Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:23

«Azərbaycanda televiziya və radiolar hökumətin nəzarəti altındadır»


Rəşid Hacılı
Rəşid Hacılı
Avropa Məhkəməsi Eynulla Fətullayevə bəraət qərarı çıxarır, yerli tamaşaçılar bundan xəbər tutmur. Bakıda piket keçirməyə cəhd olunur, Azərbaycan kanallarında bu barədə xəbər getmir. Bu və digər misallardan Azərbaycanda televiziya tamaşaçılarının informasiya almaq hüququ təmin olunurmu, Azərbaycan vətəndaşları televiziyalar vasitəsilə ölkədə baş verən bütün hadisələrdən xəbərdar ola bilirlərmi, bu hüquqlarının təmin etmək üçün yetərli qanunvericilik varmı, bunun üçün yaradılan İctimai televiziya bu haqqı təmin edirmi kimi suallar ortaya çıxır. AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «Hər kəsin haqqı var» verilişində bu mövzu müzakirə olunub.

TELEVİZİYALAR HÖKUMƏTİN NƏZARƏTİ ALTINDADIR

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, Azərbaycanda televiziya və radiolar demək olar tamamilə hökumətin nəzarəti altındadır. Ona görə də hansısa telekanalda hökumətin marağına uyğun olmayan informasiyaların yayılması müşkül məsələdir:

«O məlumatlar ki, hökumət onların yayılmasını istəmir, o ictimai hadisələr ki, hökumət onları cəmiyyətin müzakirə etməsini istəmir, onların efirdə getməsi çətindir. Məsələn, tanınmış şəxslərlə bağlı məhkəmə prosesləri, mitinqlər, piketlər, kimlərinsə səsləndirdiyi fərqli düşüncələr və s.».

Rəşid Hacılı hesab edir ki, TV və radiolar qeyri-müstəqil olduğundan, həmçinin kanallar arasında tamaşaçı uğrunda yarışma getmədiyindən, onlar aşağı peşəkar səviyyədə çalışırlar:

«Proqramların büdcəsi kifayət qədər olmur, peşəkarlığın artırılmasına diqqət yetirmirlər. Bu baxımdan tamaşaçı ilə təmasları unudub ancaq və ancaq müəyyən dairəni maraqlandıran populyar şou proqramların hesabına ixtisaslaşmağa çalışırlar. Çünki belə proqramlar gəlir gətirir və eyni zamanda siyasi problemlər də doğurmur».

«TAMAŞAÇI FƏALLIĞI ÇOX ZƏİFDİR»

BDU-nun baş müəllimi, televiziya üzrə mütəxəssis Zeynal Məmmədli isə yaranmış vəziyyətin bir səbəbini də tamaşaçı fəallığının zəif olmasında görür:

Tahir Məmmədli
«Seyrçi bilməlidir ki, İTV ilə bağlı, həm də özəl kanalların xəbər xidmətlərindən qanun çərçivəsində öz hüquqlarını tələb edə bilərlər. İctimai basqı yarada bilərlər. Bilmək istədiklərini onlardan ala bilərlər. Amma bunun üçün bizdə özəklər yoxdur».

«İCTİMAİ TELEVİZİYAYA NƏZARƏT VAR»

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli hesab edir ki, hansısa media qurumu üçün ictimaiyyəti mütləq informasiya ilə təmin etmək fiziki olaraq mümkün deyil. Buna baxmayaraq, İTV ümumi ictimai yük daşıyan istənilən məlumatı yayır.

T.Məmmədli təmsil etdiyi kanalın nəzarət altında olduğunu etiraf edir. Amma deyir ki, bu nəzarət ictimaiyyət tərəfindən həyata keçirilir:

«İTV ictimaiyyətin nəzarətindən kənarda fəaliyyət göstərə bilməz. Biz öz fəaliyyətimizdə ictimai nəzarəti prioritet hesab edirik. Bunu söz olaraq deyib keçmirik. Özümüzün monitorinq qrupumuz həm Azərbaycanda, həm də digər ölkələrdə bizi izləyən soydaşlarımızın bu və ya digər verilişlərə münasibətini daim öyrənir, hər bir münasibəti, hətta adi bir telefon zəngini belə araşdırırıq».

T.Məmmədli deyir ki, hər bir media qurumu kimi İTV-nin də fəaliyyət konsepsiyası var:

«Biz öz konsepsiyamız çərçivəsində ictimaiyyəti maraqlandıran hər bir məsələ ilə bağlı xəbər veririk. Özəl kanallardan fərqli olaraq İTV reklam və reytinq xatirinə hansısa xəbərlərdən şou düzəltmək, yaxud şou xəbərləri saatlarla öz ekranında saxlamaq niyyətindən uzaqdır. İctimai kanal istər yerli, istərsə də beynəlxalq medianın Azərbaycanla bağlı yayımladığı məsələlərə çox həssaslıqla yanaşır».

«EYNULLA FƏTULLAYEVLƏ BAĞLI HANSISA KANALDA DEBAT AÇILDIMI?»

Media Hüququ İnstitutunun təmsilçisi Xalid Ağaliyev isə ötən il televiziyalar arasında keçirilən monitorinqin nəticələrindən danışdı. Nəticələrə görə, Azərbaycanda fəaliyyət göstərən TV-lərin xəbər proqramlarının 90 faizdən çox hissəsi hakim siyasi qüvvəyə aid xəbərləri əhatə edib:

Xalid Ağaliyev
«İTV və ANS telekanalı ictimai maraq doğuran xəbərlərin verilməsi baxımından digərlərindən bir neçə addım öndə idilər. Təəssüf ki, ümumilikdə Azərbaycanın teleradio sənayesində informasiya azadlığı ilə bağlı vəziyyət ürəkaçan deyil. Fikir verin, Azərbaycanı beynəlxalq ictimaiyyətin diqqətində saxlayan bir məsələ - Eynulla Fətullayevlə bağlı məhkəmə qərarı haqqında kanalların hansındasa debat açıldımı?».

Veriliş zamanı bu suala konkret cavab verməyən T.Məmmədli proqramdan sonra redaksiyaya zəng edib bildirdi ki, Avropa Məhkəməsinin son qərarı, AXCP-nin keçirdiyi mitinq barədə İTV-nin xəbərlər proqramında geniş reportaj gedib.

TV-LƏRDƏ QADAĞAN EDİLƏN MƏLUMATLARI İNTERNETDƏ DAHA ASAN TAPMAQ OLUR

Proqramda İnternet TV-lərin lisenziyalaşdırılması ilə bağlı müzakirə də açılıb. Fəaliyyətin müvəqqəti dayandıran «Kanal 13» İnternet televiziyasının yaradıcısı Anar Orucov bildirib ki, internet televiziyaların ən çox yayıldığı Avropa ölkələri və ABŞ-da lisenziyalaşdırılması praktikası yoxdur:
«Görünür, son vaxtlar şoulara marağının azalması və televiziyalarda qadağan olunan məlumatların internetdə daha asan əldə olunması rəsmi dairələrdə narahatlıq yaratmaqdadır».

X.Ağaliyev isə hesab edir ki, hələlik İnternet televiziyalar Azərbaycanda o qədər də populyar deyil. Və biz bu sənayenin inkişafına imkan verən güclü İnternetə malik deyilik:

«Əgər lisenziyalaşma tətbiq edilərsə, bu, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə zidd olardı. Ölkədə İnternet yeganə məkan hesab oluna bilər ki, son illər orada müəyyən irəliləyiş müşahidə olunur. Qiymətlərdə nisbətən azalma, sürətdə yüksəliş var. Amma lisenziyanın tətbiqi Avropa Şurası üzvü olan ölkələrdə antidemokratik bir addım kimi qarşılanır».
XS
SM
MD
LG