Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:46

«İndi harda bu səviyyədə redaktor var?»


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
1905-ci il martın 15-də Bakıda Hacı Zeynalabdin Tağıyevin indi ölkənin Tarix Muzeyinə çevrilmiş malikanəsinə dövrün məşhur ziyalıları yığışmışdı. Qarışıq zaman idi. Söhbət qəzetlərdən düşəndə qonaqlar böyük mesenatdan Bakıda Azərbaycan türkcəsində gündəlik qəzet çapına kömək göstərməsini rica etdilər. Hacı ürəklə bu işə yardımçı olacağını söylədi. Düz bir ay sonra, aprelin 16-da Peterburq Baş Mətbuat İdarəsinə «Həyat» adlı qəzet çıxarmaq istəyi ilə müraciət olundu. Müraciət ərizəsini dövrün tanınmış ziyalıları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu imzalamışdılar. Cəmi 6 gün sonra Qafqaz Canişinliyi qəzetin nəşrinə icazə verdi. Beləliklə, 1905-ci il iyunun 7-də «Əkinçi»dən keçən otuzillik fasilədən sonra Bakıda ana dilində «Həyat» adlı qəzetin ilk nömrəsi çıxdı...

AzadlıqRadiosunun «İz» proqramı bir daha, sonralar çıxdığı dövrün «fikir, düşüncə və mübarizə salnaməsi» adlandırılan 105 yaşlı qəzetin izinə düşməyə qərar verdi və görkəmli mətbuat tarixçisi Şirməmməd Hüseynovu özünə bələdçi seçdi.

- Şirməmməd müllim, qəzet niyə «Həyat» adlanırdı?


- Əli bəy Hüseynzadə izah edib niyə qəzetin adını «Həyat» qoyduğunu. Həyat yaşayışdır, varlıqdır. Cəmiyyətin varlığıdır, inkişafdır. Ona görə belə adlandırmışdı ki, bizdə çatışmayan bir şey vardı - həyatı dərk etmək. Qəzet ona xidmət etməliydi. Əgər Zərdabi milli mətbuatımızın yaradıcıdırsa, Əli bəy XX əsrdə öz ana torpağında - Bakıda nəşr olunan ilk qəzetin yaradıcısıdır. İsmayıl bəy Qaspralının Əli bəyə bir məktubu var. Yazır ki, «Əkinçi» qəzeti ilə türk-müsəlman dünyası birgözlü oldu. «Həyat»ın nəşri ilə ikigözlü oldu. Və əlavə edir ki, indi ikigözlü olmaq da yaramır, 100 gözlülük lazımdır ki, cəmiyyəti görə biləsən, dünyanı dərk edəsən. Yəni qəzetin adı təsadüfi seçilməmişdi. Elə birinci sayının baş məqaləsində qəzetin nədən yazacağı xəbər verilirdi.

- Bütün problemləriylə bağlı indi qəzet bolluğudur. «Həyat» indiki qəzetlərə nədə bənzəyir, nədə bənzəmirdi?

- Qəzetin iki redaktoru vardı - Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev. Onlar mükəmməl təhsil görmüş adamlar idi. Əli bəy Peterburq və İstanbul universitetlərini, Əhməd bəy Sorbonn universitetini bitirmişdi. 7-8 dildə danışırdılar. Şərqi də, Qərbi də gözəl bilirdilər. Onlar elə yerdə, elə adamlardan dərs almışdılar, ki, dünyanın aparıcı tendensiyaları orda idi. Avropa mədəniyyəti, demokratiyası, düşüncə tərzi onlara hakim idi. Qayıdıb elə mühitə düşmüşdülər ki, onları boğurdu...Çıxış yolu lazım idi. Bir işıq gərəkdi. Bu qəzet təkcə Azərbaycan türkləri üçün deyildi, Rusiyada yaşayan türklər üçün idi. Türkiyədə, İranda, Orta Asiyada olan türklər üçün idi. Qəzetin oxucusu Misirdə, Hindistanda da vardı. Çünki Əli bəy tanınan adam idi, Əhməd bəy də həmçinin. İndi mənə deyin görüm, hansı ölkə qəzetində bu səviyyədə redaktor var? İkincisi, gəlin əməkdaşlara baxaq. Üzeyir Hacıbəyov, M.Ə.Rəsulzadə, Əhməd bəy Ağayev, Həsən bəy Zərdabi, N.Nərimanov, Ömər Faiq Nemanzadə, M.Ə.Sabir... O dövrün say-seçmə ziyalıları... Özü də, onlar ona görə yazmırdılar ki, indikilər kimi, vəzifə, dost, pul axtarsınlar. Xeyr a!..Onlar millətin namuslu övladları idi.

- «Həyat» bizə nə qazandırdı və ya «Həyat» olmasaydı, nə itirərdik?


- Qəzet qarşısına üç məqsəd qoymuşdu. Birinci məqsəd o idi ki, qoy bilsinlər türklər kimdir. Özünü dərk etməyən millətin gələcəyi olmazdı! Onlar gördülər ki, ötən əsrlər milliyətçilik əsri olub. Milli ruh, insanın özünü dərk etməsi müstəqil dövlətlər yaradıb, xalqları inkişaf yoluna çıxarıb. Amma biz hələ kimliyimizi bilmirik. Dilimiz türkdür və onun tarixini öyrənməliyik. Əli bəy deyirdi ki, türklər tarix yaradan millətdir, amma tarix yazan deyil. Türklərin tarixini həmişə qərbllər yazıblar. Özlərinə sərf edən kimi yazıblar. Bizim qəhrəmanlığımızı vəhşilik kimi göstəriblər, öz vəhşiliklərini qəhrəmanlıq kimi. Görürsünüzmü, Əli bəy elə bil indi deyib. Bu, birinci məqsəd idi. İkinci qayə - deyirdilər ki, biz müsəlmanıq - minillik islam mədəniyyətimiz var. Dinimizi xurafatdan, fanatizmdən uzaqlaşdırmalıyıq. Üçüncüsü, biz insanıq. M.Ə.Rəsulzadə sonralar bu ideyaların-- türkləşmək, islamlaşmaq, müasirləşməyin yerini dəyişdi. «Açıq söz» qəzetində yazdı ki, biz türkləşməliyik, müasirləşməliyik, islamlaşmalıyıq. Bax, indi biz «Həyat» qəzetini çıxaranların hazırladığı nəzəriyyə əsasında müstəqil dövlət yaratmışıq. Amma bilmirik ki, hansı qaynaqdan gəlir! Ona görə də, bu günkü qəzetlərdən mən bu səviyyəni istəyərdim. Bunun üçün isə, müasir dünyanı dərk edən jurnalistlər lazımdır.

- Qəzetin oxucuları, tirajı, mövzu dairəsi barədə daha nələr söyləyə biıərsiniz? Bir də, qəzet niyə ömrügödək oldu?

- Qəzet 2 - 2.500 tirajla çıxırdı. Oxucu dairəsi geniş idi. Çünki onlar nəzəriyyədə dediklərini təcrübədə də həyata keçirirdilər. Əli bəy ümumi ədəbi türk dili problemi qoyurdu. O deyirdi ki, türk xalqları içində min illər ərzində öz dövlətini yaradan Osmanlı türkləri olub. Onların dili hamımız üçün ədəbi dil olmalıdır. Ərəb əlifbası da buna imkan verirdi. Amma dil məsələsinə münasibət eyni olmadı. Osmanlı ləhcəsi məsələsi işi çətinləşdirdi. Ümumi türk dili qəbul olunmadı. Fikir versəz, ondan sonrakı nəşrlərdə Azərbaycan ləhcəsi əsas yer tuturdu. O ki qaldı qəzetə, bilirsiniz nə qədər hücum vardı? Qəzetin birinci düşməni...

- Kim idi? Kim qəzeti əvvəldən-axıra oxuyub, olmayan şeyləri də tərcümə edib Peterburqa, Canişin İdarəsinə göndərirdi?

- Qəzet niyə bağlandı? Əhməd bəy Əli bəydən niyə ayrıldı?

- «Həyat»ın yubileylərini niyə səssiz keçiririk?

- Qəzet niyə yeni əlifbayla çap olunmur?

- Şirməmməd müəllim «Həyat» qəzetinin yetişdirdiyi Xalq Cümhuriyyətinin dövlət xadimləri ilə indikiləri müqayisə edib sonda hansı şokedici nəticəyə gəldi?

Hər şeyi ustadın öz dilindən eşitmək mümkündürsə, üstəlik, şirin bir dillə dinləmək imkanı varsa, niyə də «İz»ə qulaq asmayasınız?!
XS
SM
MD
LG