Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:10

Fərda Qədirovun bibisi: «Qumaşyan heç yerə qaçmayıb»


ADNA qətliamı ilə bağlı proses davam edir
ADNA qətliamı ilə bağlı proses davam edir
Mayın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprelində baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam edib.

Məhkəmə iclasında qətliamı törətdiyi bildirilən Fərda Qədirovun bibisi, həm də təqsirləndirilən Cavidan Amirovun anası olan Rəna Qədirova şahid qismində ifadə verib. O, Fərda Qədirovu sakit təbiətli insan kimi tanıdığını deyib və məhkəmənin nəzərinə çatdırıb ki, Fərdanın bu cinayəti törətdiyinə inanmır:

ELƏ BİL HƏYATDAN KÜSMÜŞDÜ

«Kəndə 3 ay idi ki, gəlmişdi. Heç kəslə danışmırdı. Arabir bizə gəlirdi. Deyirdim ki, gəlsin bizdə qalsın, bişirdiyim yeməkdən yesin, paltarlarını yuyum. Elə bil həyatdan küsmüşdü, ailəsindən də incimişdi. Xalası qızını ona almaq istəyirdilər. Ancaq qız razı olmamışdı. Bundan sonra Fərda acıq edib Rusiyadan qayıtmışdı. Deyirdi heç vaxt evlənməyəcək. Əgər Fərda bu cinayəti törədibsə, onun kəlləsinə lənət olsun».

Rəna Qədirova oğlu Cavidanın bu cinayətdə əli olmadığını deyib: «Cavidan günahsızdır. Mənim oğlum telefonun zibilinə düşüb».

Rəna Qədirova istintaq materiallarında bu cinayətin sifarişçisi kimi adı hallanan Mardun Qumaşyanı tanıdığını deyib:

QUMAŞYAN KƏNDLİLƏRƏ AND-AMAN ELƏDİ Kİ…

«Həmin erməni hazırda Şulaver stansiyası adlanan yerdə yaşayır. O, çörək bişirib satmaqla məşğuldur. Hadisə baş verəndən sonra yoldaşım, kəndçilərin bir çoxu onun yanına getdi. Qumaşyan kəndlilərə and-aman elədi ki, bu uşaqlardan heç birini tanımır. O, günahının olmadığını bildirib. Hətta o, kəndçilərə heç yerə qaçmayacağını da söyləyib. Deyir ki, qaçsa, hamı ondan şübhələnəcək».

Sonra prosesdə Fərda Qədirovun həmkəndliləri və Neft Akademiyasının tələbələri şahid qismində dindirilib. Məhkəmə iclası mayın 12-də şahid ifadələri ilə davam edəcək.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.
XS
SM
MD
LG