpınaraq, onlardan rəhm diləyirdim.

O ara yuxudan ayılıb, belçikalıya göz qoydum, çünki yuxuda çığıracağımdan ehtiyat edirdim. Amma belçikalı sakit-sakit bığlarını tumarlayırdı və görünür, elə bir şey hiss etməmişdi.

İstəsəydim, bir balaca yuxulaya da bilərdim, çünki iki gündən bəri göz qırpmadığım üçün artıq birtəhər olmaq üzrəydim.

İndi qalan ömrümün iki saatını yuxuda itirmək isə mənə ağır gəlirdi, çünki onsuz da onlar sübh tezdən məni yuxulu-yuxulu eşiyə çıxarıb, əlüstü o dünyaya yola salacaqdılar.

Mən isə bunu istəmirdim, istəmirdim ki, məni heyvan kimi öldürsünlər, buna görə də hər şeyi özüm üçün aydınlaşdırmalıydım. Bundan əlavə yuxumu qarışdıracağımdan da ehtiyat edirdim.

Fikrimi cəmləşdirmək üçün ayağa qalxıb, var-gəl etməyə başladım, olub-keçənləri xatırlamağa çalışdım.

Nəticədə xatirələrin güclü axarına düşdüm. Onların arasında şirinləri də vardı, acıları da. Hər halda onlar indi mənə belə təsir bağışlayırdılar.

Xatirimdə müxtəlif əhvalatlar baş qaldırır, tanış üzlər canlanırdı.

Valensiya yarmarkasında öküzün buynuzlarına aldığı cavan novilyeronun sifəti, əmilərimdən birinin siması və bir də Ramon Qrisin üzü təkrar xəyalımda canlandı. İyirmi altıncı ildə üç ay sərasər işsiz dolaşdığımı, acından üzüldüyüm günləri xatırladım.

Qrandada gecələdiyim skamya gəldi xəyalıma: düz üç gün dilimə heç nə dəymədiyi üçün dişim dilimi kəsirdi, amma ölmək də istəmirdim. Bütün bunları xatırladıqca üzümə təbəssüm qonurdu.

O vaxtlar xoşbəxtlik, azadlıq və qadınlar yolunda mən özümü böyük bir ehtirasla oda-atəşə atırdım. Amma bunları nə üçün edirdim?

Ona görə ki, İspaniyanın xilaskarı olmaq istəyirdim, Pi-i-Marqala sitayiş edirdim, anarxistlərə qoşulmuşdum, mitinqlərdə çıxış edirdim və bütün bunları ciddi olaraq qəbul etdiyim halda ölümün varlığını tamamilə unutmuşdum.

Belə anlarda mənə elə gəlirdi ki, öz taleyimi ovcumun içi kimi bilirəm, indi isə anlayıram ki, bütün bunlar iyrənc bir yalandan başqa heç nə deyilmiş!

Mənim həyatımın qara qəpik qədər də qiyməti yox imiş, çünki onun uğursuz sonluğu əvvəl-başdan da bəlli imiş.

Əgər indiki kimi, künc-bucaqda çürüyəcəyimi bilsəydim, yəqin ki, bir vaxtlar küçələrdə o baş bu başa cananların ardınca kölgə kimi dolaşmaz, heç yerimdən belə qımıldanmazdım.

İndi isə artıq mənim üzümə həyatın qapıları bağlanmışdı, kilidlənmişdi və bu qapı arxasındakı bütün işlər yarımçıq, natamam qalmışdı. Buna baxmayaraq mən keçmiş həyatımın gözəlliyini etiraf etməyə hazır idim.

Amma hər hansı bir şeyi onun ilkin cızma-qarasına görə qiymətləndirmək olmaz axı?

Mən bir şey anlamadan, bilmədən öz hesablarımı əbədiyyət üçün tutmuşdum.

İndi isə heç nəyə heyifsilənmirdim, amma heyifsilənməyə dəyən bir çox şeylər var idi, məsələn, mansanilya şərabı və ya Kadis yaxınlığındakı kiçik çimərlikdə istirahət kimi, amma ölüm hökmü qarşısında bunların cazibədarlığı sıfıra enmişdi.

Qəflətən belçikalının ağlına çox gözəl bir fikir gəldi:

- Dostlar, doğmalarınıza çatdırılacaq hər hansı istəyiniz varsa, mən bunu yerinə yetirə bilərəm. Əlbəttə, əgər hərbi rəhbərlik buna izin verərsə…
Tom mızıldandı:

- Mənim heç kəsim yoxdur.

Mən susurdum. Aradan bir az keçmiş Tom məndən:

- Yəni sən Konçaya heç nə söyləmək istəmirsən? - deyə xəbər aldı.

- Yox.

Belə söhbətlərdən mənim zəhləm gedir. Amma burada günah ancaq mənim özümdə idi: keçən gün dilimi dinc saxlaya bilməmiş və Konça haqqında özüm ona söz açmışdım.

O qızla düz bir il yaxınlıq etmişdim.

Onunla beş dəqiqəliyinə baş-başa qalmaq xətrinə dünənəcən bəlkə də qolumu balta altına qoymağa hazır idim.

Bəlkə elə dünən bu həsrət mənə güc gəldiyi üçün özümü saxlaya bilməyib, Toma bu qız barədə sirr gəlmişdim. Amma indi mən sevgilimlə görüşmək belə istəmirdim, çünki ona deyiləsi elə bir sözüm qalmamışdı.

Bəlkə indi onu qucaqlamaq da ağlımdan keçməzdi, bütün bədənim mənə boz-bulanıq, iyrənc və lırtma palçıq təsiri bağışlayırdı və onunla qucaqlaşdığım zaman onun bədəninin də mənə eyni təsiri aşılayacağını artıq özümə təlqin etmişdim.

Yəqin mənim ölüm xəbərimi eşidən Konça hönkürüb ağlayacaqdı, bir neçə aylığa bəlkə həyatdan küsəcəkdi. Amma hər halda ölüm hökmü tək MƏNim üçün veriləcəkdi.

Onun gözəl və məlahətli gözlərini xatırlayıram: mənə baxdığı zaman onun baxışlarından varlığıma sanki nə isə anlaşılmaz bir şey axırdı.

Yəqin indi daha bu da mənə kömək etməyəcəkdi: çünki indi artıq mən onun baxışlarından da heç nə anlamayacaqdım, bu baxışlardakı məna gəlib mənə çatmayacaqdı. Yalqızlıq məni sarmışdı.

Tom da yalqız idi, amma onun vəziyyəti mənimkindən fərqli idi. İndi o, çömbələrək, yarı heyrət, yarı təbəssüm dolu baxışlarla skamyanı süzürdü. Sonra o sanki nəyi isə uçuracaqmış kimi ehtiyatla skamyaya toxundu, birdən diksindiyi üçün əlini tez də geri çəkdi.

Tomun yerində mən olsaydım, skamyanı bu cür süzməkdən vaz keçərdim, çünki bu, bir İrland oyununu xatırladırdı.

Amma ətrafdakı əşyaların adama bir qədər qəribə təsir bağışladığını mən də sezmişdim: əvvəlkinə nisbətən onlar sanki boşalmış və öz sərhədlərini itirməyə başlamışdılar.

Nəzərlərim skamyaya, lampaya, kömür yığınına dikildiyi zaman ağlımda bir tək fikir doğurdu: mən yoxluğa məhkumam.

ÖZ ÖLÜMÜMÜ mən, əlbəttə, açıq-aşkar təsəvvürümə gətirməkdə çətinlik çəkirdim, amma o hər yerdən, ən çox da əşyalardan gözümün içinə baxırdı.

Onların məndən qaçmağa, məndən uzaqlaşmağa can atmaları və bunu can verən adamın ətrafındakı adamlar kimi sezilmədən, əl altından etmələri gözümdən yayınmırdı. Bu həddə gəldiyimdə mən Tomun bir az əvvəl skamya ilə deyil, məhz ÖZ ÖLÜMÜ ilə təmasa girdiyini anladım.

Həmin an mənə deyilsəydi ki, məni ölüm hökmü gözləyir və mən arxayın istədiyim tərəfə baş alıb gedə bilərəm, bu mənim ruhi tarazlığımı zərrəcə pozmazdı: əgər sənin öz ölümsüzlüyünə olan inamın sarsılıbsa, onda bu hökmün icrasını nə qədər gözləyəcəyinin elə bir fərqi qalmır - bir neçə saat, yoxsa bir neçə il.

Odur ki, artıq heç nə vecimə gəlmirdi, heç nə iç dəngəmi pozmurdu.

Amma digər yandan bu rahatlığın özü adamı dəhşətə gətirirdi, bunun səbəbkarı isə bədənim idi: gözlərim gördüyü, qulaqlarım isə eşitdiyi halda bu orqanların idarəsi əlimdə deyildi - tir-tir əsən bədənimi tər yuyub aparırdı və o, kontrolumdan çıxmışdı.

Bu, artıq mənim vücudum deyil, bir başqasınınkı idi və ona nə olub-olmadığını öyrənməm üçün ona toxunmaq ehtiyacım doğurdu.

Bəzən isə onun varlığını hələ də hiss edirdim: bu vaxt mənə elə gəlirdi ki, şığıyan təyyarə kimi harasa quylanıram və o ara ürəyim sinəmdə dəli kimi çırpınırdı. Bundan ürəyim heç də təskinlik tapmırdı: bədənimin başına gələn bütün bu dəyişimlər iyrənc, ikibaşlı və çiyrindirici oyun təsir bağışlayırdı.

Bütün bunlarla belə, bədənim özünü farağat aparırdı və mən, sinəmə amansız bir əcinnə daraşıbmış kimi, özümdə bir ağırlıq hiss edirdim. Sanki nəhəng bir zəli bədənimə sarmaşıb dolaşmışdı.

Əlimi şalvarımda gəzdirib, onun quruluğunu yoxladım: hər ehtimala qarşı kömür yığınının üstünə siyidim, amma bilmədim içimdən çıxan sidikdir, yoxsa ki tər.

Cibindən saatını çıxarıb süzən belçikalı dedi:

- Dördün yarısıdır.

O əclaf bunu bilərəkdən edirdi! Tom isə bu ara yerindən dik atıldı - biz zamanın əleyhimizə işlədiyini sanki unutmuşduq: bizi zülmət kimi qalın yorğanıyla bürüyən gecənin nə vaxt düşdüyündən heç duyuq da düşməmişdik.

Balaca Xuan da dilə gəldi. Qollarını geriyə qanıran uşaq çığırırdı:

- Ölmək istəmirəm, mən ölmək istəmirəm!

Əllərini yana açaraq, zirzəminin o biri başına götürülən uşaq üzüquylu həsirin üstünə yıxılıb hönkürdü.

Bulanıq gözlərini ona yönəldən Tomun uşağın könlünü almağa heç meyli yox idi. Bizdən daha çox çığır-bağır salsa da, bu uşaq hər halda bizdən artıq iztirab çəkə bilməzdi.

Xuanın vurnuxması isə bir yol tərləməklə ölümcül mərəzdən qurtulmağa çalışan xəstənin davranışını xatırladırdı. Bizim durumumuzu bütün bunlar dəyişə bilərdimi ki?!

Uşağın öz ölümünə deyil, çarəsiz durumuna acıyaraq ağladığına göz qoyurdum.

Bir ara, ötəri olaraq mənə elə gəldi ki, belə getsə, mən də ona qoşulub öz acınacaqlı halıma hönkürəcəyəm.

Amma gözlənilənin tərsi oldu: uşağı, onun titrəyən çiyinlərini süzəndə ürəyimin qəflətən daşlaşdığını duydum - indi içimdə nə özümə, nə də başqasına qarşı mərhəmət qalmışdı. Özümə təlqin etdim ki, mən şərəflə ölməliyəm.

Ayağa qalxan Tom açıq lükün altında dayanıb, işıqlanan səmanı seyr etməyə başladı.

Mən isə hələ də özünü təlqinlə məşğul idim: «şərəflə ölməli, şərəflə ölməli».

Ağlımdan başqa heç nə keçmirdi. Elə ki belçikalı bizə vaxtın varlığını xatırlatdı, o andan etibarən mən zamanın damla-damla necə axdığının fərqinə vardım.

Qaranlıqdan Tomun səsi gəldi:

- Eşidirsən?

- Hə.

Həyətdən addım səsləri gəlirdi.

- Nə əl-haya düşüblər bunlar?! Bəlkə bizi sabahın gözü açılmamış güllələyəcəklər?!

Bir dəqiqə sonra sükut bərqərar oldu. Toma:

- İşıqlaşır, - dedim.

Əsnəyən Pedro qalxıb, üfləyərək lampanı keçirtdi və yoldaşına sarı dönüb:

- İliklərimə qədər donmuşam, - dedi.

Zirzəmiyə alaca qaranlıq hakim kəsildi. Uzaqdan qulaqlarımıza atəş səsləri gəldi. Toma:

- Başladılar, - dedim. - Yəqin ki bunu arxa həyətdə icra edəcəklər.

Tom belçikalıdan siqaret istədi. Mənimsə meylim nə tütün çəkirdi, nə də ki içki. Həmin dəqiqədən etibarən bayırda fasiləsiz atəş səsləri eşidildi.

Tom soruşdu: DAVAMINI BURDA OXU
XS
SM
MD
LG