Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

JALƏ "Seyf qapı" (Hekayə)


Qapının tez-tez eşidilən şaqqıltısı mübahisə edənlərin səsini batıra bilmirdi.

- Bu qədər tərslik eləməyə ehtiyac yoxdur.

- Siz buna tərslik deyirsiz?

- Hə. Bütün yazdıqlarınız həqiqət ola bilməz. Amma onları molla “Quran” ayəsini müdafiə eləyən kimi müdafiə edirsiz.

- Mən iddia eləmədim ki, yazdığım “Quran” ayəsidi.

- O zaman dəyişin yazını, biz də çap edək.

- ...mən dəyişməyəcəm...

- Özünüz bilərsiz!

Redaktor hirslə yerindən qalxıb pəncərəni açdı. Əlləri əsirdi. Çox əsəbi olsa da, siqaret çəkmək üçün icazə istədi. Bu Gülərin xoşuna gəldi. Yumşaldı bir az.

- Yaqub müəllim, dəyməz belə əsəbiləşməyə...

- Sizin qapını çırpmağınızdan mən gərək tərs olduğunuzu başa düşəydim. Amma gülər üzünüz məni çaşdırdı.

Gülərin qaşları yerində dura bilmədi, qalxdı yuxarı.

- Axı qapının məsələyə nə dəxli var?

- Var!

Yaqub müəllim qayıdıb yerində oturdu. Eynəyini düzəldib sağ əlinin şəhadət barmağı ilə qapını göstərdi.

- Mən sınamışam bu qapını. Bu zəhləmi tökmüş axmaq seyf qapı mənim adamları tanımaq üçün məhək daşımdı. Ona görə də onu dəyişdirmirəm.

- ...?

- Bəli, bəli! Baxın, mən sınamışam ki, onu çırpıb içəri girən, çölə çıxan adamlar sakit, amma tərs olurlar. Yüngülcə açıb sakitcə çıxanlar ehtiyatlı və qorxaqdılar. Döyüb girənlər, halbuki, belə qalın qapıdan səsin eşidilməz olduğunu bilirlər, olmadıqları kimi görünmək istəyənlərdi.

- ...Sizinlə razılaşa bilmirəm...

- Hər halda sizin bürclərdən daha etirablı mənbədi bu qapı.

Güləri gülmək tutdu. Üzünü yana çevirdi ki, redaktor görməsin. Yoxsa kişi başqa cür başa düşərdi. Bayaqdan səsi çıxmayan şöbə müdiri Sevda da xısın-xısın gülürdü.

Redaktora enerji gəlmişdi sanki.

- Onda mənim üzümə baxın və deyin, zəhmət olmasa, mən necə adamam, hə? ...Cəld olun.

- Siz yaxşı adamsız...

- Aman Allah! Bunu necə bildiz?! Xeyirxah gözlərim, yumru sifətim, böyük eynəklərimmi sizə ipucu verdi?

Qızlar daha özlərini saxlaya bilmədilər. Onların qəhqəhəsi Yaqub müəllimi də yumşaltdı. Gülümsədi.

- Siz məni öldürmək istəyirsiz...

Gülər onun sakitləşməsindən istifadə edib problemi yoluna qoymaq istədi.

- Yaqub müəllim, hekayəni çap eləməyin, bitsin getsin.

- Yox! Mənim xoşuma gəlir. Amma qəhrəmanın yerinə qərar verməkdən vaz keçsəniz, hər şey əla olacaq. Bir məni başa salın görüm, adam indicə gördüyü adam haqqında necə qəti qərar verə bilər? Hələ bürcünü də deyir kişinin üzünə!

- Qadın kişini bircə dəfə görməklə onu hiss edir də...sanki bütün daxili aləmini görür...bir anda tanıyır onu...

- Necə yəni tanıyır?? Haqsızlıqdı bu! Kişi qəzəblənməkdə və onunla ağır danışmaqda haqlıdı.

- Elə deyil. O kişi özündən çox razıdı. Xarizmasından arxayındı. Qadınların onu hər zaman diqqətdə saxlaması xoşuna gəlir. Və birdən ilk baxışda bəyənmədiyi, əhəmiyyət vermədiyi bir xanım onun astarını üzünə çevirir.

Belə “ifşa olunmaq” kişinin xoşuna gəlmir deyə, acığını qadına qışqırmaqla çıxır. Tanınmaq onun ziyanınadı.

Hamı onun əslində necə zəif və kövrək olduğunu biləcək. Sirli qalmaq ən yaxşı müdafiədi. Bəlkə qadın bu tip kişiləri çox görüb həyatda, ona görə əminliklə danışır, hə?

- Siz niyə onlara vaxt vermirsiz axı? Bir müddət keçsin, bir-birlərini tanısınlar. Heç olmasa 2 gün verin.

- Siz niyə axı ilk baxışdan məhəbbətə inanırsız, ilk baxışdan tanımağa yox?

- Tanımaq məsuliyyətdi, vaxt istəyir...

- Məhəbbət məsuliyyət və vaxt istəmirmi?

- Hissləri bura qatmayaq.

- Tanımaq da altıncı hissdir.

- Altıncı hiss dediyiniz də qadınların uydurmasıdı. Bu nağıla yaman inanırsız.

- ...Off, siz özünüz bu seyf qapını necə örtürsüz?

Yaqub müəllim ürəkdən güldü:

- Mən onu heç vaxt örtmürəm. Girəndə də, çıxanda da açıq qoyuram, öz qapımdı, özüm bilərəm.

Gülər də güldü. Amma mübahisədən yorulmuşdu. Hekayənin bu jurnalda çapı ölüm-qalım məsələsi deyildi onunçün. Haqlı olduğuna inansa da, çıxıb gedə bilmirdi.

Qalmışdı odla su arasında. Yaqub müəllim mübahisə edə-edə işindən də qalmır, otağa girib-çıxanlara tapşırıq verir, gətirdikləri kağızlara qol çəkirdi.

Gülər aranın sakitləşdiyini görüb redaktoru yola gətirməyə çalışdı:

- Yaqub müəllim, hər halda qəbul edirsiz də həyatda hər şey mümkündü?

- Əlbəttə.

- Bəs bu da həyatdı da.

- İlk baxışdan tanımaq uydurmadı.

Sevda söhbətə qarışdı:

- Yaqub müəllim, elə də mümkünsüz şey deyil axı. Siz heç olmayıb ki, ilk təəssüratınızın doğru çıxdığını görəsiz?

- Sevda xanım, üzr istəyirəm, siz ayının dostusuz yoxsa ovçunun?

Sevda güldü:

- Həqiqətin.

- Bu həqiqət deyil! Xanımın fantaziyasıdı!

Gülər dözmədi:

- Mən heç nəyi uydurmamışam!

- Aha, hirslənirsiniz. Mən də bu gənc yazarların havada uçan yazılarından əsəbiləşirəm. Ağıllarına nə gəlir yazırlar, heç qoruq-qaytaq gözləmirlər. Cürbəcür ad da qoyurlar yazdıqlarına. Guya yeni ədəbiyyat, yeni xarakterlər, yeni dünya yaradırlar. Ehh...

Redaktor çayından bir qurtum aldı. Gülər geri çəkilmək fikrində deyildi. Mübahisə onu özündən çıxarmışdı.

- Yaqub müəllim, necə ki, illərlə bir yerdə yaşayıb tanımamaq olur adamı, tanıdığını zənn etdiyin adam səni dönə-dönə təəccübləndirə bilir, eləcə də bir dəfə görməklə tanımaq mümkündü...hiss eləmək, oxumaq mümkündü adamı...heç olmasa ilkin mərhələdə onunla necə davranmalı olduğunu içindəki hiss sənə diqtə edə bilər...

Yaqub müəllim eynəyini çıxardı. Diqqətlə qarşısındakı gənc xanıma baxdı. Başını buladı.

- Xanım, mən sizin atanız yaşdayam, sizdən çox görmüşəm, sizdən çox bilirəm. Necə yəni illərlə bir yerdə olub tanımamaq olar adamı?

- İndi, sizin qarşınıza çıxmayıbsa, “yoxdu” demək deyil ki.

- Siz belə birini şəxsən tanıyırsız?

Gülər duruxdu. Amma cavab verməli idi.

- ...tanıyıram...

- Ahaa...Yəni demək istəyirsiz ki, elə bir adam var ki, illərlə tanısanız da, tanımamısız?

- ...olub...

- ...hmm, maraqlıdı...

- ...o qədər də yox...

- Bir az detallı danışardınız...söhbət əks cinsdən gedir, ortada həm də sevgi var, hə?

Gülər özünü çətinə saldığını anladı. Amma artıq gec idi.

- Hə. Gözəl bir sevgi.

- ...Hmm...düzdü, sevginin adamı dəyişməsi haqda nağıllara hər zaman şübhəylə yanaşmışam... əslində hər cürünü görmüşəm bu sevgi deyilən bəlanın... amma yenə də... yəni bu gözəl sevgiyə rəğmən gözlənilməz hərəkətlər, alıb-aldatmalar, şübhələr?

- Elədi.

- Sevgi şəxsən mənimçün fədakarlıqdı. Özünü tərifləmək kimi olmasın, xanımlar, mən evlənəndə ikinci kursda oxuyurdum.

Uşaqların anası da 10-cu sinifdə. Xəbər gəldi ki, qızı başqasına verirlər. Özümü çatdırdım kəndə. Evdəkilər dedilər ki, nə evlənmək, a bala, səni zorla oxutdururuq. Götürdüm qızı, qaçırdım Bakıya. Min əziyyət çəkdim, amma dözdüm. İşlədim, oxudum. Ondan da heç vaxt şikayət eşitmədim...

Sevda gülə-gülə:

- İkinizin də bəxti gətirib də, indi nə belə qoçaq oğlan var, nə də belə dözümlü qız - dedi.

Onsuz da xüsusi rəğbət bəslədiyi Yaqub müəllim Gülərin gözündə bir az da böyüdü. Sevdanın sözünü təsdiqlədi:

- Elədi, Sevda xanım. Qoçaq, dözümlü olanlar da bir-birlərini tapmırlar elə bil. Qəribə vəziyyət yaranıb bu sevgi işlərində...

Yaqub müəllim onun sözünü kəsdi:

- Günah özlərindədi. Cəsarətli olsunlar... Bir-birlərini görən kimi tanısınlar da...

Gülər tutuldu.

- Sataşmayın da, Yaqub müəllim.

Redaktor güldü.

- Yaxşı, yaxşı, zarafat eləyirəm. Gəl, bu tanımaq söhbətinin ağını çıxarmamaq şərtilə hekayəni çap edək, getsin.

Gülər bir az düşünüb vəziyyətdən çıxış yolu tapmış kimi sevincək dedi:

- Mən sizə başqa hekayə gətirim də. Bunu ataq arxivə getsin.

Redaktor eynəyin altından gənc xanımı süzdü. Onun tərsliyi, hər sözünün üstündə əsməyi xoşuna gəlirdi. Amma sınağını yarımçıq kəsmək istəmirdi. Ona görə də dedi:

- Yaxşı, bir baxışda tanımağı unuduruq bir müddətlik. Bu dəfə sizdən uzun müddət bir yerdə olub tanımamaqdan danışan hekayə istəyirəm.
Gülərin daha səbri qalmamışdı. Redaktorun zarafat etdiyini bilsə də, özünün yalançı olmadığını sübut etmək indi onunçün daha önəmli idi. Hirslə ayağa durdu.

- Bilirəm, inanılmazdı. Mən də inanmazdım. Amma belədi... İllərlə tanıya bilməmişəm. Səbəbini sonra tapdım – özünü tanımayan adamı heç kim tanıya bilməz! İnsan günlərin bir günü sənin əzablarına yuxarıdan-aşağı baxaraq heç nə olmamış kimi laqeydliklə: ”Mən bilmirdim ki, beləyəm” – deyirsə, özünü hələ bir haqlı da sayırsa, həmin adamı elə ordaca qoyub qaçmaq lazımdı.

Kiminsə təəccüb içində illərlə özünü kəşf etməsinə baxmaq qədər əzablı bir şey yoxdu. Həm də bu kəşf səni öldürmək bahasına başa gəlirsə...həm də sevgi belə ona kömək eləmirsə...

Yaqub müəllim də ayağa durdu. Gülərin həyəcanlandığını görüb onu sakitləşdirməyə çalışdı:

- Xanım... qızım... sonu evliliklə bitməyən sevgilər də var...

- Hər sevgi evliliklə bitməyə məcbur deyil... Amma anlayış və hörmət istənilən halda lazımdı...

- Elədi...neyləmək olar, özün dedin ki, həyatda hər şey mümkündü...keçər, qızım, keçər...

- Çoxdan keçib.

- Nə gözəl! Bax, bunun qədrini bilmək lazımdır. Keçməli olan şey keçibsə artıq, bu, çox gözəldi.

- Hə. Çox gözəldi.

Yaqub müəllim otaqda var-gəl eləməyə başladı. Əlində bir dəstə vərəq bayaqdan ayaq üstə dayanıb təəccüblə mübahisə edənlərə baxan oğlanı sanki indi gördü:

- Görürsən? Həyatda belə şeylər də olur... İndi bu adama nə ad verəsən? Sevmək və məhv etmək...

Gülər də, Sevda da oğlanı indi gördülər. Hamının başı qarışmışdı söhbətə, onun nə vaxt otağa girdiyini görən olmamışdı. Yaqub müəllim hələ danışırdı:
- İzah eləmək çətindi. Bəs bu nağıllar nə üçündü, hə?

Nə bilim, Fərhad dağ yardı, Məcnun səhraya düşdü, Romeo zəhər içdi, Kərəm iki cüt düyməni aça bilməyib, ahından alışıb yandı...Ehh, nə isə...Ver görüm, nədi onlar.
Vərəqləri alıb qol çəkə-çəkə Gülərə ürək-dirək verməyə çalışdı:

- Qızım, heç fikir eləmə. O qədər yaxşı, qanan adamlar var ki.

- Bilirəm, Yaqub müəllim...

- Bax, elə bizim bu oğlan. Elə qiyamət oğlandı ki.

- ...Eləmi? Olsun...

Redaktor başını qaldırdı.

- Bax, buna da şübhə edəsi olsan, əməlli-başlı dalaşacam səninlə.

- Siz Allah hirslənməyin, mən elə-belə dedim.

- Yox, yox, səsindən şübhə töküldü. İndi sənin başına hər nə gəlib, psixologiya, astrologiya kitablarından hər nə oxumusan, amma mənim tanıdığım adamı mənə tanıtma.

- Elə bir fikrim də yoxdu.

- Bax, belə. Ağıllı ol. Bizim biliklərimiz hər yerdə işə yaramır, qızım, yadında saxla.

- Oldu.

Sevdanın dili dinc durmadı:

- Yaqub müəllim, qoyun, desin də. Görək bizim oğlan necə adamdı. Bir sınayaq.

Vərəqləri oğlana qaytarmaqda olan redaktor bir anlıq duruxdu və nəsə tapıbmış kimi sevincək razılaşdı:

- Yaxşı, olsun. Buyur, bax, bu oğlanı xarakterizə elə. Üzünə bax bir. Necə kobud cizgiləri var, sifəti də yumru deyil ki, işin asanlaşsın. Ahaa, eynəyi də yoxdu. Gözləri də çox qəddardı.

Gülər getmək istəyirdi. Yorulmuşdu.

- Yaqub müəllim, qurtardıq da bu söhbəti. Mən yazımı götürüb gedirəm və unuduruq bu söhbəti.

- Xeyr! Elə şey yoxdu. Mən istəyirəm bu adamın tərifini verəsən indicə. İllərlə tanıyıb- tanımamağı bir kənara qoyaq, ilk baxışdan tanımaq nəzəriyyənizi sübut edin indi.

Gülər müqavimətin əbəs olduğunu gördü. Bir-iki söz deyib tez aradan çıxmağa qərar verdi.

- Yaxşı adamdı bu adam – dedi.

- Təbii ki. O mənimlə işləyir axı. Sonra?

- Ziyansız adamdı...

- Əlbəttə. Yaxşı adam elə ziyansız adam deməkdi də.

- ...Amma maraqsız adamdı...

- Niyə? O ki ağzını açmadı.

- Danışmaq şərt deyil.

Redaktor oğrunu iş başında yaxalayan polis kimi sevinirdi.

- Görürsən, Sevda? Xanım bizim nəşriyyatın gözünə maraqsız deyir və hələ hekayəni də dəyişmək istəmir!

- Dedim ki, maraqsızdı...

- Ay nə gözəl! İddia eləmək asandı, xanım, necə sübut edərsən, nədən belə qənaətə gəlmisən? Maraqlı olmaq nədi səninçün?

- Maraqlı adamla darıxmırsan.

- Sən məni çatlatmaq istəyirsən! Bu adamı indicə gördün, ağzını açmayıb, amma ciddi-ciddi fikir yürüdürsən onun haqqında.

Yenidən hirslənən redaktor ayağa durdu.

- Bu adam günlərlə danışmaya bilirsə, o necə maraqlı ola bilər axı?

- Nə bilirsən danışmır?

- Ağız kənarları aşağı düşür. Həmişə danışan, deyib-gülən adamların ağızları düz xətt boyunca olur.

- Sən...

Bu yerdə Sevda söhbətə qarışdı:

- Düz deyir də, Yaqub müəllim. Birdən unuduruq ki, otaqdadı bu, qızlarla ağzımızı qoyuruq Allah yoluna, sonra da utanıb yerə giririk. Saatlarla danışmır...
Yaqub müəllim qayıdıb yerində oturdu:

- Beləə. Burası deyək ki, düz. Elə vid-fasonu da sakit adam təsiri bağışlayır da. Sonra?

Gülər lap tıncıxdı. Özünü pis hiss eləməyə başladı.

- Mən gedim, Yaqub müəllim, gecdi.

- Aradan çıxma. Sən ki hekayəni dəyişmirsən, mən də səni buraxmayacam. Bu dəqiqə tanımaq qabiliyyətini göstərməlisən! Buna hekayəni müdafiə eləmək adını da qoya bilərik.

Gülər lap hirsləndi. Redaktorun tərsliyi onu özündən çıxarmışdı.

- Sizin bu işçiniz quru bəydi, özündən razıdı, yasda ağlamaz, toyda oynamazdı, heç kimi bəyənmir, heç kimin halına yanmır, yanında yıxıl, öl, vecinə olmaz. Öz aləmindədi həmişə. Hələ üstəlik kütdü!

- Nə??

Redaktorun gözləri kəlləsinə çıxmışdı.

- Hə, kütdü!

- Kütlüyünü harda gördün?

- Elə burda! Bayaqdan dayanıb, niyə dayandığını belə bilmir, key-key gözlərini döyür! O adam ağzını açır ki, onun deməyə sözü var! Sözü olan o adamdı ki, o nəsə fikirləşir! Fikirləşməyən adamsa kütdən də kütdü!

Oğlan çaşqınlıq içində gah Yaqub müəllimə, gah Gülərə baxır, nəsə deməyə çalışsa da, bacarmırdı. Yaqub müəllimsə əməlli-başlı əsəbiləşmişdi.

- İndi mən deyim, siz dinləyin, xanım qız! Bu oğlan sizin tanıdığınız yüzlərlə oğlana dəyər! Bu oğlan hamıya kömək edir, hamı onu çox istəyir burda. Bu oğlan sizin tanıdığınız alçaqlardan deyil! Qurtarın bu uydurma söhbəti!

Gülərin halı qalmamışdı daha. Getmək vaxtı idi. Son sözünü deməliydi amma.

- Məsləhət kimi çıxmasın, Yaqub müəllim, amma bir də kimisə belə tərifləməyin. Onu sizdən daha yaxşı tanıyan biri tapılar, yalançı çıxarsınız...
Redaktor tamam ciddiləşdi:

- Çox sağ olun, xanım, sizin mənə bir məsləhət verməyiniz qalmışdı, onu da eşitdim. Mən bu adamı yüz ildi tanıyıram! Halal olsun!

Gülər daha heç nə demədi. Başını aşağı salıb qapıya tərəf addımladı. Amma içindəki tərslik və qəzəb onun məğlub görkəmdə getməsinə imkan vermədi. Qapının qarşısında dayandı. Çevrilib hirsindən əlləri əsə-əsə portfelində valerian şüşəsi axtaran redaktora baxdı. Yaqub müəllim onun getmədiyini görüb daha da hirsləndi.

- Siz hələ burdasız? Sizin hələ deməyə sözünüz var?

- ...Var, Yaqub müəllim... Sizin yüz ildi tanıdığınız adam mənim yüz il əvvəl tanıdığım adamdı...

Redaktor portfelini qucaqlayıb yavaşca kresloya çökdü. Çevrilib oğlana baxdı. O, gözlərini yummuşdu.

...Seyf qapı hələ belə səssiz örtülməmişdi...

(Müəllifin "Oxu zalı"na təqdim etdiyi son variant)
XS
SM
MD
LG